RU

İran rialı dollara nisbətdə rekord həddə ucuzlaşdı

İran rialı son iki gündə sürətlə dəyər itirərək ABŞ dolları qarşısında rekord səviyyəyə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Nəşrin yazdığına görə, aprelin 29-na olan məlumata əsasən, İran valyutasının məzənnəsi 1 dollar üçün 1,8 milyon rial səviyyəsinə enib.

Buna qədər bir neçə həftə ərzində rial nisbətən sabit qalmışdı. Bu, əsasən idxal və ixrac həcmlərinin minimum səviyyədə olması ilə izah edilirdi.
 

Hətta martın sonunda ABŞ-ın İran neftinin satışına qismən icazə verməsindən sonra rial 1 dollar üçün 1,559 milyon səviyyəsinədək möhkəmlənmişdi. Lakin sonradan Vaşinqton İran gəmiləri üçün Hörmüz boğazı ətrafında blokada siyasətinə keçib. Tehran isə digər gəmilərin keçidinə maneələr yaratmağa başlayıb.


Aprelin sonuna olan məlumata görə, ABŞ və İran arasında atəşkəs qüvvədə olsa da, danışıqlar faktiki olaraq dalana dirənib.

“The Washington Post”un danışdığı ekspertlər hesab edirlər ki, rialın ucuzlaşması ölkədə inflyasiyanı daha da sürətləndirə bilər. Çünki İran ticarəti idxaldan, xüsusilə ərzaq, dərman və elektronika idxalından ciddi şəkildə asılıdır.
 

Qeyd edək ki, Tehran sonuncu dəfə ötən ilin payızında milli valyutada denominasiya aparıb. Lakin bu addım rialın ucuzlaşmasının qarşısını ala bilməyib. Mart ayında isə ölkədə nağd pul çatışmazlığı səbəbindən dövriyyəyə 10 milyon rial nominalında əsginas buraxılıb.


Rialın kəskin dəyər itirməsi və bunun nəticəsində demək olar ki, bütün məhsulların bahalaşması qış aylarında İranda kütləvi etirazların əsas səbəblərindən biri olmuşdu.

Bizim.Media

Избранный
38
bizim.media

1Источники