RU

28 aprel işğalı olmaya bilərdimi? - 106 əvvəlin BU GÜNÜNƏ baxış

Azərbaycanın 28 aprel işğalından artıq 106 il ötür. Bu işğal ilə Azərbaycan Sovet İttifaqı tərkibinə daxil edildi və bununla da xalqın müstəqil dövlət quruculuğu cəhdlərinə ağır zərbə vuruldu. Bolşevik Rusiyasının 71 illik müstəmləkəçilik dövründə Azərbaycan saysız-hesabsız mənəvi basqılara, repressiyalara, qətl və qarətlərə məruz qaldı. Milli düşüncənin inkişafının qarşısını almaq üçün imperiya bütün vasitələrə əl atdı, xüsusilə də ziyalı təbəqəni hədəf aldı və onların böyük bir hissəsini fiziki olaraq məhv etdi.

 

Qalib

Musavat.com xatırladır ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin mayında yaradılaraq Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə düşmüşdü. Lakin bolşeviklər bu dövlətin yaranmasını ilk gündən qəbul etmədilər və onu devirmək, yenidən imperiya tərkibinə qatmaq üçün planlı şəkildə fəaliyyət göstərdilər. Nəhayət, cəmi 23 ay sonra bu məqsədinə nail oldular. XI Qızıl Ordu tərəfindən həyata keçirilən hərbi müdaxilə, qanlı əməliyyatlar və qətliamlar nəticəsində Azərbaycan yenidən Rusiyanın tərkibinə daxil edildi.

Bəs 28 aprel faciəsi baş verməyə bilərdimi?

Qeyd edək ki, Birinci Dünya Müharibəsi başa çatarkən həm Avropada, həm də Qafqazda geosiyasi vəziyyət son dərəcə mürəkkəb idi. Dünyanın aparıcı dövlətləri bir tərəfdən Qafqazda yeni yaranmış Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətləri alqışlayır, digər tərəfdən isə onların müstəqilliyini rəsmi şəkildə tanımağa tələsmirdi. Bunun əsas səbəbi isə regionda sovet Rusiyası kimi güclü və aqressiv bir qüvvənin mövcudluğu idi. Nəticədə böyük dövlətlər Qafqazı faktiki olaraq bolşevik Rusiyasının təsir dairəsinə buraxmağa üstünlük verdilər. Azərbaycanın beynəlxalq səviyyədə tam tanınmaması və ölkə daxilindəki ağır iqtisadi vəziyyət kommunistlərin və digər müxalif qüvvələrin təbliğat imkanlarını genişləndirdi. Bu təsirin qarşısını almaq üçün hökumət mətbuata nəzarəti gücləndirməyə çalışdı. 25 oktyabr 1919-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış mətbuat tənzimləməsi layihəsi parlamentdə geniş müzakirəyə çıxarıldı. Layihə xüsusilə dövri nəşrlərə müəyyən məhdudiyyətlərin tətbiqini nəzərdə tuturdu.

Ümumi

Parlament müzakirələri olduqca gərgin keçdi. Müsavat Partiyasından Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə və digər siyasi xadimlər layihəni müdafiə edirdilər. Müxalifətdən Əliheydər Pepinov və Səməd ağa Ağamalıoğlu isə bu qanunu sərt şəkildə tənqid edərək mətbuat azadlığına zərbə kimi qiymətləndirirdilər. Sosialistlər isə bu təşəbbüsü mətbuatın “boğulması” kimi dəyərləndirirdilər. Səsvermə zamanı layihə əvvəlcə rədd edilsə də, sonradan yenidən səsverməyə çıxarılaraq qəbul edildi. Bu addım bolşevik təbliğatının qarşısını almaq məqsədi daşıyırdı. Lakin daxili siyasi parçalanmalar vəziyyəti daha da mürəkkəbləşdirirdi. Müsavat Partiyasının daxilində belə hökumətin siyasətini tənqid edən güclü qruplar mövcud idi. Parlamentdə bitərəf qrupun liderləri Behbud xan Cavanşir və Məmməd Həsən Hacınski Rusiya ilə daha yaxın münasibətlərin tərəfdarı idilər. Bu isə bolşeviklərin Azərbaycana təsir imkanlarını artırırdı. 1920-ci ilin fevralında Azərbaycanda sol qüvvələrin Azərbaycan Kommunist Partiyası adı altında birləşməsi artıq real təhlükənin formalaşdığını göstərirdi. Eyni zamanda, Rusiyada vətəndaş müharibəsində bolşeviklərin üstünlük qazanması və Anton Denikin qüvvələrinin məğlubiyyəti XI Ordunun Qafqaza, xüsusilə Azərbaycana doğru irəliləməsini asanlaşdırdı.

Estoniya

1920-ci ilin aprelində hadisələr kulminasiya nöqtəsinə çatdı. Qafqaz Regional Komitəsi ilə koordinasiya edilən plan əsasında qiyam hazırlıqları sürətləndirildi. Aprelin 27-də Azərbaycan hökumətinə ultimatum verildi. Həmin gün kommunistlərin silahlı dəstələri Bakıda və ətraf ərazilərdə strateji obyektləri ələ keçirməyə başladılar. Poçt, teleqraf, radio stansiyaları, polis məntəqələri, neft sənayesi obyektləri və limanlar qısa müddətdə “Azrevkom” nəzarətinə keçdi. Diversiya qrupları rabitə xətlərini sıradan çıxardı və Bakı qarnizonu da qiyamçıların tərəfinə keçdi. Beləliklə, xalqın böyük qurbanlar bahasına əldə etdiyi müstəqillik süqut etdi. Dövlətin bütün atributları ləğv olundu və Azərbaycan sovet imperiyasının tərkibinə daxil edildi. 28 aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna son qoyuldu.

Lakin tarix bununla bitmədi. Azərbaycan xalqı öz azadlıq ideyasından heç vaxt vaz keçmədi. Uzun illər davam edən sovet hakimiyyətinə baxmayaraq, milli kimlik və müstəqillik arzusu qorunub saxlanıldı və nəhayət, Azərbaycanın müstəqilliyinin bərpası ilə bu ideya yenidən reallığa çevrildi.

Xalidə Gəray
Musavat.com

Избранный
81
musavat.com

1Источники