RU

Ermənistan Türkiyənin şərtlərini yerinə yetirdi

Ermənistanda yeni nümunə biometrik pasportların dizaynı və texniki standartları dəyişdirilir. 

Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Baş nazir Nikol Paşinyana yeni pasport nümunəsini təqdim edərkən məlumat verib. Qeyd edilib ki, yeni pasportların rəngi mavidən qırmızıya dəyişdiriləcək. 

Bu dəyişiklik köhnə və yeni nəsil sənədlərin fərqləndirilməsi məqsədi daşıyır. Pasportun birinci və son səhifələrində Ermənistanın kontur xəritəsi yerləşdiriləcək, səhifələrin fonu isə ənənəvi erməni ornamentləri ilə bəzədiləcək. 

Eyni zamanda, yalnız ultrabənövşəyi işıq altında görünən təhlükəsizlik naxışları da əlavə olunacaq. Yeni pasport dizaynında diqqəti çəkən məqamlardan biri də Ağrı dağının (Ararat) təsviri ilə bağlı yanaşmadır. 

Rəsmi açıqlamalara əsasən, yeni dizayn konsepsiyasında əsas diqqət Ermənistan Respublikasının sərhədləri daxilində yerləşən simvollara yönəldilir və xarici ərazilərə aid təsvirlərin istifadə olunmaması prinsipinə üstünlük verilir. 

Bu çərçivədə Ağrı dağı simvol kimi yeni pasportlardan çıxarılıb. Ermənistanın yeni biometrik pasportlarının üzərindəki gerbində Ağrı dağının əvəzinə Alagöz (Ələyəz) dağının (ermənilər Aratots adlandırır-red.) təsviri yer alıb. 

Qeyd edək ki, 4090 metr hündürlüyə malik Alagöz dağı Ermənistan ərazisində ən hündür yüksəklikdir. Ötən ilin sentyabr ayında Baş nazir Nikol Paşinyan vətəndaşları Ermənistanın ən hündür nöqtəsi kimi Alagöz dağını tanımağa və Türkiyədə yerləşən Ararata (Ağrı) diqqət yetirməməyə çağırıb. 

O, həmçinin ofisinin divarını Alagöz dağının təsviri ilə bəzətmişdi. Xatırladaq ki, biometrik pasportlarda Türkiyəyə ərazi iddiasının çıxarılması birdən-birə baş verməyib və hələ ötən il bu istiqamətdə bəzi addımlar atılıb. 

Belə ki, 2025-ci il noyabrın 1-dən Ermənistan sərhədini keçən şəxslərin pasportlarına vurulan möhürlərdən Ağrı dağının təsviri çıxarılıb. Müvafiq qərarı Ermənistan Nazirlər Kabineti qəbul edib. 

Ağrı dağının təsvirinin Ermənistanın dövlət gerbində və digər rəsmi sənədlərində əks olunması ermənilərin Türkiyəyə məxsus bu əraziyə tarixi iddiası ilə bağlıdır. 1918-1920-ci illərdə İrəvan mahalında yaradılmış, tanınmamış Ararat Respublikasının, sonra Ermənistan SSR-in, müstəqillik dövründə Ermənistanın dövlət gerbində Ağrı dağının təsviri yer alıb. 

Ermənistanın 1992-ci ilin aprel ayında qəbul edilmiş “Dövlət gerbi haqqında” Qanunda da Ağrı dağına iddialar təsbit olunub. Ermənistan konstitusiyasının 21-ci maddəsində də dövlət gerbinin təsvirində Ağrı dağının adı çəkilir. 

Ona görə də Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün gerbin dəyişdirilməsini İrəvan qarşısında əsas şərtlərdən biri kimi irəli sürür. Artıq Ermənistanın yeni konstitusiyasının qəbuluna hazırlıq gedir. 

İyun ayında keçiriləcək parlament seçkilərindən sonra ölkədə ümumxalq referendumunun reallaşacağı gözlənilir. Ermənistanda həm möhürlərdən, həm də biometrik pasportlardakı gerb təsvirlərindən Ağrı dağının çıxarılması yeni konstitusiyanın mətnində də bu istiqamətdə ciddi dəyişikliyin olacağını deməyə əsas verir. 

Çox güman ki, yeni konstitusiya layihəsində dövlət gerbi təsvir olunarkən Ağrı dağının əvəzinə Alagöz dağının adı çəkiləcək. Bununla da Türkiyə ilə Ermənistan arasında on illərdir davam edən mübahisəli məsələlərdən biri aradan qalxacaq. 

Lakin Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası bununla yekunlaşmır. Ermənistanın Müstəqillik Bəyannaməsində Türkiyənin altı şərq vilayətinə ərazi iddiasını nəzərdə tutan “Qərbi Ermənistan” ifadəsi var. Ermənistan konstitusiyasının preambula hissəsində isə Müstəqillik Bəyannaməsinə istinad edilir. 

Ona görə də Ermənistan Türkiyənin tələblərini yerinə yetirərək preambulanı da konstitusiyanın mətnindən çıxartmalıdır. Ermənistan hökumətinin atdığı addımlar bu şərtin də yerinə yetiriləcəyini göstərir. Lakin Nikol Paşinyanın Türkiyəyə qarşı ərazi iddialarından de-yure imtina etməsi faktından seçkilər öncəsi revanşist müxalifət hakimiyyətin əleyhinə təbliğat vasitəsi kimi istifadə etməyə çalışacaq. 

Rusiyaya, yəni Samvel Karapetyana və Robert Köçəryana bağlı radikal siyasi qruplar Paşinyanı xəyanətdə, Türkiyənin, Azərbaycanın qarşısında təslimçilikdə ittiham edə bilərlər. 

Bu da öz növbəsində seçkilər öncəsi Paşinyana təzyiq etmək üçün Rusiyanın əlini gücləndirəcək. Buna baxmayaraq, Paşinyan Türkiyəyə qarşı ərazi iddialarına xitam verməkdə və bu məsələni tarixin arxivinə göndərməkdə israrlı görünür. 

Избранный
35
1
cebheinfo.az

2Источники