RU

Qoşa qanadlı "Günəşli"

Xəzərin qoynundakı bu neft yatağının həm dayaz, həm dərin hissəsi bol sərvətlidir

Bu, qocamam bir neftçinin söylədiklərindəndir. Ulu   Öndər Heydər Əliyev 1970-ci illərdə Neft Daşlarına səfərlərinin birində estakada üstündə neftçilərlə səmimi söhbət edirmiş. Birdən baxışları uzaqlara, dənizlə səmanın sanki birləşdiyi nöqtəyə zillənir. Sonra yenidən üzünü neftçilərə, əlini üfüqə tərəf uzadaraq deyir ki, qazanılan nailiyyətlərlə kifayətlənmək olmaz, indi oranı, irəlini, dənizin daha dərin hisslərini kəşf etmək, işləmək  lazımdır... 

Bu, Xəzərin o ərazisi idi ki, indi orada "Günəşli" yatağı yerləşir. "Günəşli" nəhəng yataqdır. Bakı şəhərindən 120 kilometr şərqdə, Neft Daşlarından  12 kilometr cənub-şərqdə yaşı onilliklərlə ölçülən özüllər və ən müasir platformalarla "məskən salıb". Belə ki, yataq dayazsulu və dərinsulu  olmaqla iki hissəyə bölünür. Onun ərazisində suyun dərinliyi 80 metrdən bir neçə yüz  metrədək dəyişir.  "Günəşli" qırışığı "Çilov-Neft Daşları" antiklinal qırışıqlıq qurşağına daxildir. 

"Günəşli" yatağının dayazsulu hissəsi  SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azneft" İstehsalat Birliyinin 28 May adına NQÇİ tərəfindən istismar olunur. Dərinsulu hissəsi isə  "Əsrin müqaviləsi"nin tərkib hissəsidir.

Doğrudur, "Günəşli" strukturu hələ 1958-1963-cü illərdə seysmik kəşfiyyat işləri nəticəsində müəyyən olunmuşdu. Lakin burada  1 nömrəli kəşfiyyat quyusu 1977-ci ildə qazıldı  və yatağın istismarına başlanıldı.

"Günəşli" nefti yüksək keyfiyyətə malikdir - o, tərkibinə və özlülüyünə görə "Azeri Light" markasına tam uyğundur. Yataqdan çıxarılan  neft olduqca yüngüldür, onun tərkibində asfalten, qətran və parafinin miqdarı azdır. Şəffaf məhsulların (benzin, kerosin, liqroin, dizel yanacağı və s.) miqdarı 50 faiz təşkil edir.

"Azneft"  üzrə hasilatın  yarıdan  çoxunu dayaz "Günəşli"   verir. Yataqda 14 dərin dəniz özülü fəaliyyət göstərir. Burada  indiyədək 370-dən çox quyu qazılıb ki, onların çoxu hazırda istismardadır. İşlənmənin əvvəlindən başlanan neft  hasilatı (kondensatla birlikdə)  keçən il 210 milyon tona çatmışdır. İndiyədək "Günəşli"dən böyük həcmdə qaz da hasil olunub.

"Günəşli"də (dayaz sulu hissəsi) maksimal hasilat 1991-ci ilə təsadüf edib. Həmin il 114 işlək quyudan 6,7 milyon ton neft çıxarılıb. Burada maksimal qaz hasilatı isə 2008-ci ildə 6,6 milyard kubmetr olub. Yataq hazırda işlənməsinin üçüncü mərhələsindədir.

2024-cü ilin sentyabr ayında SOCAR-la ABŞ-nin "Halliburton" şirkəti arasında "Texniki xidmətlərin göstərilməsi"nə dair razılaşma əldə olunub. Sənəd "Günəşli" yatağının qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır.

"Dərinsulu Günəşli"dən hasilata başlanması isə Azərbaycanın yeni neft strategiyasının daha bir qələbəsi idi. Bu tarixi hadisə 2008-ci ilin aprel ayında baş verdi.

Bu, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları haqqında bədgüman olanlara, Azərbaycanda Bakı-Tbilisi-Ceyhan kəmərini doldurmaq üçün yetərincə neftin olmadığını deyənlərə tutarlı cavab idi.

AÇG-nin digər yataqlarından olduğu kimi, "Dərinsulu Günəşli"dən də ilk neft öncədən qazılmış quyulardan alındı. Bu cür quyular, adətən, əvvəlcədən qazılır və platforma tam quraşdırılandan sonra ona birləşdirilərək işə salınır. Daha sonra platformanın özündən quyuların qazılmasına başlanır. Quyuların sayı çoxaldıqca, hasilat da artır.

"Dərinsulu Günəşli" kompleksi "Günəşli" yatağının şərqində, suyun dərinliyinin 175 metr olduğu ərazidə yerləşir. O, iki nəhəng dəniz qurğusundan ibarətdir. Bunlardan birincisi qazma, texnoloji təchizat və yaşayış platformasıdır. İkincisi isə hasilat, kompressor, suvurma və texnoloji təchizat platforması adlanır. Platformalar arasında körpü salınıb.

Qazma, texnoloji təchizat və yaşayış platformasının üst modulları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilib. Qurğunun dayaq bloku da BDÖZ-də tikilib, 2006-cı ilin payızında daşıma barjı üzərinə yüklənib və 2007-ci ilin yazında dənizə yola salınıb. İkinci platformanın dayaq bloku həmçinin BDÖZ-də inşa edilib. 

Dayaq blokları zavodun "BOS-Şelf" tikinti-quraşdırma sahəsində araya-ərsəyə gəlib. BDÖZ-də əsas işlər AÇG layihəsinin əməliyyatçısı olan BP-nin həmin vaxtdakı podratçılarından biri - "MakDermott" (ABŞ) şirkəti tərəfindən görülürdü. Bu, bütün dünyada platformaların tikintisində və sualtı boruların çəkilişində zəngin təcrübəsi olan şirkətlərdəndir. AÇG-nin əvvəlki platformalarının və dənizdən Səngəçaladək uzanan sualtı neft və qaz kəmərlərinin inşaatçısı da "MakDermott" olub. Hasilat, kompressor, suvurma və texnoloji təchizat platformasının üst modulları isə Bibiheybətdəki  tikinti-quraşdırma sahəsində inşa edilib. 

Sualtı xətlər bu kompleksi "Azəri" yatağından çəkilmiş 30 düymlük iki neft və 28 düymlük bir qaz kəməri şəbəkəsinə birləşdirir. "Dərinsulu Günəşli"dən əldə olunan hasilat həmin sualtı borularla Səngəçal terminalına nəql edilir.

"Dərinsulu Günəşli"ni digər layihələrdən fərqləndirən onun əlavə bir proqramının olmasıdır. Bu, əvvəlki yataqların işlənməsində rast gəlinməyən sualtı suvurma proqramıdır. Proqramın həyata keçirilməsi yataqdakı quyuların platformadan aralıda yerləşməsi səbəbindən irəli gəlir və onun məqsədi, qısaca desək, hasilatın sabit saxlanılmasına və artırılmasına xidmət edir.

"Dərinsulu Günəşli"nin dənizdəki və qurudakı genişmiqyaslı, çoxşaxəli tikinti-quraşdırma işlərini onlarca podratçı və subpodratçı müəssisə, minlərlə yerli və xarici vətəndaş həyata keçirmişdir.

Yeri gəlmişkən, AÇG-dəki iştirak paylarını xatırladaq: BP (30,37 faiz), SOCAR (31,65 faiz), "MOL Group" (9,57 faiz), INPEX (9,31 faiz), "ExxonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), "ONGC Videsh Limited"  (2,92 faiz).

Bu gün AÇG-nin digər yataqlarında olduğu kimi, "Dərinsulu Günəşli"də də hasilat sabit və təhlükəsiz şəkildə davam edir. Platformada maksimal illik neft hasilatı 2014-cü ildə qeydə alınıb. Həmin il burada 7,2 milyon ton neft çıxarılıb, gündəlik orta neft hasilatı 145,9 min barel təşkil edib. Ümumilikdə istismara verildiyi vaxtdan indiyədək "Dərinsulu Günəşli" platformasından 657 milyon barel və ya 89 milyon ton neft çıxarılıb.

AÇG-nin, o cümlədən "Dərinsulu Günəşli"nin salnaməsi yeni hadisələr, yeni uğurlarla zənginləşir. 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın neft-qaz resursları, eləcə də "Azəri-Çıraq-Günəşli" yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun müddət ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək. 

AÇG-nin laylarındakı sabit təbii qaz (STQ) da məhz bunu təsdiqləyir. STQ-nin hasilatına bu il başlanması gözlənilir.

Flora SADIQLI,

"Azərbaycan"

Избранный
50
azerbaijan-news.az

1Источники