RU

Çaykənd əməliyyatı: Mütəllibovun hesabı, Moskvanın maraqları

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“1991-ci ilin mayında o zamankı sovet rəhbərliyinin, yəni Moskvanın razılığı ilə həyata keçirilən əməliyyata təkcə Qarabağ münaqişəsi baxımından deyil, həm də SSRİ-də həmin vaxtlarda gedən ictimai-siyasi proseslərin tərkib hissəsi kimi baxılmalıdır. 1990-cı illərdə bütün sovet rejimi böhran yaşayırdı. SSRİ-nin mərkəzi hökuməti bu nəhəng dövlətin dağılmasının qarşısını müxtəlif üsullarla almağa səy göstərirdi. Bu məqsədlə 1991-ci il martın 17-də bütün SSRİ-ni əhatə edən referendum keçirdi. Referendumda Moskvanın əsas məqsədi SSRİ-nin mövcudluğunu qorumaq idi. Təsadüfi deyil ki, referendum məhz belə də adlanırdı: “SSRİ-nin saxlanılması haqqında”.”

Çaykənd əməliyyatı haqqında Bizimyol.info xəbər portalına tarixçi Pərviz Ağalarov danışıb. Tarixçi qeyd edir ki, Azərbaycan Respublikasının o zamankı rəhbəri – AKP-nin birinci katibi Ayaz Mütəllibov yaranmış şəraitdən öz xeyrinə istifadə etmək qərarına gəldi: “Məsələ burasında idi ki, Ayaz Mütəllibov 1990-cı il 20 yanvar hadisələrindən sonra ölkədən qaçmış Əbdürrəhman Vəzirovun yerinə Moskvanın əli ilə hakimiyyətə gətirilmişdi. Elə Moskvanın adamı kimi də onun əhali arasında ciddi dayaqları, nüfuzu yox idi. Əksinə, həmin dövrdə ölkədaxili proseslərə rəsmi hakimiyyətdən daha çox Azərbaycan Xalq Cəbhəsi nəzarət edirdi. AXC isə həm Qarabağ məsələsinin həllində, həm də SSRİ-yə münasibətdə prinsipial mövqe sərgiləyirdi: Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll edilməli, Azərbaycan isə öz müstəqilliyini elan etməli və SSRİ-nin tərkibindən çıxmalı idi. Bu hərəkat bütün respublikanı əhatə edir, xalqın böyük bir qismini öz arxasınca apara bilirdi. Bu isə nə Moskvaya, nə də onun Azərbaycandakı adamı Ayaz Mütəllibova “sərf” eləmirdi. Hər iki tərəf, həm Moskva, həm də Ayaz Mütəllibov hakimiyyəti bu referendumdan “gəlirli” çıxmaq istəyirdi” – deyə tarixçi vurğulayır.

O dövrdə baş verən prosesləri Ayaz Mütəllibov sonralar mətbuata verdiyi müsahibələrində geniş şərh etmişdir: “1991-ci il martın 17-də keçirilən referendum Azərbaycanda keçirilərək müdrik xalqımız tərəfindən yenilənmiş İttifaq Dövlətinin lehinə səs verilmişdi. Bundan istifadə edərək, mən Qorbaçova ona dəstək verməyimizi çatdırmışam. Qorbaçovun bundan sonra öz fərmanının icrasına rəvac verməsindən savayı heç bir əlacı qalmadı...”

Pərviz Ağalarov bildirir ki, bu referendumu Gürcüstan və Ermənistan ilə yanaşı SSRİ-nin 6 müttəfiq respublikası boykot etmişdi. Ayaz Mütəllibov isə Moskvanın əli ilə hakimiyyətə gəldiyindən hələ də Moskvadan – SSRİ rəhbərliyindən bərk-bərk yapışmaqda idi. Bunun nə qədər yanlış olduğunu isə əlahəzrət zaman çoxdan sübut edib...

Qayıdaq A. Mütəllibovun M.S. Qorbaçovdan xahişinə və ya tələbinə. Mütəllibov seçkiləri saxtalaşdırdı. Guya Azərbaycan xalqı SSRİ-nin saxlanmasının tərəfdarıdır. Seçkilərdə məşhur Stalin tezisi işə salınmışdı: “Əsas o deyil ki, kim səs verir və kimə səs verir, əsas odur ki, səsləri kim sayır”. AKP birinci katibinin fikrincə, o, bu addımı ilə Moskvanı “pat” etmişdi və Qorbaçovun onun tələbini yerinə yetirməkdən başqa əlacı qalmamışdı.

“1991-ci ilin may ayından iyuna qədər Azərbaycanda və qismən Ermənistanda həyata keçirilən əməliyyatın əsl məqsədləri belə idi:

Mütəllibov bu əməliyyat nəticəsində Qarabağ və ətraf ərazilərdən erməni terrorçu birləşmələrini çıxarmaqla SSRİ-nin əli ilə Qarabağ üzərində nəzarəti bərqərar edəcək və nüfuzunu artıracaq;

Moskva da Azərbaycan üzərində nəzarətini qoruyub saxlayacaq.

“Üzük” (rusca “Koltso”) adlandırılan bu əməliyyatın məqsədinin rəsmi təqdimatı isə belədir:

Rəsmi olaraq “pasport yoxlanılması” adlanan əməliyyat SSRİ-nin Daxili İşlər və Müdafiə nazirliklərinin birgə əməliyyatı olub, əsas məqsəd erməni hərbi dəstələrinin silahsızlaşdırılması idi. “Üzük” əməliyyatı 1991-ci ilin may ayında Azərbaycanın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində, Ermənistanın isə Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet daxili qoşunları və OMON (Xüsusi Təyinatlı Milis Dəstəsi) tərəfindən həyata keçirilmişdi. Əməliyyatda Azərbaycan Respublikası OMON-çuları və ətraf kəndlərdən toplanmış könüllülər də iştirak etmişdi. Uğurla başa çatan əməliyyat nəticəsində Çaykənd və digər 32 yaşayış məntəqəsində bu ərazilərə Ermənistandan və xaricdən gətirilib yerləşdirilən erməni terrorçu dəstələrinin xeyli hissəsi zərərsizləşdirildi. O zamankı Xanlar rayonu (indiki Göygöl) və Gəncə üzərindəki siyasi-hərbi təhdidlər aradan qaldırıldı” – deyə tarixçi bildirir ki, bu əməliyyat A. Mütəllibovu xeyli ürəkləndirmişdi.

Müsahibələrindən məlum olur ki, o, Qorbaçovdan sonralar narazı qalmışdı. Çünki əməliyyat tamamlanmamış, Mütəllibov DQMV üzərində Moskvanın əli ilə nəzarəti bərqərar edə bilməmişdi. O, həmçinin iddia edirdi ki, sovet rəhbərliyinin bu əməliyyatı tamamlaya bilməməsinə AXC və Erməni Milli Konqresi nümayəndələrinin Riqada görüşərək əməliyyatı pisləyən birgə bəyanatı da ciddi təsir göstərmişdi. Bu görüş müxtəlif AXC funksionerləri tərəfindən dəfələrlə təkzib edilmişdir. Onların əsas gətirdiyi faktlardan biri görüşün bu əməliyyat dövrünə təsadüf etməməsi ilə bağlıdır.

Pərviz Ağalarov nəql edir ki, mürəkkəb siyasi şəraitdə həyata keçirilməsinə və müxtəlif siyasi çalarlar daşımasına baxmayaraq, “Üzük” – Çaykənd əməliyyatı Azərbaycanın sovet rəhbərliyinin əli ilə həyata keçirdiyi uğurlu əməliyyat kimi tariximizə düşüb.

Bölgənin dinc əhalisi erməni terrorçu dəstələrinin zərərsizləşdirilməsi nəticəsində rahat nəfəs ala bilmiş, təsərrüfat həyatı ilə məşğul olmaq imkanı qazanmışdı.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
bizimyol.info

1Источники