RU

“Avropa İttifaqı Azərbaycana strateji tərəfdaş kimi daha çox önəm verir” ŞƏRH

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“ABŞ Avropa İttifaqının üzvü olmayan, lakin coğrafi olaraq ən yaxınlıqda yerləşən ölkə olmalıdır ki, həm onun enerji təhlükəsizliyinə, həm ümumiyyətlə siyasi və hərbi tərəfdaşlığına Avropa İttifaqı çərçivəsində töhfə versin”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Biz burada Avropa İttifaqının əsasən qonşularından danışırıq, yalnız Atlantik okeanının o biri tərəfində yerləşən Amerikadan deyil, Cənub və Şərq qonşuluğundan söhbət edirik. Avropa İttifaqının Şimal-Şərq qonşuluğunda Ukrayna–Rusiya müharibəsi gedir.

Artıq Avropa İttifaqı həmin bölgəyə müharibə zonası kimi baxır və tərəfdaşlıq platforması kimi oradan diqqətini bir qədər çəkib. Ona görə də yeganə istiqamət kimi Cənub-Şərq qonşuluğu qalır. Bildiyimiz kimi, Cənub-Şərq qonşuluğunda ən önəmli coğrafiya Böyük Qafqazlar və Azərbaycanın yerləşdiyi Böyük Avrasiya regionudur.

Ona görə də Avropa İttifaqı liderləri, xüsusilə də dünyada böhranın baş verdiyi zamanda, Azərbaycana səfərlərə başlayıblar. Bu, təsadüfi deyil, Avropa İttifaqı daxilində formalaşan bir təşəbbüsdür.

Bu, zərurətdən irəli gəlir. Burada həm Azərbaycanın regionda açar ölkə olması, güclü siyasi və hərbi çəkiyə malik olması, həm də enerji təhlükəsizliyi məsələsi əsas rol oynayır.

Amma enerji təhlükəsizliyi tək amil deyil, yəni avropalılar buraya yalnız neft və qaz üçün gəlmirlər. Düzdür, bu da böyük bir faktordur. Ancaq Avropa İttifaqında son dövrlərə qədər belə bir yanaşma var idi ki, xüsusilə Rusiya–Ukrayna müharibəsi və digər regional gərginliklər göstərdi ki, Avropa İttifaqı əsasən öz üzv ölkələri daxilində və daxili çərçivədə problemləri həll etməyə üstünlük verirdi.

“Yalnız Avropa İttifaqının çərçivəsində öz problemlərimizi həll edək, ətrafda hansı böhranlar olur-olsun, çalışaq ki, Avropa İttifaqını bunun içində saxlamayaq” kimi bir düşüncə mövcud idi. Lakin Rusiya–Ukrayna müharibəsi və digər risklər göstərdi ki, bu yanaşma yetərli deyil. Böhranlar və müharibələr Avropa İttifaqının enerji, siyasi və hərbi təhlükəsizliyinə ciddi təsir göstərdi”.

Deputat qeyd edib ki, ona görə də Avropa İttifaqı çıxış yolu kimi Böyük Qafqazlara, Mərkəzi Asiyaya və Xəzər hövzəsinə çıxış olan əsas ölkə kimi Azərbaycana daha çox diqqət yetirməyə başladı:

“Ard-arda Azərbaycana səfərlər həyata keçirilir, Latviya prezidenti və digər Avropa ölkələrinin nümayəndələrinin səfərləri gözlənilir, biznes forumlar keçirilir və digər tədbirlər təşkil olunur. Bu da Azərbaycanın Avropa İttifaqının siyasi, hərbi, təhlükəsizlik və enerji komponentlərində önəmli ölkəyə çevrildiyini göstərir.

Hətta Avropa İttifaqının daxilində elə üzv ölkələr var ki, artıq Brüsselə əvvəlki qədər güvənmir və bəzi böyük ölkələrin təsirindən narahatdırlar. Avropa İttifaqının daxilində də müəyyən fikir ayrılıqları və gərginliklər müşahidə olunur. Məsələn, Vişeqrad Qrupunun üzvləri bu proseslərdə xüsusi mövqe nümayiş etdirirlər.

Bəzi ölkələr istəmir ki, Fransa və Almaniya kimi böyük dövlətlər onlara hegemon yanaşma ilə təsir göstərsin. Onlar Brüsseldən həddindən artıq asılı olmaq və bütün qərarların mərkəzdən verilməsini dəstəkləmirlər. Bu, Avropa İttifaqından çıxmaq istəyi deyil, sadəcə olaraq mövcud böhranlar, enerji problemləri və müharibələrin yaratdığı risklər fonunda daha balanslı münasibət tələbidir.

Ona görə də bu ölkələrə güclü tərəfdaşlar lazımdır ki, öz suverenliklərini qoruya bilsinlər və Avropa İttifaqı daxilində öz mövqelərini daha güclü şəkildə ifadə edə bilsinlər.

Azərbaycan bu baxımdan uyğun ölkə kimi qiymətləndirilir. Azərbaycanın güclü lideri və praqmatik siyasəti ilə əməkdaşlığa maraq artır və bu istiqamətdə səfərlər və əlaqələr davam edir”.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
icma.az

1Источники