RU

Yeni konstitusiyanın dərci gecikir: Paşinyanı qorxudan SƏBƏB

Ermənistan konstitusiyasının yeni mətninin dərci ləngiyir.

Baş nazir Nikol Paşinyanın tapşırığına uyğun olaraq, konstitusiyanın yeni mətni mart ayında dərc edilməli idi. Ali qanunun yeni variantı mart ayında hazır olsa da, hələ dərc olunmayıb.

Ermənistan rəsmilərinin verdiyi açıqlamalar və yerli medianın yazdığı məlumatlar konstitusiyada həm Azərbaycan, həm də Türkiyə üçün ciddi əhəmiyyət kəsb edən dəyişikliklərin edildiyini göstərir.

Söhbət ilk növbədə, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Müstəqillik Bəyannaməsinin, yəni preambulanın ləğvindən gedir. Lakin bununla bağlı yayılan bütün xəbərlər konstitusiyanın yeni mətni dərc edildikdən sonra öz təsdiqini tapa bilər.

Artıq aprel ayı da başa çatdığına görə Ermənistanın cəmiyyətinin yeni konstitusiya ilə tanış olması may ayında mümkündür. Əks təqdirdə, ali hüquqi sənədin dərc edilməsi iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonraya saxlanılacaq.

Yəni Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilər öncəsi radikal müxalifətin tənqid hədəfinə çevrilməmək üçün konstitusiyanın ictimaiyyətə açıqlanmasını təxirə sala bilər.

Qeyd edək ki, seçkilərdə qələbə şansı çox aşağı hesab edilən revanşist müxalifət Azərbaycanın və Türkiyənin tələblərinin gələcək konstitusiyada nəzərə alınmasından seçici kütləsinin, xüsusilə də tərəddüdlü elektoratın səslərini almaq üçün istifadə etməyə çalışacaq.

Hazırda rusiyalı milyarder Samvel Karapetyanın və eks-prezident Robert Köçəryanın baş nazir postuna iddialı olması müxalifətdə siyasi qütbləşməni dərinləşdirib. Bu isə Paşinyanın əlini gücləndirən prosesdir.

Ona görə də Rusiyadan idarə olunan revanşist müxalifətin liderləri tərəfdarlarını artırmaq və öz ətrafında güc mərkəzi yaratmaq üçün yeni konstitusiyada nəzərdə tutulan güzəştlərdən Paşinyana qarşı təzyiq vasitəsi kimi faydalanmağa səy göstərə bilər.

Bu, Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyən Rusiyanın da maraqlarına cavab verir. Qeyd edilən kontekstdə yeni konstitusiyanın mətninin dərc edilməməsi Paşinyanın seçkiqabağı ehtiyat tədbiri kimi də dəyərləndirilə bilər.

Baş nazir ola bilsin ki, həmin prosesi seçkilərdən sonraya saxlamaqla xalqdan legitimlik almağa və növbəti hakimiyyətin formalaşmasından sonra konstitusiya dəyişikliyinə getmək istəyir.  

Избранный
59
cebheinfo.az

1Источники