RU

Rusiya mediası Zelenskinin Azərbaycana səfərinə iki cür yanaşır - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Volodimir Zelenski Ukrayna Prezidenti seçiləndən bəri Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfərlər edib. Bu onun Azərbaycanla strateji tərəfdaşlığa verdiyi əhəmiyyətindən irəli gəlir. Volodimir Zelenskinin Qəbələdə səsləndirdiyi “Rusiya ilə növbəti danışıqları Azərbaycanda aparmağa hazırıq” təklifi bu siyasətin tərkib hissəsidir. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı ilə əməkdaşlığı dərinləşdirmək siyasətinə sadiqdir. Bunu prezidentlərin 4 il ərzində 7 dəfə görüşü sübut edir. Zelenski Azərbaycanın Ukraynaya verdiyi humanitar yardımı, enerji əməkdaşlığını, o cümlədən müharibədə valideynlərini itirən ukraynalı uşaqların Azərbaycanda reabilitasiya olunmasını yüksək qiymətləndirir. Volodimir Zelenski buna görə azərbaycanlı həmkarına hər dəfə minnətdarlığını bildirir. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi də hər zaman diqqət mərkəzindədir. Zelenskinin Azərbaycana budəfəki səfərinin əsas mahiyyətini hərbi-texniki əməkdaşlığın genişləndirilməsi təşkil edirdi”.

Bunu Hafta.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanla Ukrayna arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi hər iki dövlət üçün faydalıdır:

“Hər iki ölkə son illərdə hərbi-sənaye komplekslərini inkişaf etdiriblər. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda dronları olmayan Ukrayna üstündən 4 il keçdikdən sonra pilotsuz uçuş aparatlarının istehsalına görə dünya liderləri arasında yer alıb. ABŞ və İsrail İrana qarşı müharibəyə başladıqda Körfəz ölkələri İran dronlarının hədəfinə çevrildi. ABŞ-ın bahalı “Patriot” raketləri İran dronlarını havada neytrallaşdırmağa çalışsa da, bəzilərini hədəfdən yayındıra bilmədi. Ukrayna isə Rusiya ilə müharibədə dronlarla yanaşı dron-tutucularının istehsalını da genişləndirib. Ukrayna dronlar və dron-tutucuları vasitəsilə Rusiya ilə min kilometrlərlə uzanan cəbhə boyu inteqrasiya olunmuş müdafiə modeli formalaşdırıb. Rusiyanın işğalı genişləndirə bilməməsinin səbəblərindən biri budur. Bu model və istehsalı ucuz başa gələn dron-tutucuları İran hücumlarına məruz qalan Körfəz ölkələrinin diqqətini cəlb etdiyindən Ukrayna Prezident Volodimir Zelenkisini ölkələrinə dəvət etdilər. Ukrayna Prezidenti Körfəz ölkələrinin tamamını ziyarət etdi. Ukrayna dost və tərəfdaş dövlətlərə pilotsuz uçuş aparatlarının birgə istehsalını təklif edib. Ukraynanın birgə istehsalı təşkil etmək üçün bu sahəyə investisiyalara ehtiyacı var. Varlı Körfəz ölkələri bu sahəyə investisiyanı təmin edəcək, bunun qarşılığında isə Ukrayna ilə birgə istehsalın məhsullarından faydalanacaqlar. Azərbaycan da bu formatda Ukrayna ilə əməkdaşlığı genişləndirməyə hazırdır. Ukrayna kimi Azərbaycan da dron istehsalında uğurlar qazanıb, Türkiyə ilə birgə istehsal mövcuddur, eyni zamanda bu fəaliyyətin Ukrayna ilə davamı da mümkündür”.

Politoloq Ukrayna prezidentinn Azərbaycan səfərinin dünya mediasında necə təhlil olunması məsələsinə də diqət çəkib. Bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri Rusiya mediasında xüsusilə izlənir:

“Rusiya Ukraynaya qarşı işğalçı müharibə apardığına görə, Volodimir Zelenskinin xarici ölkələrə səfərlərini az qala lupa ilə izləyir, onun müxtəlif ölkələrlə əldə etdiyi razılaşmaların analizini aparırlar. Bu mənada Rusiya mediasının Zelenskinin Azərbaycana səfərinə iki cür yanaşması müşahidə edilir. Rusiya mediasının bir hissəsi sadəcə Zelenskinin səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə əldə edilən razılaşmalar barədə xəbərlər yayımlayıblar. Rusiya mediasının digər hissəsi isə Ukrayna-Azərbaycan əməkdaşlığının guya Rusiya əleyhinə yönəldiyini iddia ediblər, saytların birində hətta “Azərbaycan Rusiyaya arxadan zərbə vurdu” ifadəsinə rast gəldim. Kimin kimə arxadan zərbə vurduğunu 2024-cü ildə Azərbaycanın mülki təyyarəsinin Rusiyanın hava sahəsində raketlə vurulması və vətəndaşlarımızın həlak olması əyani göstərib. Rusiya tərəfdən yüksək səviyyədə verilən vədlərə baxmayaraq, ölənlərin ailələrinə və yaralılara təzminat hələ də ödənməyib”.

E.Şahinoğlu onu da qeyd edib ki, Zelenskinin İlham Əliyevlə birgə mətbuat konfransında “Ukrayna və Rusiya nümayəndələri arasında növbəti görüşün Azərbaycan keçirilməsini təklif edirəm” bəyanatına da şimal qonşumuzdan ikili reaksiya var:

“Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Vladimir Cabarov danışıqların Azərbaycanda keçirilməsini mümkün hesab edib. Onun həmkarı, Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin isə görüşün Azərbaycanda keçirilməsinin əleyhinə olduğunu bildirib. Erməni radikallarla işbirliyi içərisində olan Zatulindən başqa reaksiya gözləmək təəccüblü olardı. Həmin komitənin digər sədr müavini Viktor Vololatskiy də Zatulinlə eyni mövqedən çıxış edib. Bunlara elə gəlir ki, Rusiya və Ukrayna təmsilçilərinin Bakıda görüşünün təşkili xarici siyasətimizin əsas hədəflərindəndir. Bu Zelenskinin təklifidir. Ukrayna Prezidenti Azərbaycanın balanslaşdırılmış xarici siyasətinə istinad edərək görüş yeri kimi ölkəmizi təklif edib. Bizim belə bir təcrübəmiz var. Vaxtilə Türkiyə və İsrail arasında danışıqlar Bakıda aparılıb, elə Rusiya Baş Qərargahının rəisi də vaxtilə NATO komandanlığı ilə bir neçə dəfə paytaxtımızda görüşüb. Aydındır ki, Moskva Ukrayna təmsilçiləri ilə görüşün Azərbaycan ərazisində keçirilməsinə tərəfdar olmayacaqsa, mümkün görüş başqa ölkədə keçiriləcək. Bu bizim üçün problem olmayacaq, təki müharibəyə son qoyulsun.

O ki qaldı, Rusiyanın bəzi dairələrində səslənən “Azərbaycan niyə Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirmək istəyir” sualının səslənməsinə, bu bizim daxili işimizdir. Azərbaycanın müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib, müdafiə gücümüzün artırılmasına yönəlib. Rusiyanın siyasi dairələrində hələ də bunu anlamaq istəməyənlər varsa, bu onların öz işidir. Biz isə dost və tərəfdaş dövlətlərlə müdafiə və hərbi gücümüzü artıracaq layihələrdə iştirakımızı davam etdirməliyik”.

Избранный
26
2
hafta.az

10Источники