RU

Yapon alimləri ürəyin qocalmasını ləngitməyin yolunu tapıblar

Yaponiyalı alimlər müəyyən ediblər ki, mitorubin adlı birləşmə yaşla əlaqədar ürək fəaliyyətinin zəifləməsini ləngidə, hətta müəyyən qədər bərpa edə bilər.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar təbii mənşəli berberin maddəsi əsasında hazırlanmış eksperimental birləşmə olan mitorubinin təsirlərini araşdırıblar. Berberin tibbdə istifadə olunan və zirinc, qızılçətir otu, həmçinin Amur mantar ağacı kimi bəzi bitkilərin tərkibində rast gəlinən maddədir. Preparatın hüceyrə enerji sistemlərinə təsirini öyrənmək məqsədilə siçan hüceyrələri üzərində laborator sınaqlar aparılıb.

Alimlərin sözlərinə görə, yaş artdıqca hüceyrələrdə mitoxondrilərin sayı azalır və onların fəaliyyəti zəifləyir. Bu isə ürək əzələsinin sağlamlığına mənfi təsir göstərir. Araşdırmanın nəticələrinə əsasən, mitorubin mitoxondrilərin “keyfiyyət nəzarəti”nə cavabdeh olan MITOL molekullarının səviyyəsini artırır və onların çoxalmasını stimullaşdırır.

Nəticədə hüceyrələrin enerji istehsal etmək qabiliyyəti yüksəlir. Təcrübə göstərib ki, bu proses ürəyin yaşla bağlı zəifləməsini ləngitməyə, həmçinin onun funksiyalarını qismən bərpa etməyə kömək edə bilər.

Bununla belə, alimlər vurğulayırlar ki, əldə olunan nəticələr hələlik yalnız heyvan modelləri üzərində aparılan təcrübələrə əsaslanır. Metodun insanlar üçün effektivliyi və təhlükəsizliyinin təsdiqlənməsi məqsədilə əlavə tədqiqatlara ehtiyac var.

Tədqiqat müəllifləri bildirirlər ki, mitoxondrial aktivliyin azalması bir çox yaşa bağlı xəstəliklərin əsas səbəblərindən biridir. Bu sahənin daha dərindən araşdırılması ürək-damar xəstəliklərinin müalicəsi üçün yeni yanaşmaların hazırlanmasını sürətləndirə bilər.

//Gülnarə Abasova, Editor.az

Избранный
64
editor.az

1Источники