Bakı, 29 aprel, AZƏRTAC
Ermənistan tərəfindən işğal dövründə Azərbaycanın tarixi-mədəni irsinə, o cümlədən məscidlərə, muzeylərə, qəbiristanlıqlara və digər mədəniyyət nümunələrinə qarşı törədilən vandalizm və dağıntı halları regionun mədəni mühitinə ciddi zərər vurub. Bu cür əməllər yalnız maddi-mədəni itkilərlə nəticələnmir, eyni zamanda, beynəlxalq hüquqla qorunan mədəni irs dəyərlərinin pozulması kimi qiymətləndirilir. Həmin faktlar mədəni mülkiyyətin mühafizəsi üzrə beynəlxalq öhdəliklərin icrasının vacibliyini bir daha ön plana çıxarır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BDU-nun kafedra müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov söyləyib.
O bildirib ki, silahlı münaqişələr zamanı mədəni irs obyektlərinə vurulan ziyanın müəyyən edilməsi və hüquqi qiymətləndirilməsi həm beynəlxalq humanitar hüquq normaları, həm də milli qanunvericilik çərçivəsində həyata keçirilir. Bu yanaşma mədəni mülkiyyətin qorunmasını hüquqi öhdəlik kimi təsbit etməklə yanaşı, pozuntulara görə məsuliyyət mexanizmlərinin tətbiqini də nəzərdə tutur.
“Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, dövlət mühafizəsində olan tarixi və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi və ya zədələnməsi cinayət məsuliyyəti yaradır. Eyni zamanda, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin qorunma rejiminin pozulması da hüquqi məsuliyyət doğuran əməllər sırasına daxildir. Bununla yanaşı, mədəni irs obyektlərinin icazəsiz köçürülməsi və ya onların bütövlüyünə xələl gətirə biləcək müdaxilələr inzibati məsuliyyət tədbirləri ilə tənzimlənir”,- deyə hüquq elmləri doktoru qeyd edib.
O, vurğulayıb ki, “Mədəniyyət haqqında” Qanuna uyğun olaraq, mədəni irsin qorunması həm dövlətin, həm də hüquqi və fiziki şəxslərin ümumi vəzifəsi kimi müəyyən edilir. Dövlət bu sahədə tənzimləmə, nəzarət və monitorinq funksiyalarını həyata keçirərək mədəni irsin davamlı qorunmasını təmin edir. Eyni zamanda, “Milli təhlükəsizlik haqqında” Qanuna əsasən, tarixi və mədəni obyektlərin mühafizəsi milli təhlükəsizlik siyasətinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir.
K.Səlimov diqqətə çatdırıb ki, beynəlxalq hüquqi müstəvidə isə 1954-cü il Haaqa Konvensiyası silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını dövlətlər üçün məcburi öhdəlik kimi müəyyən edir. Bu konvensiyanın tələblərinə əsasən, mədəni irsin qəsdən məhv edilməsi beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi dəyərləndirilir. Bu kontekstdə silahlı münaqişələr dövründə mədəni irs obyektlərinə qarşı törədilmiş dağıntı və zədələnmə halları yalnız milli qanunvericilik çərçivəsində deyil, eyni zamanda, beynəlxalq hüquqi öhdəliklərin pozulması kimi qiymətləndirilir. Bu cür əməllər dövlət məsuliyyəti, reparasiya mexanizmlərinin tətbiqi və mədəni irsin bərpası baxımından kompleks hüquqi yanaşma tələb edirş
“Nəticə etibarilə, mədəni irsə qarşı yönəlmiş pozuntuların qiymətləndirilməsi çoxşaxəli hüquqi mexanizmlər əsasında həyata keçirilir və bu proses həm məsuliyyətin müəyyən edilməsi, həm də zərərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir”,- deyə K.Səlimov əlavə edib.