RU

Azərbaycan–Çexiya münasibətlərinə yeni meyarlar daxil olur



Məlumdur ki, beynəlxalq münasibətlərdə tərəfdaşlığın ən yüksək formalarından biri təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı etimada əsaslanan əməkdaşlıqdır. Çünki bu istiqamət sırf iqtisadi və ya siyasi əlaqələrdən fərqli olaraq daha dərin strateji yaxınlıq tələb edir. Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı bu istiqamətdə səslənən mesajlar göstərdi ki, Bakı ilə Praqa arasında münasibətlər yeni, daha həssas və strateji müstəviyə daxil olur.

Çexiya liderinin ölkəmizə səfərinin diqqət çəkən tərəflərindən biri də məhz müdafiə sənayesi əməkdaşlığının xüsusi vurğulanması oldu. Bu, təsadüfi deyil. Cənab Prezident İlham Əliyevin öz çıxışında vurğuladığı kimi, müasir dövrdə müdafiə sənayesi təkcə təhlükəsizlik məsələsi deyil, həm də texnoloji inkişaf, sənaye modernləşməsi və strateji müttəfiqlik göstəricisidir. Azərbaycan ilə Çexiya arasında bu sahədə əməkdaşlığın genişlənməsi də məhz bu baxımdan mühüm siyasi məna daşıyır.

Azərbaycan son illərdə müdafiə potensialının gücləndirilməsi və yerli hərbi sənayenin inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirib. Bu siyasətin mühüm komponentlərindən biri qabaqcıl texnologiyalara malik tərəfdaşlarla birgə layihələrin qurulmasıdır. Çexiya kimi bu sahədə zəngin təcrübəyə malik Avropa dövləti ilə əməkdaşlığın dərinləşməsi də bu strategiyanın məntiqi davamıdır. Xüsusilə birgə istehsal perspektivlərinin müzakirəsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu artıq hazır məhsul tədarükü modelindən daha yüksək mərhələdir — sənaye kooperasiyası, texnologiya paylaşımı və uzunmüddətli strateji tərəfdaşlıq modelidir. Belə formatlı əməkdaşlıq tərəflər arasında yüksək etimadın göstəricisi hesab olunur.

Burada vacib məqamlardan biri odur ki, müdafiə sənayesi əməkdaşlığı adətən daha geniş siyasi koordinasiyanın tərkib hissəsi kimi inkişaf edir. Bu baxımdan Azərbaycan və Çexiya arasında bu istiqamətdə yaxınlaşma siyasi münasibətlərin də dərinləşdiyini göstərir. Yəni burada söhbət yalnız hərbi-texniki əlaqələrdən getmir, daha geniş strateji yaxınlaşmadan gedir.

Bu əməkdaşlıq həm də Azərbaycanın beynəlxalq tərəfdaşlıq xəttində mühüm tendensiyanı ortaya qoyur. Bakı tərəfdaşlıqları təkcə iqtisadi və enerji əməkdaşlığı ilə məhdudlaşdırmır, onları təhlükəsizlik və sənaye koordinasiyası ilə tamamlayır. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin daha kompleks və dayanıqlı modelini formalaşdırır. Müdafiə sənayesində əməkdaşlığın digər mühüm tərəfi onun iqtisadi və texnoloji dividendləridir. Bu cür layihələr yalnız təhlükəsizlik potensialını artırmır, eyni zamanda yüksək texnologiyalı istehsalın inkişafına, yeni sənaye imkanlarının yaranmasına və milli istehsal bazasının güclənməsinə xidmət edir. Bu isə Azərbaycanın sənayeləşmə siyasəti ilə də uzlaşır. Beləliklə, Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində özünütəmin modelini gücləndirməklə yanaşı, bu sahədə beynəlxalq tərəfdaşlıq şəbəkəsini də genişləndirir. Çexiya ilə əməkdaşlıq da bunun uğurlu nümunəsi kimi çıxış edir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Избранный
56
aia.az

1Источники