ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 aprel, AZƏRTAC
Türkiyənin Antalya şəhərində “Fibonacci” Beynəlxalq Robot Olimpiadasının Avrasiya çempionatı keçirilib. Yarışmada dünyanın 21 ölkəsindən 639 komanda, 3000-dən artıq iştirakçı qələbə uğrunda mübarizə aparıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsinin Kompüter elmləri kafedrasının müəllimi Xumarə Nəsirlinin mentorluğu ilə fakültənin tələbələri Günay Cəfərova, Elvin Əzizli və fakültənin məzunu Türkanə Qəhrəmanlıdan ibarət komanda 5 kateqoriya üzrə mübarizəyə qoşulublar.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, komanda “RoboTech Entrepreneurship BlueTech”, “Entrepreneurship” və “HealthTech Entrepreneurship” kateqoriyaları üzrə I yerə, “Autonomous Car” kateqoriyası üzrə II, “SoftTech Entrepreneurship” kateqoriyası üzrə III yerə layiq görülüb.
Çempionatın qalibi olan komandalar İtaliyada keçiriləcək “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın final mərhələsində iştirak hüququ qazanıblar.
Universitetin rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov və Riyaziyyat fakültəsinin dekanı dosent Allahverdi Cəfərov komanda üzvləri ilə görüşərək onları təbrik edib, təəssüratlarını dinləyiblər.
Qeyd edək ki, İtaliyada əsası qoyulan “Fibonacci” Beynəlxalq Robot Olimpiadası dünyanın ən böyük robot olimpiadası hesab edilir.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.