RU

Hərbçilərlə bağlı YENİLİK: Jeton nə üçün veriləcək?

Azərbaycan Milli Məclisinin mayın 1-də keçiriləcək iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna mühüm dəyişikliklərin edilməsi gözlənilir. Təklif olunan yeniliyə əsasən, qanunvericiliyə “hərbi qulluqçuların şəxsi jetonu” anlayışı daxil edilir.

Bu jetonlar həlak olmuş, yaralanmış və ya tanınmaz hala düşmüş hərbi qulluqçuların şəxsiyyətini operativ müəyyən etmək, həmçinin onlara təcili tibbi yardım göstərilməsi zamanı qan qrupu kimi həyati vacib məlumatları dərhal əldə etmək üçün nəzərdə tutulub. Hər bir hərbi qulluqçu xidmət etdiyi dövlət orqanı tərəfindən fərdi identifikasiya nömrəsi və qan qrupunu özündə əks etdirən bu xüsusi nişanla təmin olunacaq.

Kəndimizin

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu addım ordumuzun müasir standartlara uyğunlaşması baxımından gecikmiş, lakin çox zəruri bir qərardır: “Dünyanın bütün müasir ordularında hərbi qulluqçunun şəxsi jetonu onun hərbi geyiminin ayrılmaz hissəsidir. Bu nişanlar xüsusilə döyüş şəraitində hərbçinin fərdi məlumatlarının qorunması və ekstremal vəziyyətlərdə onun kimliyinin sürətli müəyyənləşdirilməsi üçün ən etibarlı vasitədir. İndiyə qədər bizdə bu məsələ fərqli formalarla tənzimlənsə də, qanunvericilik səviyyəsində vahid jeton sisteminə keçid idarəetməni daha da asanlaşdıracaq”.

Ekspert qeyd edib ki, jetonların tətbiqi həm də tibbi xidmətin operativliyinə birbaşa təsir göstərəcək: “Döyüş meydanında yaralanan hərbçiyə tibbi yardım göstərilərkən saniyələr belə böyük əhəmiyyət kəsb edir. Jetonun üzərində qan qrupunun olması tibb personalına vaxt itirmədən müdaxilə etmək imkanı verir. Eyni zamanda, ən ağır şəraitdə belə hərbi qulluqçunun uçotunun itməməsi, onun taleyi barədə məlumatların dəqiqliyi bu sistem sayəsində təmin olunur. Bu, həm də şəhid ailələrinin və yaralı yaxınlarının məlumatlandırılması prosesində yarana biləcək qeyri-müəyyənlikləri aradan qaldırır”.

Üzeyir Cəfərov əlavə edib ki, jeton sisteminin üstünlükləri təkcə döyüş dövrü ilə məhdudlaşmır: “Şəxsi jeton hərbi qulluqçunun bütün xidmət dövrü ərzində onun daimi müşayiətçisidir. Bu nişanların hazırlanması, onların itirilməyən və yanmayan materiallardan olması hərbçinin fərdi kimliyinin hər bir halda sığortalanması deməkdir. Milli Məclisdə qəbul ediləcək bu dəyişiklik hərbi idarəetmənin təkmilləşdirilməsi və hər bir əsgərimizin şəxsi məlumatlarının dövlət səviyyəsində daha ciddi uçota alınması yolunda atılmış mühüm addımdır”.

Tunar,
NOCOMMENT.az

Избранный
75
nocomment.az

1Источники