Çərşənbə axşamı axşam saatlarında Texas ştatının Mineral-Uells şəhərindən keçən tornado nəticəsində bir neçə nəfər xəsarət alıb. Bu təbiət hadisəsi ABŞ-ın Orta Qərb və cənub bölgələrini bürüyən altı günlük güclü fırtınalar silsiləsinin bir hissəsidir.
Ölkə.Az xəbər verir ki, bu barədə CNN yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, tornado yerli vaxtla saat 17:00 radələrində (Bakı vaxtı ilə çərşənbə günü 02:00) baş verib. Dallasdan təxminən 130 km məsafədə yerləşən şəhərdə yaşayış binalarına və sənaye zonasına ciddi ziyan dəyib.
Yanğınsöndürmə idarəsinin rəisi Rayan Dannın sözlərinə görə, iki nəfər xəstəxanaya yerləşdirilib, daha bir neçə nəfər isə yüngül xəsarətlər alıb. Ölən və itkin düşən yoxdur.
Zərər çəkmiş ərazidə komendant saatı tətbiq edilib. Yerli məktəb müvəqqəti yerləşdirmə və ailələrin qovuşma mərkəzi kimi istifadə olunur, Qırmızı Xaç cəmiyyəti isə köməklik göstərir.
Tornadodan başqa, çərşənbə axşamı regionda güclü ildırım çaxması və iri dolu ilə müşayiət olunan tufanlar qeydə alınıb. Texasda dolunun ölçüsü qreypfrut, Missuridə isə tennis topu böyüklüyündə olub. Sprinqfilddə təbii fəlakət infrastruktura ziyan vurub və zooparkda heyvanların tələf olmasına səbəb olub; müəssisə müvəqqəti bağlanıb.
Meteoroloqlar xəbərdarlıq edirlər ki, Texas, Arkanzas, Missuri, Luiziana və Missisipi daxil olmaqla bir sıra ştatlarda yeni tornado və güclü fırtına riski hələ də qalmaqdadır.