RU

Orta Dəhliz və enerji təhlükəsizliyi: Azərbaycanın Avropa üçün artan strateji rolu

Bakı, 29 aprel, AZƏRTAC

Orta Dəhlizin sürətlə inkişafı, qlobal ticarət zəncirlərində baş verən dəyişikliklər və enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması fonunda Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti daha da güclənir.

Bu barədə AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert, Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar bildirib.

Ekspertin fikrincə, dünya iqtisadiyyatında yeni güc balansının formalaşdığı bir dövrdə nəqliyyat və enerji marşrutları dövlətlərin geosiyasi rolunu müəyyən edən əsas faktorlardan birinə çevrilib: “Bu kontekstdə Orta Dəhliz Avropa ilə Asiya arasında yalnız alternativ yol deyil, həm də təhlükəsiz və davamlı iqtisadi inteqrasiyanın əsas sütunlarından biri kimi çıxış edir. Azərbaycanın bu dəhlizdə yerləşməsi və təşəbbüskar mövqeyi ölkəni regionun əsas strateji aktorlarından birinə çevirib. Azərbaycanın son illərdə nəqliyyat-logistika sahəsində həyata keçirdiyi layihələr Orta Dəhlizin rəqabət qabiliyyətini artırıb. Müasir dəmir yolları, avtomobil magistralları, Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar və logistika mərkəzləri bu marşrutun effektivliyini təmin edən əsas komponentlərdir. Bu infrastruktur sayəsində yüklərin çatdırılma müddəti azalır, təhlükəsizlik səviyyəsi yüksəlir və ticarət dövriyyəsi genişlənir”.

O vurğulayıb ki, Avropa üçün enerji təhlükəsizliyi məsələsi artıq yalnız iqtisadi deyil, həm də siyasi sabitliyin əsas şərtlərindən biri kimi qiymətləndirilir. Mövcud geosiyasi reallıqlar fonunda enerji mənbələrinin şaxələndirilməsi və etibarlı tərəfdaşların seçilməsi Avropa ölkələri üçün prioritet istiqamətlərdəndir. Bu baxımdan Azərbaycan uzunmüddətli və sabit enerji siyasəti ilə seçilən nadir tərəfdaşlardan biridir.

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələri Avropanın enerji təminatında mühüm rol oynayır və bu layihələr qitənin enerji təhlükəsizliyinə ciddi töhfə verir. “Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, eyni zamanda, enerji təhlükəsizliyinin təminatçısıdır. Azərbaycanla əməkdaşlıq Avropa üçün həm iqtisadi, həm də siyasi baxımdan etibarlı seçimdir”, – deyə Bilal Dündar bildirib.

Ekspert əlavə edib ki, Azərbaycanın enerji strategiyası artıq yeni mərhələyə qədəm qoyub. Xüsusilə bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr ölkənin gələcək perspektivlərini daha da genişləndirir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində reallaşdırılan “yaşıl enerji zonası” təşəbbüsləri Azərbaycanın Avropaya alternativ və ekoloji cəhətdən təmiz enerji ixrac etmək potensialını artırır.

Bilal Dündar qeyd edib ki, Orta Dəhlizin inkişafı regional əməkdaşlıq formatlarını da gücləndirir. Bu layihə iştirakçı ölkələr arasında iqtisadi inteqrasiyanı dərinləşdirir, qarşılıqlı etimadı artırır və yeni tərəfdaşlıq modellərinin formalaşmasına şərait yaradır. Azərbaycanın bu prosesdə aktiv iştirakı isə onun beynəlxalq nüfuzunu daha da yüksəldir.

Onun fikrincə, Azərbaycanın çoxşaxəli və balanslı xarici siyasəti ölkənin uğurlarının əsasını təşkil edir: “Rəsmi Bakı müxtəlif geosiyasi mərkəzlər arasında körpü rolunu oynayaraq həm Şərq, həm də Qərb ilə qarşılıqlı faydalı əməkdaşlıq qurur. Bu yanaşma Azərbaycanın beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edir. Yaxın illərdə Orta Dəhliz üzrə daşımaların həcmi əhəmiyyətli dərəcədə artacaq və bu, Azərbaycanın tranzit potensialını daha da gücləndirəcək. Bununla yanaşı, ölkənin logistika və nəqliyyat sektorunun inkişafı iqtisadi şaxələndirməni sürətləndirəcək, qeyri-neft sektorunun payını artıracaq və yeni investisiya imkanları yaradacaq”.

Bilal Dündar vurğulayıb ki, Azərbaycanın həm enerji, həm də nəqliyyat sahəsində paralel inkişaf strategiyası onu Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirir: “Bu gün Azərbaycan regional sabitliyin təminatçısı, enerji təhlükəsizliyinin mühüm iştirakçısı və qlobal ticarət marşrutlarının əsas halqalarından biri kimi çıxış edir”.

Ekspert qeyd edib ki, Orta Dəhlizin genişlənməsi və enerji layihələrinin dərinləşməsi Azərbaycanın qlobal mövqeyini daha da möhkəmləndirəcək: “Azərbaycanın artan strateji rolu yalnız bu günün deyil, gələcəyin də reallığıdır. Avropa ilə əməkdaşlığın genişlənməsi isə bu prosesin davamlı olacağını göstərir”.

Müxbir - Vüqar Qurbanoğlu

Избранный
68
1
azertag.az

2Источники