Bakı, 28 aprel, AZƏRTAC
Bu il martın sonlarında və aprelin əvvəllərində respublikamızın şimal rayonlarında və Abşeron yarımadasında yağıntıların miqdarı həddən artıq çox olub. İlkin məlumatlara görə, Abşeron yarımadası ərazisində üç gün ərzində düşən yağıntının miqdarı 143 millimetr olub. Abşeron yarımadası üçün isə illik statistik norma 250 millimetrdir. Üç gün ərzində düşən yağıntılar illik orta statistik normanın təxminən 60 faizə yaxınını təşkil edib. Təbii ki, bu cür hadisələr özlərindən sonra müəyyən fəsadlar yaradır. Hadisə nəticəsində həm vətəndaşlarımıza, həm onların fərdi təsərrüfatlarına, həm biznes strukturlarına, həm də bir çox dövlət qurumlarının infrastruktur obyektlərinə xeyli ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsi Elxan Əsədov deyib.
Onun sözlərinə görə, hadisə baş verən kimi Prezident İlham Əliyevin tapşırığı ilə FHN-in müvafiq qurumlarının əməkdaşları hadisə zonasına göndəriliblər. Əsasən ilk növbədə axtarış-xilasetmə işləri həyata keçirilib. Bununla bərabər nazirliyin mütəxəssisləri tərəfindən vətəndaşların fərdi yaşayış evlərinə, nəqliyyat mühəndis infrastrukturu obyektlərinə dəymiş ziyan müəyyən olunub, müvafiq aktlar tərtib edilib, qısa bir müddət ərzində həmin aktlar müvafiq dövlət orqanlarına təqdim edilib: "Bu işlərdə biz, eyni zamanda, yerli icra hakimiyyəti orqanlarının və kommunikasiya sisteminin mülkiyyətçiləri ilə bərabər araşdırma işlərində iştirak etmişik. Qısa müddət ərzində yuxarı dövlət orqanlarına təqdim olunmuş arayışlar araşdırılıb, bu gün, yəni aprelin 28-də Prezident İlham Əliyev tərəfindən “Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb. Həmin Sərəncamla Fövqəladə Hallar Nazirliyinə, bəzi yerli icra orqanlarına, yol nəqliyyat və mühəndis kommunikasiya infrastrukturu sahiblərinə, dövlət orqanlarına müəyyən vəsaitlər ayrılıb ki, həmin ziyanı vaxtında aradan qaldırsınlar. Belə proqnozlaşdırılmayan və həqiqətən də, təbii fəlakət yaradan hadisələr dünyanın bir çox ölkələrində baş verir. Planetdə gedən iqlim dəyişiklikləri nəticəsində həmin hadisələrin sayı son vaxtlar daha da artmaqdadır. Dünyanın heç bir ölkəsində dəymiş ziyanın əvəzi dövlət tərəfindən vətəndaşlara və yaxud biznes qurumlarına ödənilmir. Dövlət öz vəsaiti hesabına yalnız özünə məxsus mühəndis, şəhər və abadlıq infrastrukturunu bərpa edir. Digər vətəndaşlar və biznes qurumları isə dəymiş ziyanı sığorta orqanları vasitəsilə əldə edib, aradan qaldırırlar. Son illərdə respublikamızda bir neçə belə hadisə baş verib. 2010-cu ildə Kür-Araz daşqınları, 2012-ci ildə respublikanın şimal-qərb zonasında, 2019-cu ildə Şamaxı, Qax, Ağsu rayonları ərazisində baş vermiş zəlzələlərdə dövlət böyük bir humanistlik göstərərək, vətəndaşlara dəymiş ziyanın demək olar ki, hamısını öz vəsaiti hesabına aradan qaldırıb. Lakin vətəndaşlarımız da düşünməlidirlər ki, artıq vaxtlı-vaxtında sığorta orqanlarına müraciət etmək lazımdır. Respublikamızda son vaxtlarda sığorta şirkətlərinin sayı çoxalıb və onlar arasında rəqabət də buna müvafiq olaraq artıb. Biz vətəndaşları, biznes strukturlarının nümayəndələrini, təbii fəlakətlərin zərərindən sığortalanmaq üçün sığorta şirkətlərinə müraciət etməyə çağırırıq. Siz bu addımınızla həm də dövləti bəzi əlavə artıq maliyyə xərclərindən azad etmiş olursunuz. Həmin xərclərə respublikada böyük ehtiyac var. İşğaldan azad edilmiş ərazilərdə çox böyük quruculuq işləri gedir, vətəndaşların sosial rifahı üçün vəsaitlər ayrılır. Odur ki, vətəndaşların vaxtlı-vaxtında sığorta orqanlarına müraciəti dövləti digər bu kimi qayğılardan azad etmiş olur".