RU

Faiq Həsənov: Gənc şahmatçılarımız “Baku Open”ə ciddi hazırlaşıblar

Bakı, 28 aprel, AZƏRTAC

“Baku Open” ənənəvi turnirdir və hər il olduğu kimi, bu dəfə də festivala bir sıra tanınmış şahmatçılar qatılıb.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov bu gün Bakıda start götürən “Baku Open” beynəlxalq şahmat festivalı ilə bağlı danışarkən deyib.

O bildirib ki, yarış A, B və C qrupları üzrə təşkil olunur və hər kateqoriya öz səviyyəsinə uyğun rəqabət mühiti yaradır.

“Turnirin A qrupunda əsasən yüksək reytinqli qrossmeysterlər mübarizə aparırlar. Onların arasında ukraynalı keçmiş dünya çempionu Ruslan Ponomariovu da qeyd etmək olar. B qrupu daha geniş spektrli peşəkar şahmatçıları, C qrupu isə əsasən gənc və uşaq şahmatçıları əhatə edir. Xüsusilə C qrupunda iştirakçı sayı hər il olduğu kimi bu dəfə də yüksəkdir. Yarışda ölkəmizi təmsil edən gənc şahmatçılarımız da mübarizə aparırlar. Onlar turnirə ciddi hazırlaşıblar və yüksək nəticələr üçün çıxış edirlər. Federasiya olaraq onlara böyük inamımız var”, - deyə AŞF-nin vitse-prezidenti vurğulayıb.

Faiq Həsənovun sözlərinə görə, “Baku Open” kimi beynəlxalq turnirlərin keçirilməsi Azərbaycanda şahmatın inkişafına mühüm töhfə verir: “Belə yarışlar həm təcrübənin artırılması, həm də gənc şahmatçıların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə ölkəmizdə həyata keçirilən “Chess Tour” layihəsi də bu istiqamətdə vacib rol oynayır. Bütün bunlar Azərbaycanın artıq regionda və dünyada şahmat ölkəsi kimi tanındığını bir daha təsdiqləyir”.

Qeyd edək ki, “Baku Open” beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50 dollar təşkil edir. Bakı Kristal Zalında gerçəkləşən yarışa mayın 6-da yekun vurulacaq.

Избранный
57
1
azertag.az

2Источники