Paris, 29 aprel, AZƏRTAC
Fransa Milli Assambleyasındakı sosialistlər qrupu ölkədə 2017-ci ildən bəri artan yoxsulluğun səbəblərini araşdırmaq məqsədilə xüsusi komissiya yaratmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, məqsəd islahatların təsirini qiymətləndirmək, mövcud siyasətlərin çatışmazlıqlarını müəyyənləşdirmək və gələcək tövsiyələr hazırlamaqdır.
Sosialistlərin açıqlamasına görə, komissiya iqtisadi, vergi və sosial sahələrdə 2017-ci ildən bəri həyata keçirilmiş islahatların mənzil, işsizlik sığortası və pensiya sahəsindəki təsirini təhlil edəcək.
Sosialistlər Milli Statistika və İqtisadi Araşdırmalar İnstitututunun (INSEE) məlumatlarına əsaslanaraq, 2023-cü ildə Fransada 9,8 milyon insanın yoxsulluq səviyyəsinin altında yaşadığını və bunun 2017-ci ildəkindən 1,2 milyon nəfər çox olduğunu və əhalinin 15,4%-ni təşkil etdiyini bildiriblər.
Komissiya, xüsusilə yaşlı işçilər və 65 yaşdan yuxarı şəxslərin yoxsulluq səviyyəsində artımını qeyd edərək, bu qrupun vəziyyətinin təhlil edilməsinin vacib olduğunu bildirir.
Hesabatın oktyabr ayının sonu və ya noyabr ayının əvvəlində təqdim olunması gözlənilir – bu, 2027-ci il prezident seçkilərindən bir neçə ay əvvəl baş verəcək.
Fransada yoxsulluq, əhalinin orta gəlirinin 60%-indən aşağı gəlirə malik olan hissəsi kimi müəyyən edilir. Bu göstərici iqtisadi və sosial bərabərsizliyi ölçmək üçün istifadə olunur.