17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar ölkə ictimaiyyətinin tədbir barədə məlumatlandırılması məqsədilə müxtəlif şəhərlərdə WUF13 Festivalı təşkil ediləcək.
Festival proqramı 30 aprel tarixində başlayaraq müxtəlif şəhərlərdə davam edəcək: Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi, Sumqayıt və Bakı tədbirlərin evsahibliyi edəcəyi şəhərlər sırasındadır.
Proqram iki əsas hissədən ibarət olacaq. Günün birinci yarısında universitetlərdə məlumatlandırma sessiyaları təşkil ediləcək, iştirakçılar WUF13 və onun məqsədləri barədə ətraflı məlumat əldə edəcəklər. Günün ikinci yarısında isə açıq havada ictimai proqramlar keçiriləcək.
Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər problemləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Festival həmçinin WUF13-ün əsas mövzusunu və ideyalarını ətraflı təqdim edəcək, şəhərsalma sahəsində yeni yanaşmaların təşviqinə xidmət edəcək.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”