Demensiya riskini tamamilə sıfıra endirən tək üsul olmasa da, müəyyən faktorlara nəzarət etməklə bu təhlükəni yarıbayarı azaltmaq mümkündür.
Geriatr Yelena Buynova son araşdırmalara istinadən bildirib ki, xəstəliyin qarşısını almaq üçün 14 əsas risk faktoru müəyyən edilib.
Mütəxəssis beynin qocalmasını ləngitmək və yaddaş itkisindən qorunmaq üçün həyat tərzində edilməli olan dəyişiklikləri açıqlayıb.
Həkimin sözlərinə görə, təhsil səviyyəsinin aşağı olması, tütün və spirtli içki aludəçiliyi, artıq çəki və hərəkətsizlik demensiya ehtimalını artıran başlıca səbəblərdir. Bununla yanaşı, yüksək qan təzyiqi və "pis" xolesterinin səviyyəsinin artması da beynin sağlamlığına birbaşa zərbə vurur. Maraqlıdır ki, eşitmə və görmə problemləri də bu siyahıda mühüm yer tutur. Belə ki, bu duyğuların zəifləməsi nəticəsində beyin ətraf aləm haqqında təhrif olunmuş məlumatlar alır ki, bu da funksiyaların pozulmasına gətirib çıxarır.
"Sosial izolyasiya və depressiya beyin üçün dağıdıcı təsirə malikdir. İnsanlarla ünsiyyətdə olmaq, yeni bacarıqlar mənimsəmək, dil öyrənmək və ya krossvord həll etmək beyində 'koqnitiv rezerv' yaradır. Bu isə xəstəliyin inkişafını xeyli ləngidir" - deyə Yelena Buynova bildirib.
Mütəxəssis qeyd edib ki, görmə və eşitmə zəifliyini "yaşla bağlı normal hal" hesab edib taleyi ilə barışmaq olmaz. Eynək və ya eşitmə cihazlarından istifadə etmək beynin aktivliyini qorumaq üçün zəruridir.
Sağlam qidalanma və müntəzəm fiziki aktivliklə birlikdə bu kompleks yanaşma demensiyanın yaranma vaxtını xeyli gecikdirə bilər.
Elmi araşdırmalar sübut edir ki, zərərli vərdişlərdən imtina və daimi zehni məşqlər sayəsində qocalıq ağılkəmliyinin qarşısını almaq, yaxud onu uzun illər sonraya saxlamaq mümkündür.
Yəni, yaddaşınızı qorumaq üçün yalnız bədəninizi deyil, həm də beyninizi daimi hərəkətdə saxlamalı, ünsiyyətdən qaçmamalı və xroniki xəstəlikləri nəzarətdə saxlamalısınız.//Demokrat.az