RU

Həmid Herisçi şeirlər

Kulis.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün tanınmış şair, yazıçı Həmid Herisçinin doğum günüdür.

Kulis.az bu münasibətlə müəllifi təbrik edir və onun yeni şeirlərini təqdim edir.

DANTE VƏ VERGİLİ

(Elmir Mirzəyevə)

Qoy bura tökdüyün zibil,

Ölənlərinin ehsanı olsun!

Köhnə Bakı divarlarına bu amansız, anasız

Qraffiti həkk edilmişdi,

Haqq edilmişdi,

Sanki Mərkəzi Bankın hesablarını xakerlər yarmışdı,

Xak etmişdi,

Sanki rəhmətlik Bakının meyiti yuyulmuşdu, pak edilmişdi:

"Qoy bura tökdüyün zibil,

ölənlərinin ehsanı olsun!"

Dedim: Canım sağ olsun...

Qafiyəni göydə tutdum

"Koroğlu" operasından bir parça oxudum:

Şərab doldurun, şərab doldurun...

Şəhərin, Bakının dırnaqları arasında kir kimi qalmış küçələrdə,

Sən Dante, mən Vergiliy yox, Vergili oldum...

Nəhayət ki, öz kölgəmi soyundum!!!

Kimə lazım idi mənim bu köhnə kombinezonum?

Bu dostluqda oyun başlamadı, yox...

bitdi oyun.

Sən Dante,

mən Vergili oldum.

Sən bir gün “Bizim Cəbiş müəllim” filmini

Söydün, soydun, soyundurdun,

Dedin, bu kimya müəllimi

Kimyagərdir,

Doktor Frankenşteyndir...

Şagirdlərinin piyindəndir

Onun

Çamadanından çıxarıb payladığı sabun...

Sonra dayandın... duruxdun...

Mövzuya uyğun

Dedin: Hətta dükan taxçalarındakı ən yeni şampun...

Dedin... və udqundun, susdun.

Mövzuya uyğun.

Sən Dante, mən Vergili oldum.

Sonra Məcnun olduq biz, Məcnun...

Ardını qoy danışsın

Allahverdi Firidun.

Bir az,

daha dolğun.

Sən Dante, mən Vergili oldum.

Ölüm və Olum.

YOLDAN, ORDAN TELEQRAM

Bakı şəhər prokurorluğundakı bizim uzaq bir qohum,

Ölü səhralardan, Afrikadan əsən

Gilavar, ölümcül səmum,

Bir amerikalı yevanqelist medium,

Vikipediyada oxudugum

Bir məqalə,

Qara şəhərdə Nobelə məxsus indi xaraba

“Villa petrolium”

Məzara axan qum

Yuxularıma girən mərhum

Dostum

Ceyhun

Deyir:

Hələ sağsan?

Çünki...

Çünki

Hələ də uşaqsan...

Acsan,

Səhər-səhər evdən çıxansan...

Unudma, aptekdən dərman da almalısan.

AXTAR ÖZÜNÜ EPŞTEYNİN X FAYLLARINDA

Həyat düşəndə çətinə,

həm də muğamat ahənginə,

Girəndə Hollivud süjetinə,

İlişəndə,

kilidlənəndə

indiki kimi

Hörmüz boğazı girəcəyində...

baş qəhrəman əyləşəndə sonbala Mersedesinə,

Yetişəndə tam zülmət bir tinə...

Kəlmeyi-şəhadətin səslənsə

öz-özünə.

Şalvarının cırığı qəfil girsə gözünə,

Arzuların ölsə, uzansa tam düzünə...

Əvvəl

Axtar özünü, öz üzünü,

İtmiş əbəs ömrünü, öz ölümünü,

Cəllad kötüyünü.

"Güllələnmə təxirə salınır" filmində.

Orda sən də varsan...

Apellyasiya şikayəti yazırsan

Stalinin özünə.

Sonra

Epşteynin X fayllarında,

Zəmanəmizin bu modern "Min bir gecə nağıllarında"

Üzləşdim qəfil öz adımla!

Orda mən dünya gözəli bir qadınla,

Deyəsən, Katerina adında,

Keyfdəydim Karib adalarında!

Sonra

Axtar, özünü taparsan Akutaqavanın "Rasyomon darvazası", Rasyomon adası, Robinzon adasında,

Həyatın ən böyük xata-bəlasında,

Raskolnikovun qanlı baltasında,

"Azercell"in son telefon balansında

Sənin də adın var!!!

Öz cəsədini qəfil görəcəksən hələ

Xocalı qurbanları sırasında.

Bir qədim Misir papirusunda

Sənin barəndə də yazıblar.

Axtar.

Axtar.

Axtar.

SEKOND HAND DÜKANINDA

«For sale: baby shoes, never worn»

Xəz dərili

Çox fərli, dizaynı çox fərqli

bir gödəkçə aldım,

amerikalıdan,

Sekond-hend, ikinci əl dükanından,

Qoxuladım,

iy gəlmirdi

dərin qoltuğundan...

Həm də yorğunluğumdan.

Bir də o dükanda,

andıra qalmış malların,

Köhnə musiqi vallarının,

Tozlu samovarların sırasında,

Uzun siyahısında

Allah eləməmiş

Bir cüt uşaq ayaqqabısı gördüm.

Geyilməmiş.

Elə bil ağacda göy alçaydı

hələ yetişməmiş...

Öz dilində mənə deyirdi:

You speak English?

Finiş xəttiydi bu,

Tam finiş...

Burda cəld öz yerindən qalxıb,

elektron gitaraya,

Uzaqlarda itən gecə qatarına,

Pencəyinin nəşəli astarına

Özünü çatdırmalıydı

Ağdamlı Rəmiş!!!

Orda həyat,

Ağır həvəngdəstəylə hələ

tam əzilməmiş.

Əzrayıl o mənzərəni, mənzili hələ tam kirayələməmiş...

Gitaranı köksünə hələ sıxmamış Rəmiş

O çəkmələri ata-ana əzizləmiş, iylərmiş,

Öpərmiş...

Deyərmiş - "Firəngiz"...

Tam səssiz.

Uşaq çəkmələri satılır

Geyilməmiş...

Ernest Heminquey, vaxtilə,

cəmi bu iki sətirlə,

Allah eləməmiş

Həyatın faniliyini, bir saniyəsini göstərərmiş.

Elə bil o, bu çəkmələri geymiş...

Ağacların tərbiyəsini pozan

küləklərə qoşulub

1936-cı ilə, İspaniyaya, Kilimancaro dağına, Afrikaya, ədəbiyyata doğru getmiş...

Ürəyində

həmişə deyərmiş:

«For sale: baby shoes, never worn»

NO COMMENT.

ŞƏRHSİZ.

***

Bu ölkədə,

bəlkə də,

arvadların yazdığı cadu duası,

restoranlardakı kələm, yarpaq dolması,

"Qarabağ" futbolçularının

diz yarası,

Şəki halvası,

hətta Qafqaz Müsəlmanları İdarəsində

mollaların yaşıl çalması,

"Qapaz.info" xəbər agentliyinin ikiəlli qapazı,

Ayfonun dişlənmiş alması,

Beynəlxalq Valyuta Fondundan alınmış kreditlərin

son tranşı

eyni qaydayla

qatlanır, bağlanır, sarınır,

bükülür...

Gözlərimizin yaşı tökülsə də,

Böyrəklərimizin daşı

tökülmür!!!

TƏQVİM KİLLERİ

THE KALENDAR KİLLER

Belə mərhumların mürdəşirləri də

Çox yaşamır sonra…

Üçdüyməli köynəkləri,

Andırları, soxaları,

Fotolarındakı qısa bığları,

Boğazlarında qalan balıq tıxları

Tez götürülür ortalıqdan.

Çarpayı üstündən,

Cinayət işlərindən

Tez silinir.

Yarımçıq əlyazmaları da

Həmçinin.

Patoloqoanatomun imzası isə,

Oxunmur sonra.

Qorunmur sonra.

Hətta zərrəbinlə belə

Oxuyammazsan indi o pozulmuş sətirləri...

Cəlladlar çoxdan gizlədiblər

Dar ağacları altından

O lax kətilləri,

Bütün şahidləri.

Yandırıblar bütün sənədləri.

Ancaq bəziləri...

Hələ də qalır,

Qorxudur köhnə nazirləri!

Yoxlasan qara qutulardakı ehsanları, nəzirləri...

Gərək təzədən çıxaraq o kətilləri,

Edam edək bəzilərini...

Gecəylə yuxudan oyadaq mürdəşirləri.

Bütün ölüləri!

Hə... deyirlər şəfalıdır

Ölülərin təri.

Bakı Şəhər Prokurorluğundakı bizim uzaq bir qohum,

Ölü səhralardan, Afrikadan əsən

Gilavar, ölümcül səmum,

Bir amerikalı yevangelist medium

Deyir:

Hər iki mərhum

– Kamil Nərimanoğlu və Arif Acalov eyni gündə,

bir ay fasilə ilə öldülər.

Öldürüldülər

bəlkə də.

Biri 16 noyabrda, digəri 16 dekabr 2023-cü ildə.

İkisi də təxminən eyni peşəni, taleyi, ölümü bölüşdü.

İkisi də Elçibəyin müavini işləmişdi.

İkisi də Bakıya təzəcə gəlmişdi.

İki filoloq. Semiotik.

Azca nevrotik.

Eyni 16 rəqəmi…

Seriyalı qatil, vallah, Əzrailə oxşamır.

Daha realdır, deyəsən.

Bu dəfə Aqata Kristi detektivini biz yox,

Həyatın özü yazdı.

Gördü, bizdə istedad azdı.

Qənaət etdi

Kağızı.

Bu süjetdə əlaqə telləri düzxətli yox,

Çarpazdı.

P.S. Bakıda başlanan bu detektiv süjet düz bir ay sonra, eyni tarixdə - 16 yanvar 2024-cü ildə Almaniya kinoekranlarında öz davamını, ardını tapdı.

Məhz bu dəqiq tarixdə rejissor Adolf Kolmerer "Der Heimweg", yəni "TƏQVİM QATİLİ" filmini Almaniya kinoekranlarına təqdim etdi.

Romançı Sebastyan Fitsekin eyniadlı romanı əsasında çəkilmiş bu filmdə qatil öz qurbanlarını məhz bu xronologiyayla öldürürmüş.

Arif Acalovla Kamil Vəli Nərimanoğlunun qətllərinin sirrini bilmək istəyirsənsə əgər,

Yaxına baxan eynəyini tax,

Filmə bax.

Bakı Ağır Cinayətlər Məhkəməsi də bu cinayət işlərinə yenidən baxmalıdır.

Özü də mistik gözlə.

Təəssüfləndirici məqam mərhumu vuran “Mercedes” markalı avtomobilin sükanı arxasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri cənab X-in olmasıdır.

Hadisənin hər iki iştirakçısı tanınmış şəxsdir...

Biri türkoloq alim, professor, İstanbul Mərmərə Universitetinin müəllimi, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri, akademik və siyasi araşdırmaların müəllifi...

Digəri mətbuatın az qala hər gün müraciət etdiyi həkim, saytlara, qəzetlərə, telekanallara açıqlamalar verən toksikologiya üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru, həkimlər və tələbələr üçün “Kliniki Toksikologiya” kitabının həmmüəllifi...

İndi o azadlıqdadır.

Suallarımı istəyirəm bu həkimə verim.

Mistika davam edir hər zaman.

Bitmir heç vaxt.

Bu dəfə Aqata Kristi detektivini biz yox,

Həyatın özü yazdı.

Gördü, bizdə istedad azdı.

Deyirlər, şəfalıdır ölülərin təri...

Bollivudun əfsanəvi müğənnisi dünyasını dəyişdi

Məşhur aktyorun vəfat səbəbi açıqlandı

Nikolay Qoqolun mistik ölümü… - Vüsal Bağırlı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
1
kulis.az

4Источники