Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qax, 29 aprel, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Şəki-Zaqatala regional nümayəndəliyinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə təhsil sektorunun tərəfdaşlığı ilə “Karyera planlaşdırılması və düzgün peşə-ixtisas seçimi” mövzusunda “LevelUP” karyera forumu keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə GİKM Şəki-Zaqatala regional nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, forumun əsas məqsədi gənclərin karyera planlaşdırılması prosesində düzgün istiqamət seçmələrini dəstəkləmək, peşə və ixtisas seçiminin əhəmiyyətini izah etmək, eyni zamanda, əmək bazarının tələblərinə uyğun inkişaf imkanlarını təqdim etmək olub.
Tədbirin açılışında GİKM-in Şəki-Zaqatala regional nümayəndəliyinin əməkdaşı Elmir Həşimli və Qax şəhər E.Babayev adına 4 saylı tam orta ümumtəhsil məktəbinin direktoru İlham Sadıqov çıxış edərək, ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb, gənclərin hərtərəfli inkişafına xüsusi diqqət yetirildiyini və bu kimi təşəbbüslərin onların düzgün peşə seçiminə mühüm töhfə verdiyini diqqətə çatdırıblar.
Forum daha sonra regional nümayəndəliyin əməkdaşı Elmir Həşimlinin moderatorluğu ilə panel müzakirə ilə davam edib.
Çıxışlarda əsasən karyera planlaşdırılması, düzgün ixtisas seçimi və əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması mövzularına toxunulub. Vurğulanıb ki, gənclərin maraq və potensialına uyğun istiqamət seçməsi onların gələcək uğurunun əsas şərtlərindən biridir. Eyni zamanda, qeyd olunub ki, müasir dövrdə yalnız nəzəri biliklər deyil, praktik bacarıqların inkişafı, davamlı özünüinkişaf və dəyişən əmək bazarına uyğunlaşma da böyük əhəmiyyət kəsb edir.
Tədbir interaktiv müzakirələr, sual-cavab sessiyası və fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və gənclərə faydalı tövsiyələr verilib.
Müxbir – Mustafa Dadaşov




Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.