ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
Borcunu ödəməyənlərə ölkədən çıxış qadağası tətbiq oluna bilər.
Məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.Layihəyə əsasən, gömrük orqanlarının strukturuna dair müddəaların təkmilləşdirilməsi, həmçinin qurum üçün bir sıra yeni vəzifə və hüquqların müəyyən edilməsi nəzərdə tutulur.
Sənədə görə, xarici ticarət iştirakçısı gömrük borcunu ödəmədiyi halda, borcun ödənilməsini təmin etmək məqsədilə gömrük orqanlarına mühüm səlahiyyət verilir.
Belə ki, qurum fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə biləcək.
Bəs hansı borcluların ölkədən çıxışına məhdudiyyət qoyula bilər?
Vəkil Anar Ramazanov “Cebheinfo.az”-a bildiirb ki, borc mülki hüquqi öhdəlik hesab olunur və hər bir şəxs tərəfindən bu öhdəlik təmin olunmalıdır.

“İstənilən fiziki və hüquqi şəxsin digər şəxslər qarşısında habelə dövlət qarşısında yaranmış borcu qanunla müəyyən edilmiş müddətlərdə və qanunla müəyyən edilmiş formada ödənilməlidir.
Borc ödənilmədikdə aidiyyəti şəxslər məhkəmədə iddia qaldırmaqla və ya digər formada məcburi icra tədbirləri çərçivəsində həmin borcun alınması ilə bağlı tədbirlər görürlər.
Qanunverciliyə görə mülki və kommersiya işləri üzrə çıxarılmış məhkəmə qətnamələrilə borcu müəyyən edilmiş şəxslər borcunu vaxtında ödəmədikdə icra məmurunun təqdimatı əsasında məhkəmənin qərarı ilə onların ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyula bilər.
Digər tərəfdən isə fərdi sahibkarların və hüquqi şəxslərin rəhbərlərinin də dövlətə yaranmış vergi borcunu ödəmədiyi təqdirdə vergi orqanının müvafiq ərizəsi əsasında həmin şəxslərin dövlətə yaranmış vergi və digər borclarını ödədiyi günə qədər onların da ölkədən çıxışına məhdudiyyət qoyula bilər.
Hər bir halda belə məhdudiyyətlər məhkəmənin müvafiq qərarı ilə qoyulur və dövlətin rəsmi reyestrlərinə daxil edilir”.
O bildirir ki, həmin şəxslər borcu ödəyib bitirdikdən sonra onların ölkədən çıxışına qoyulmuş məhdudiyyət məhkəmə qərarı ilə və ya səlahiyyətli dövlət orqanının qərarı ilə götürülə bilər.
Qeyd edək ki, bu şəxslərin də ölkədən çıxışına “STOP” qoyula bilər:
1. Aliment borcu olan şəxslər
Uşağa və ya ailə üzvünə ödənilməli alimenti ödəməyənlər.
2. Məhkəmə qərarı ilə təsdiqlənmiş borcu ödəməyənlər
Bank krediti, fiziki şəxsə borc, şirkətə borc və s. üzrə məhkəmə qərarı varsa və icra olunmursa.
3. Vergi borcu olan şəxslər
Xüsusilə iri məbləğ və uzun müddət ödənilməyən vergi borclarında.
4. Gömrük borcu və cəriməsi olan şəxslər
Dövlətə ödənilməli gömrük öhdəlikləri yerinə yetirilmədikdə.
5. İnzibati cəriməni ödəməyənlər
Yol cərimələri və digər dövlət cərimələri müəyyən mərhələdən sonra icraya yönləndirilərsə.
6. Cinayət işi üzrə maddi öhdəliyi olan şəxslər
Məhkəmə qərarı ilə zərər ödəməli olanlar.
7. İcra sənədini qəsdən yerinə yetirməyən şəxslər
Məhkəmə qətnaməsini icra etməyənlər.
Aişə Abdulova
“Cebheinfo.az”
Açar sözlər:
borc Anar Ramazanov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.