RU

Uşaqların diş qoruyucuları xəstəlik mənbəyi ola bilər

Avstraliyalı alimlərin apardığı yeni araşdırma idmançı uşaqların istifadə etdiyi diş qoruyucularının ciddi infeksiya mənbəyi ola biləcəyini üzə çıxarıb. 

“MedicalXpress” portalının məlumatına görə, 12 yaşınadək futbolçuların ləvazimatları üzərində aparılan mikroskopik analizlər zamanı həm qoruyucuların, həm də onların saxlama qablarının üzərində 17 növ zərərli bakteriya aşkar edilib. Tədqiqatçılar bildiriblər ki, bu mikroblar diş çürüməsi və ağız yaraları ilə yanaşı, tənəffüs yolu ilə ciyərlərə düşərək daha ciddi infeksiyalara da səbəb ola bilər.

Məlum olub ki, qoruyucunu sadəcə su ilə yaxalamaq bakteriyaların yalnız 60-70 faizini təmizləyir ki, bu da kifayət deyil. Materialın üzərində yaranan gözlə görünməyən kiçik cızıqlar və çatlar bakteriyalar üçün ideal sığınacaq yaradır. Alimlərin rəyinə görə, ən effektiv təmizləmə üsulu qoruyucunu hər istifadədən sonra diş fırçası və məcunla yaxşıca fırçalamaqdır, bu üsul zərərli mikroorqanizmlərin 98 faizini məhv edir.

Mütəxəssislər valideynlərə və məşqçilərə xəbərdarlıq edərək bildirirlər ki, uşaqlar oyun zamanı qoruyucuları çeynəməməli, onları çirkli çantalara və ya ciblərə qoymamalıdırlar. Sağlamlığı qorumaq üçün ləvazimatlar hər dəfə yuyulmalı, tam qurudulmalı və kələ-kötürləşmiş və ya çatlamış qoruyucular dərhal yenisi ilə əvəz olunmalıdır. Digər idman avadanlıqları kimi diş qoruyucuları da hər oyundan sonra ciddi gigiyenik qulluq tələb edir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
57
azerbaijan-news.az

1Источники