RU

Norveçdəki fyordun dibindən müqavimət hərəkatı iştirakçılarının nəşləri tapılıb

Stokholm, 30 aprel, AZƏRTAC

Norveçdəki Oslo-fyordun (ensiz buzlaq körfəzi) dibindən insan nəşləri olan taxta qutu tapılıb. Onlar İkinci Dünya müharibəsi zamanı edam edilmiş müqavimət hərəkatı döyüşçülərinin taleyinə işıq sala bilər.

AZƏRTAC xəbər verir ki, əməliyyatda Norveç Elm və Texnologiya Universitetinin mütəxəssisləri, polis, arxeoloqlar və məhkəmə ekspertləri iştirak ediblər. Bu, ölkədə ilk analoji əməliyyatdır.

Müstəntiqlərin sözlərinə görə, nəşrlər 1944-1945-ci illərin edamlarına aiddir. Həmin dövrdə Norveçin 42 müqavimət döyüşçüsü Akershus qalasında alman işğal hakimiyyəti və Norveç Milli Polisi tərəfindən edam edilib ki, bu da polis rəisi Karl Martissenin öldürülməsinə və dəmir yolunda baş verən təxribata görə qisas almaq məqsədi daşıyırdı. Bəzi cəsədlər kremasiya edilib, digərləri isə üç taxta qutuda körfəzin dibinə atılıb.

Qutulardan biri 2024-cü ilin noyabr ayında “Æresgjeld” assosiasiyası tərəfindən tapılıb və bundan sonra məlumat polisə ötürülüb. Bu monumental kəşf mərhumların qalıqlarının təxminən 80 il ərzində ilk dəfə əldə edildiyini göstərir.

Bərpa olunmuş material mürəkkəb emal tələb edir, onlar çeşidlənməli, sənədləşdirilməli və təhlil edilməlidir. Polis bunların insan qalıqları olduğunu qəti şəkildə təsdiqləmək üçün müayinə aparacaq və bundan sonra identifikasiya prosesi başlayacaq. DNT testi də daxil olmaqla, son analiz Oslo Universitet Xəstəxanasında aparılacaq. Mərhumların qohumları artıq tapılıb və onlardan DNT nümunələri götürülüb. Prosesin mürəkkəbliyinə görə, tamamlanma tarixi hələ məlum deyil, lakin ilkin nəticələr gələn yazdan tez gözlənilmir.

Axtarışlar davam edir. Nesodden sahillərində yerləşdiyi ehtimal olunan daha iki qutu hələ də tapılmayıb. Mütəxəssislər vurğulayırlar ki, əməliyyat böyük tarixi və insani əhəmiyyətə malikdir, habelə ədalətin bərpası və qurbanların ləyaqətli dəfni yolunda mühüm addım ola bilər.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Избранный
40
1
azertag.az

2Источники