“Tutaq ki, ölkə prezidenti yeni icra başçısı təyin edir, bir müddətdən sonra həmin şəxsi korrupsiya əməlinə görə tuturlar və ya nöqsanlar üzə çıxır. Tapşırıq verilir ki, şəhərin kanalizasiya sistemi qaydasında olmalıdır. Amma bunu həyata keçirməyən məmurlardır. Bu baxımdan məsələyə real yanaşmalı və problemi görməliyik”. Deputat dövlət başçısının imzaladığı sərəncamın önəmini vurğulayaraq fikirlərinə davam edib: “Əsas məsələ də burasındadır ki, ölkə prezidenti öz iradəsini göstərdi və bu sahədə olan nöqsanların aradan qaldırılması yaxud da dəymiş zərərin ortadan qaldırılması üçün ayr-ayrı qurumlara vəsait ayırdı. Həqiqətən də, vəsaitə ehtiyac var idi. İndi əsas odur ki, həmin qurumlar bu vəsaiti səmərəli xərcləsinlər. Sonra bəhanə olmasın ki, hansısa bir natamamlığa görə bu funksiyanı yerinə yetirmək mümkün olmadı. Ona görə də burada birinci növbədə ictimai nəzarət faktoru önə çəkilməlidir. Xüsusilə də, sel sularından əziyyət çəkən əhalinin bir daha belə bir sıxıntıya düşməməsi üçün öncədən tədbirlər görülməlidir. Əgər burada da hansısa bir şəkildə bir məsuliyyətsizlik amili olacaqsa, bu sonra həqiqətən də, vətəndaşlarımızda ciddi narazılıq doğuracaq. Əsas prezidentin iradəsi məhz bu problemlərin ortadan qaldırılmasına yönəlikdir və o da lazımi vəsaiti ayrıbsa, gərək bunu da müvafiq qurumlar səmərəli istifadə edib, müəyyən nöqsanları ortadan qaldıra bilərlər”. Xatırladaq ki, bir müddət öncə intensiv yağışlar nəticəsində Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən bəzi evləri su basmış, sakinlər təhlükəsiz yerlərə təxliyə edilmişdilər. Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.