RU

Süfrəmizdəki miraj : Narşərab, yoxsa rəngli aldanış?

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan mətbəxinin, xüsusilə də balıq və ət xörəklərinin ayrılmaz parçası olan narşərab haqqında danışanda ağlımıza ilk gələn təbiilik, turşməzə dad və cansağlığı olur. Lakin AQTA-nın Xəzər rayonu, Şüvəlan qəsəbəsində fəaliyyət göstərən bir müəssisədə aşkarladığı mənzərə bizə sənaye üsulu ilə hazırlanan "təbiiliyin" pərdəarxasını acı bir şəkildə göstərdi.

"Miraj" əmtəə nişanlı narşərabın istehsalında baş verənlər sadəcə texnoloji bir xəta deyil, həm də istehlakçı etimadına vurulan ciddi bir zərbədir. Yoxlama zamanı üzə çıxan faktlar adamı dəhşətə gətirir. Mənşəyi bilinməyən nar şirəsi və tərkibə qatılan süni rəngləyicilər.

Görünən odur ki, bəzi sahibkarlar üçün "narşərab" adı sadəcə bir etiketdən ibarətdir. İçində narın olub-olmaması, şirənin haradan gəlməsi sanki ikinci dərəcəli məsələdir. Əsas odur ki, rəngləyici ilə o "tünd qırmızı" effekti yaradılsın və alıcı vizual olaraq aldadılsın. Bu, sözün əsl mənasında süfrələrimizdə bir "miraj" yəni uzaqdan real görünən, yaxınlaşdıqda isə puç olan bir aldanış yaratmaqdır.

Müəssisədəki vəziyyət təkcə tərkiblə bitmir. Havalandırma sisteminin olmaması, təmizlik işlərinin aparılmaması və texnoloji prosesin ardıcıllığının pozulması o deməkdir ki, burada hazırlanan hər bir şüşə potensial zəhər mənbəyidir. Emal üçün lazımi avadanlığın belə olmadığı bir məkanda hansı keyfiyyət standartından söhbət gedə bilər?

Bu cür "sex" tipli istehsalat yerləri qida zəncirimizin ən zəif halqalarıdır. Havalandırmasız anbarlarda saxlanılan xammal və hazır məhsul, bakteriyaların və kif göbələklərinin inkişafı üçün ideal mühitdir.

AQTA-nın istehsalı dayandırması və "Miraj" partiyasının dövriyyədən çıxarılması, məhsulların geri çağırılması barədə qərarı çox yerində və zəruri bir addımdır. Lakin bu hadisə həm də biz istehlakçılar üçün bir siqnal olmalıdır.

Qida təhlükəsizliyi milli təhlükəsizlik qədər vacibdir. Bir sahibkarın mənfəət naminə insanların sağlamlığını riskə atması sadəcə inzibati protokol deyil, həm də mənəvi məsuliyyət daşıyır. Ümid edirik ki, bu cür yoxlamalar mütəmadi olacaq və "Miraj" kimi aldadıcı məhsullar süfrələrimizdən birdəfəlik silinəcək.

Unutmayaq ki, həqiqi narşərab günəşin və torpağın enerjisini özündə saxlayan şəfalı bir nemətdir. Onu kimyəvi laboratoriya məhsuluna çevirməyə çalışanlara isə ən böyük cəzanı elə biz məhsulu boykot edən istehlakçılar verməliyik.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
44
bizimyol.info

1Источники