Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin ABŞ Prezidenti Donald Trampı Moskvaya dəvət etməsi onun Qələbə Günü tədbirlərinə dəvət olunduğu anlamına gəlmir.
Redaktor.az xəbər verir ki, Peskov bu barədə brifinqdə açıqlama verib.
Məlumata görə, Kremlin sözçüsü qeyd edib: “Xeyr, bu hələ heç nə demək deyil. Dəvət var və qarşılıqlı dəvət də var, prezidentlər bunu qeyd ediblər. Amma hələlik bu məsələ ilə bağlı konkret razılaşma yoxdur”.
Qeyd olunub ki, Vladimir Putin və Donald Tramp çərşənbə günü təxminən bir saat yarım davam edən telefon danışığı aparıblar. Danışıqlar zamanı tərəflər Ukrayna münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
Bildirilib ki, iki lider Ukrayna Prezidenti Vladimir Zelenskinin rəhbərlik etdiyi hakimiyyətin siyasəti ilə bağlı mövqelərini bölüşüb və münaqişənin uzanmasında Avropa faktorunun roluna diqqət çəkiblər.
Məlumata əsasən, tərəflər Rusiya-ABŞ münasibətlərini də müzakirə ediblər. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, liderlər iqtisadiyyat və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Qeyd edilib ki, artıq iki ölkə arasında bir sıra iri iqtisadi təşəbbüslər üzrə müzakirələr aparılır və tərəflər həm birbaşa, həm də nümayəndələr vasitəsilə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Aminə ŞAHSUVARQIZI