Dünya enerji bazarlarında gərginlik yenidən pik həddə çatıb. ABŞ və İsrailin İranla qarşıdurması fonunda neft və qaz qiymətlərində kəskin artım gözlənilir. Dünya Bankının “Əmtəə bazarlarının perspektivləri” adlı son hesabatına görə, geosiyasi risklərin dərinləşməsi nəticəsində bu il enerji daşıyıcılarının qiyməti 24 faiz arta bilər.
Təşkilatın proqnozlarına əsasən, Brent markalı neftin bir barelinin orta qiyməti 2026-cı ildə 86 dollara çatacaq. Lakin Hörmüz boğazında tədarük problemləri uzun müddət davam edərsə, ilin sonuna qədər neftin qiyməti 95-115 dollar aralığına, hətta pik həddə 115 dollara qədər yüksələ bilər. Bu isə son illərin ən yüksək göstəricilərindən biri olacaq.
Belə bir ssenari neft ixrac edən ölkələr üçün əlavə gəlir imkanları yaratsa da, qlobal iqtisadiyyatda inflyasiya təzyiqlərini gücləndirə, idxaldan asılı dövlətlərdə isə enerji xərclərini kəskin artıra bilər. Xüsusilə enerji bazarındakı dalğalanmalar həm dövlət büdcələrinə, həm də milli valyutalara birbaşa təsir göstərir.
Bəs neftin qiymətinin 115 dollara yüksəlməsi Azərbaycan kimi neft ixrac edən ölkələr üçün hansı iqtisadi imkanlar və risklər yarada bilər? Bu artım büdcə gəlirlərinə, valyuta bazarına və daxili qiymətlərə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, 2026-cı ilin sonunda dünya bazarlarında neftin orta qiyməti 85-90 dollar intervalında formalaşacaq: “Bu ehtimal olduqca yüksəkdir. Artıq beynəlxalq maliyyə təsisatlarının, beynəlxalq qurumların, o cümlədən Dünya Bankının hesabatlarında da oxşar rəqəmlər səsləndirilir. Düşünürəm ki, bütün hallarda neftin qiyməti 100 dolları keçməyəcək. Çünki bu gün Hörmüz boğazının bağlanması ehtimalı, Amerikanın, məcazi mənada desək, ikinci bir bağlanış qapısı yaratması, yəni İranın öz ixracında məhdudlaşdırılması qlobal təchizat zəncirində qırılmalar yaradır. Eyni zamanda, təchizatda şok formalaşdırır və bu şok, təbii ki, bazarlara ciddi təsir göstərir. Pandemiya dövründə də gördük ki, qlobal bazarlar ən sərt reaksiyanı prosesin ilkin mərhələsində verir. Hətta ilk günlərdə bir, iki və ya beş nəfərin ölümü bazarlara yüz minlərlə insanın həyatını itirdiyi sonrakı mərhələlərdən daha ciddi təsir göstərmişdi. Çünki əsas şok məhz naməlumluq və qeyri-müəyyənlikdən qaynaqlanırdı”.
İqtisadçı əlavə edib ki, İran-ABŞ qarşıdurmasında da oxşar mənzərə müşahidə olundu: “Xüsusilə yanvar ayında yaşanan gərginlik bazarlarda daha ciddi dalğalanmalara səbəb oldu. Müharibənin sonrakı mərhələlərində isə neftin qiymətində 128-130 dollar səviyyəsinə çatan yeni sıçrayışlar qeydə alınmadı.
Hazırkı vəziyyətdə də belə kəskin və uzunmüddətli şok qiymətlərin yaranacağını gözləmirəm. Qiymətlər qısamüddətli olaraq 120 dollar ətrafına yüksələ bilər. Lakin bu artım davamlı olmayacaq. Çünki İranın mövcud şəraitdə əvvəlki gücdə müqavimət göstərməsi, xüsusilə Hörmüz boğazının bağlanması fonunda, praktik olaraq mümkün görünmür. Buna görə də bazarda mümkün artımlar daha çox müvəqqəti xarakter daşıyacaq. Bloomberg dünən məlumat vermişdi ki, əgər İranın təchizatı tamamilə dayansa belə, İranın daha əvvəl ixrac etdiyi neft müəyyən müddət ərzində bazara daxil olmağa davam edəcək. Eyni məntiqlə yanaşsaq, bir neçə ay sonra bu həcmlər tükənəcək və sonrakı aylarda bazarda müəyyən boşluq yarana bilər. Aydındır ki, Hörmüz boğazı nə qədər uzun müddət bağlı qalarsa, İran üçün valyuta daxilolmaları bir o qədər azalacaq. Bu isə həm neft qiymətlərini artırır, həm də İran iqtisadiyyatına mənfi təsir göstərir. Bu proseslərdə bir məqamı da vurğulamaq lazımdır ki, ən çox qazanan tərəflərdən biri məhz Amerikadır. ABŞ burada xərclədiyi vəsait qədər, hətta ondan da artıq gəliri qlobal bazarlarda, xüsusilə neft ixracı hesabına əldə edir. Bu gün Hörmüz boğazından keçə bilməyən tankerlər alternativ marşrut kimi Atlantik okeanı üzərindən hərəkət edir.
Bu kontekstdə, qlobal neft şokları davamlı olmayacaq. Şokların müvəqqəti xarakter daşıması neft qiymətlərinin kəskin artaraq uzun müddət yüksək səviyyədə qalmasına imkan verməyəcək. Buna görə də istər Azərbaycan, istərsə də dünya kontekstində uzunmüddətli bahalı neft dövrünün şahidi olmayacağıq.
Amma bir məsələni də mütləq qeyd etmək istərdim: biz 2026-cı ilin sonuna qədər neft qiymətlərində kəskin eniş də görməyəcəyik. Hətta bütün geosiyasi proseslər səngisə belə, dağıdılmış infrastruktur, işçi qüvvəsində yaranan problemlər, ehtiyatların azalması və anbarların boşalması tələbi yüksək səviyyədə saxlayacaq. Tələbin ilin sonuna qədər yüksək qalması isə neft qiymətlərinin kəskin ucuzlaşmasına imkan verməyəcək”.
Musavat.com