RU

Dağıdılmış abidələrin susqun daşlarında yaşayan həqiqəti gizlətmək mümkün deyil – Deputat

Bakı, 29 aprel, AZƏRTAC

Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycan xalqına məxsus yüzlərlə tarixi, dini və mədəni abidə məqsədyönlü şəkildə dağıdılıb, talan edilib, təhqir olunub və mənimsənilib. Bu faktlar yalnız Azərbaycanın daxili mövqeyi deyil, rəsmi hesabatlarda, beynəlxalq təşkilatlara təqdim edilmiş sənədlərdə, foto və video materiallarda, peyk görüntülərində və azad edilmiş ərazilərdə aparılmış monitorinqlərdə öz əksini tapmış reallıqlardır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, təxminən 30 il davam edən işğal dövründə Azərbaycanın şəhər və kəndləri ilə yanaşı, xalqımızın tarixi yaddaşını yaşadan abidələr də hədəfə alınıb. Məscidlər, türbələr, ziyarətgahlar, qəbiristanlıqlar, muzeylər, kitabxanalar, arxeoloji abidələr və digər mədəni irs nümunələri dağıdılıb, bir çoxu isə tamamilə yer üzündən silinib. Rəsmi məlumatlarda işğal olunmuş ərazilərdə yüzlərlə tarixi-dini abidənin zərər gördüyü, onlarla məscidin dağıdıldığı və yüzlərlə qəbiristanlığın vandalizmə məruz qaldığı bildirilir.

Deputat Azərbaycan xalqının dini hisslərinə qarşı ən ağır təhqirlərdən birinin məscidlərin heyvan saxlanılan yerlərə çevrilməsi olduğunu bildirib. Ağdam Cümə məscidinin, Qiyaslı məscidinin, Füzuli rayonundakı kənd məscidlərinin, Qubadlı və Zəngilan ərazisində yerləşən dini abidələrin vəziyyəti də işğal dövründə aparılmış mədəni vandalizmin ən ağır nümunələrindəndir. Həmçinin məzarlıqlara qarşı törədilən vandalizm də xüsusi qeyd olunmalıdır.

“Ermənistanın Azərbaycan irsinə qarşı siyasəti yalnız işğal olunmuş ərazilərlə məhdudlaşmayıb. Ermənistan ərazisində, xüsusilə İrəvan və digər tarixi Azərbaycan yaşayış məkanlarında xalqımıza məxsus dini və memarlıq abidələri ya tamamilə məhv edilib, ya da onların mənsubiyyəti dəyişdirilərək saxta şəkildə təqdim olunub. Azərbaycan izləri ardıcıl şəkildə silinib”, - deyə Ülviyyə Həmzəyeva diqqətə çatdırıb.

Onun fikrincə, bu siyasətin digər istiqaməti isə qədim Alban irsinin mənimsənilməsi və saxtalaşdırılmasıdır: “Ağoğlan, Amaras, Xatirəvəng, Qandzasar, Xudavəng və digər məbədlər üzərində aparılmış dəyişikliklər, orijinal izlərin silinməsi, yeni yazıların əlavə edilməsi və abidələrin erməniləşdirilmiş formada təqdim olunması tarixi reallığın təhrifinə xidmət edib. Burada məqsəd yalnız bir abidəni mənimsəmək deyil, bütöv bir bölgənin tarixini saxta ideoloji çərçivəyə salmaqdır.

Ermənistanın bu siyasətinin mahiyyəti aydındır: Azərbaycan xalqının tarixi izlərini silmək, işğal olunmuş ərazilərə qarşı iddiaları “tarixi əsaslandırmaq” və mədəni təmizləmə aparmaq. Bu proses yalnız fiziki dağıntı ilə məhdudlaşmayıb, mənəvi təhqir, yaddaşın məhv edilməsi və tarixin saxtalaşdırılması ilə müşayiət olunub. Məscidlərin təhqir edilməsi, qəbiristanlıqların dağıdılması, muzeylərin talan olunması, dini abidələrin mənimsənilməsi və qədim məbədlərin kimliyinin dəyişdirilməsi bir-birindən ayrı hadisələr deyil, vahid siyasətin tərkib hissələridir”.

Ü.Həmzəyeva bildirib ki, bu gün Azərbaycan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparır, dağıdılmış şəhərləri, kəndləri, yolları, məktəbləri, məscidləri və mədəni abidələri yenidən həyata qaytarır. Eyni zamanda, işğal dövründə törədilən mədəni vandalizm faktları beynəlxalq ictimaiyyətə daha sistemli şəkildə çatdırılmalıdır. Bu istiqamətdə rəsmi hesabatlar, foto və videogörüntülər, peyk çəkilişləri, dağıntıdan əvvəl və sonrakı müqayisəli materiallar, beynəlxalq monitorinq nəticələri və şahid ifadələri əsas kommunikasiya vasitələri olmalıdır.

“Bu gün əsas mesaj aydın olmalıdır. Azərbaycan mədəni irsin qorunmasını, tarixi abidələrin bərpasını və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasını vacib sayır. Lakin illərlə Azərbaycan irsini dağıdan, məscidləri tövləyə çevirən, qəbiristanlıqları təhqir edən, tarixi abidələri mənimsəyən və xalqımızın izlərini silməyə çalışan tərəfin indi mədəni irs barədə əsassız iddialar səsləndirməsi inandırıcı deyil. Tarixi həqiqət sənədlərdə, fotolarda, videolarda və dağıdılmış abidələrin susqun daşlarında yaşayır. Bu həqiqəti gizlətmək mümkün deyil”, - deyə deputat qeyd edib.

Избранный
34
1
azertag.az

2Источники