RU

Hüquqşünas Əkrəm Həsənov: “Vətəndaşda belə bir qorxu formalaşa bilər ki...”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Gömrükdən keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Bizimyol.info xəbər verir ki, sözügüdən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, gömrük sərhədini keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Qeyd edək ki, sənəd Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alıb.

Gömrükdən keçən malların 6 ay ərzində rəsmiləşdirilməməsi halında dövlət mülkiyyətinə keçirilməsi praktikada hansı hüquqi və biznes riskləri yaradır?Bu dəyişiklik sahibkarların idxal-ixrac fəaliyyətinə necə təsir edə bilər?

Bu barədə Bizimyol.info xəbər portalına hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu məsələlər ayrıca qiymətləndirilməlidir: “Bu qanun layihəsi ilə tam tanış deyiləm və orada necə yazıldığını dəqiq bilmirəm. Bu, o halda düzgün sayıla bilər ki, yəni rəsmiləşdirmənin başa çatmamasında təqsir olmalıdır. Ola bilər ki, şəxsin üzrlü səbəbi olub və ya hansısa obyektiv maneələr səbəbindən proses tamamlanmayıb. Bəlkə dövlət orqanının özünün günahı səbəbindən bu olmayıb. Ona görə də bu məsələlər ayrıca qiymətləndirilməlidir. Sadəcə “müddət keçdi, avtomatik dövlət mülkiyyətinə keçdi” yanaşması düzgün deyil. Yaxud bildiyim qədər gömrük anbarları mövcuddur. Bəlkə sahibkar icarə haqqı verib malları orada saxlayacaq. Bu halda niyə avtomatik olaraq mal dövlət mülkiyyətinə keçməlidir?”

Əkrəm Həsənov həmçinin deyib: “Nəzərə alsaq ki, bizdə gömrük orqanlarında rəsmiləşdirmə ilə bağlı müəyyən problemlər də olur, mən qorxuram bu yanaşma əks nəticə versin. Yəni gömrük orqanlarında özbaşınalıq, sui-istifadə halları yarana bilər. Çünki vətəndaşda belə bir qorxu formalaşa bilər ki, əgər mən gömrük rəsmiləşdirməsini müəyyən edilən şərtlər daxilində vaxtında tamamlaya bilməsəm və bu şərtlər də qeyri-müəyyəndirsə, malım dövlət mülkiyyətinə keçə bilər. Bu isə sahibkarları çəkindirə bilər”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
bizimyol.info

1Источники