Daxili İşlər Nazirliyinin (DİN) Baş DYP İdarəsi aprelin 26-sı paytaxtda baş vermiş ağır yol qəzasının görüntülərini yayıb.
Publika.az quruma istinadən xəbər verir ki, qəzadan əvvəl nasazlıq səbəbindən yolda məcburi dayanan sürücünün digər hərəkət iştirakçılarını xəbərdar etmək niyyəti faydasız olub.
Belə ki, Şəban Həsənov idarə etdiyi “FAW” markalı yük avtomobilində yaranan texniki nasazlıq səbəbindən Yasamal rayonu ərazisindən keçən Kənar Dairəvi yolun 5-ci kilometrində məcburi dayanıb.
Qanunvericilikdə nəzərdə tutulan təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, təəssüf ki, Ş.Həsənov avtomobilin arxa hissəsində, qısa bir məsafədə yerə 2 əşya düzməklə kifayətlənib, bununla vəzifəsini yerinə yetirdiyini güman edib.
Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Cavadov vəziyyəti gec qiymətləndirib və gəldiyi sürətlə də yük avtomobili ilə toqquşub.