RU

İnvestorların yeni ünvanı: qeyri neft sektoru və 28 faizlik özəl sərmayə artımı

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan iqtisadiyyatında son illərdə müşahidə olunan əsas istiqamətlərdən biri iqtisadi diversifikasiyanın daha sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsidir. 2025–2026-cı illər bu prosesin artıq real nəticələr verdiyi mərhələ kimi görünür. Xüsusilə qeyri-neft sektoruna yönələn investisiya axınlarının artması iqtisadi modelin dəyişimini sürətləndirən əsas amillərdən biridir.

2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 129 milyard manatı ötüb, artım tempi 1,4 faiz səviyyəsində qeydə alınıb. Bu artımın əsas yükünü məhz qeyri-neft sektoru daşıyıb.

Neft-qaz sahəsində azalma müşahidə olunsa da, qeyri-neft sektorunda 2,7 faiz artım var. Bu dinamika uzunmüddətli strategiyanın real nəticəsi kimi qiymətləndirilir.Son illərdə dövlətin investisiya təşviqləri, vergi güzəştləri və infrastruktur layihələri qeyri-neft sahələrinin cəlbediciliyini artırıb.

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qeyri-neft sektorunun ÜDM-də payının 60 faizdən yuxarı qalxması iqtisadiyyatın tədricən enerji resurslarından asılılığının azalmasını göstərir. 2025-ci ildə bu sektorun ÜDM-də həcmi 80 milyard manatı keçib və artıq iqtisadiyyatın əsas dayaqlarından birinə çevrilib.

Onun sözlərinə görə, investisiya axınlarının strukturu da diqqət çəkir. 2025-ci ilin ilk yarısında xarici investisiyalarda təxminən 30 faizlik artım qeydə alınıb. Özəl sektor investisiyaları 16 faizdən çox yüksəlib. Daha mühüm məqam qeyri-neft sektoruna yönələn özəl investisiyalarda 28 faizlik artımdır. Bu göstərici biznes mühitində formalaşan etimadın artdığını göstərir. Artıq investorlar yalnız neft və qaz sahəsində deyil, digər sahələrdə də real gəlir potensialı görürlər.

İqtisadçı qeyd edib ki, 2026-cı ilin ilk rübü də bu dinamikanın davam etdiyini göstərir. Qeyri-neft sənayesində 7 faizdən çox artım qeydə alınıb. İnvestisiya axınları daha çox sənaye zonaları, logistika mərkəzləri və kənd təsərrüfatı layihələri üzərində cəmləşib.

Nəqliyyat dəhlizlərinin genişlənməsi və regionlararası əlaqələrin güclənməsi bu prosesi daha da sürətləndirib.

Qeyri-neft sektoruna yatırılan sərmayələr əsasən kənd təsərrüfatı, emal sənayesi, turizm və informasiya texnologiyaları sahələrinə yönəlir. Bu sahələr həm daxili bazarın təminatı, həm də ixrac imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır. 2025-ci ildə qeyri-neft ixracında 8 faizdən çox artım, bəzi kənd təsərrüfatı məhsullarında isə 20–25 faiz yüksəliş qeydə alınıb. Bu göstəricilər investisiyaların real iqtisadi nəticə verdiyini göstərir.

Eyni zamanda infrastruktur layihələrinin genişlənməsi, regionların iqtisadi fəallığının artması və dövlətin biznesə dəstək mexanizmləri investisiya mühitini daha da gücləndirir. Sənaye parkları və aqroparkların yaradılması istehsalın genişlənməsinə, yeni iş yerlərinin açılmasına şərait yaradır. Bu da məşğulluq səviyyəsinə birbaşa təsir göstərir: “Ümumilikdə

2025–2026-cı illər Azərbaycanda qeyri-neft sektorunun keyfiyyətcə yeni mərhələyə keçid dövrü kimi xarakterizə olunur. Artıq bu sahəyə yönələn sərmayələr yalnız alternativ istiqamət deyil, iqtisadi inkişafın əsas dayaqlarından birinə çevrilir. Uzunmüddətli sabit nəticələr üçün isə investisiya mühitinin daha da yaxşılaşdırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi və struktur islahatların davam etdirilməsi əsas şərt kimi qalır. Mövcud dinamika göstərir ki, gələcək iqtisadi inkişaf trayektoriyası getdikcə daha çox qeyri-neft sektorunun gücündən asılı olacaq”.

İradə Cəlil,Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
60
bizimyol.info

1Источники