Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Hüquqşünas Sahib Məmmədov "Bakı Metropoliteni" QSC dövlət proqramının bir hissəsi olaraq, Nizami stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyi barədə xəbərə sosial şəbəkələrdə rekasiya verib.
Ölkə.Az xəbər verir ki, layihənin təhlükə yarada biləcəyini qeyd edən S.Məmmədov bu tikintini " ağılsızlıq” adlandırıb.
“Stansiya Mərkəzi Parkın altında yerləşəcək və Nizami stansiyasına qoşulmanı təmin edəcək. Bu sadəcə ağılsızlıqdır. 28 may-Nizamı xətti onsuz da kesson üsulu ilə tikilib. Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib. Həmin ərazi yeraltı suların aktiv zonsıdır. Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir".
S.Məmmədovun müzakirələrə səbəb olan paylaşımı ilə Ölkə.Az “Bakı metropoliteni” QSC-yə sorğu ünvanlayıb.
Qurumdan saytımıza cavab olaraq bildirilib ki, layihə hazırlanarkən Bakının mürəkkəb hidrogeoloji şəraiti nəzərə alınıb, mümkün risklər qiymətləndirilib:
“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında Bakı metropoliteninin inşası nəzərdə tutulan 10 stansiyasından 6-sı Bənövşəyi xətdə yerləşəcək. Əsas məqsəd şəhərin şimal istiqamətindən başlanan metro xəttinin mərkəzdən keçməklə paytaxtın şərqinə doğru uzadılmasıdır. Bakıda nəqliyyat təhlilləri, həmçinin rəqəmsal əkiz modeli əsasında toplanmış məlumat bazası, simulyasiyalar da prioritet məsələlər sırasında bu xəttin uzadılmasının xüsusi əhəmiyyətini əyani nümayiş etdirib.
Layihə adı “B-5” olan stansiya Bənövşəyi xəttin üzərində yerləşəcək və Yaşıl xəttin “Nizami” stansiyasına keçid inşa ediləcək. Metro prinsiplərində xətlərdən bir-birinə keçidlər sərnişin axının tənzimlənməsi, insanlara daha çeşidli, uyğun və rahat nəqliyyat şəraitinin yaradılması, nəqliyyat inteqrasiyasının optimallaşdırılması və genişləndirilməsinə imkan verir. Bundan savayı bu keçidlə “Nizami” stansiyasında dərin özüllü stansiyalar üçün mühüm əhəmiyyət kəsb edən ikinci çıxışı da təmin edəcək.
Bakının mürəkkəb hidrogeoloji şəraiti ilə seçilən ərazisində yerləşməsi nəzərə alınaraq layihələndirmə zamanı stansiyanın və tunellərin tikintisində geoloji quruluş, habelə dərinlik və digər məsələlərin hər biri xüsusi nəzərə alınıb, mümkün risklər qiymətləndirilib. Bu xüsusda “Nizami-28 May” mənzilinin 50 ilə yaxın istismar dövründəki təcrübəsi, təsirləri və texnoloji amillər xüsusi öyrənilib. Həmçinin bununla əlaqədar dünya tunelqazma praktikası və müasir texnologiyaları, istifadə olunan qazma və inşaat üsulları, inşaatdan sonrakı istismar təcrübələri əsaslı şəkildə araşdırılaraq təhlilləri aparılıb.
Tunel və stansiya qazıntısında müasir texnologiyalar və üsulların daha mürəkkəb geoloji strukturu olan mühitdə tətbiqi inşaat işlərinin təhlükəsiz aparılmasının mümkünlüyünü təsbit edib.
“B-5” stansiyasının və ərazidən keçən tunellərin inşası zamanı bütün risklər nəzərə alınmaqla təhlükəsizliyi təmin edən ən aparıcı texnologiyalardan istifadə olunacaq”.
Billurə Yunus
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.