RU

"MİQ imtahanından sonra müəllimlərə psixoloji hazırlıq kursları təşkil olunmalıdır" -Professordan TƏKLİF

Ötən həftələrdə məktəblərdə baş verən xoşagəlməz hadisələr psixoloq məsələsini yenidən gündəmdə saxlayır. Məktəb psixoloqlarının fəaliyyəti ilə yanaşı, müəllimlərin də psixoloji yanaşma bacarıqlarına sahib olması vacib hesab olunur.

Bəs müəllimlərə psixoloji savadlılıq verilməsi üçün hansı addımlar atıla bilər?

Azərbaycan Dillər Universitettinin (ADU) professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, son dövrlərdə məktəblərdə baş verən xoşagəlməz hadisələr, şagirdlər arasında zorakılıq, təhlükəli davranışlar və aqressiya halları təhsil sistemində psixoloji xidmətlərin vəziyyətinin yetəri qədər ciddi təşkil olunmadığını göstərir.

Müshibimizin fikrincə, bu hadisələr tək-tək fərdi problemlər deyil, sistemli boşluqların və diqqətdən kənarda qalan sahələrin nəticəsidir:

"İlk növbədə, məktəblərdə psixoloq fəaliyyətinin formal xarakter daşımaması təmin olunmalıdır. Psixoloq sadəcə sənəd üzərində mövcud olan bir ştat vahidi deyil, məktəb həyatının aktiv iştirakçısı olmalıdır. Şagirdlərlə mütəmadi fərdi və qrup görüşləri keçirilməli, risk qrupları erkən mərhələdə müəyyən edilməli və davamlı psixoloji müşahidə aparılmalıdır. Psixoloqun fəaliyyəti yalnız problem baş verdikdən sonra deyil, profilaktik və maarifləndirici istiqamətdə qurulmalıdır. Bunun üçün məktəblərdə psixoloqların iş yükü, say nisbəti və peşəkar inkişaf imkanları mütləq yenidən nəzərdən keçirilməlidir.

Digər mühüm məsələ müəllimin rolu ilə bağlıdır. Ümumiyyətlə, müəllim yalnız bilik ötürən şəxs deyil, eyni zamanda şagirdin emosional vəziyyətini anlayan, davranışlarını düzgün istiqamətləndirən bir bələdçidir. Bu mənada “müəllim bir qədər də psixoloq olmalıdır” fikri təsadüfi deyil. Lakin burada məsələ müəllimdən əlavə bir peşə tələb etmək deyil, ona əsas psixoloji savadlılıq, emosional intellekt və sinifdaxili davranış idarəetmə bacarıqları qazandırmaqdır. Eyni zamanda, müəllimlərin işə qəbulundan sonra da davamlı peşəkar inkişaf proqramları çərçivəsində psixoloji hazırlıq kursları təşkil olunmalıdır. Digər tərəfdən bunu da vurğulamaq istərdim ki, son illər müəllimlərin nüfuzunun düşməsi, dəyərlər anlayışının yerdəyişməsi də vəziyyətin bu dərəcədə idarəedilməz həddə çatmasına səbəb olub".

Professor vurğuladı ki, məktəb yalnız akademik biliklərin verildiyi məkan deyil, həm də şəxsiyyətin formalaşdığı bir mühitdir:

"Bu mühitdə təhlükəsizlik, qarşılıqlı hörmət və psixoloji sağlamlıq təmin olunmadıqca, keyfiyyətli təhsildən danışmaq çətindir. Bu məsələdə valideynlərin rolu son dərəcə vacibdir. Uşağın davranışının formalaşmasında ailə mühiti əsas təsir amildir. Valideynlər övladlarının emosional vəziyyətinə diqqət yetirməli və aqressiv davranışların qarşısını erkən mərhələdə hiss edib reaksiya verməlidirlər. Unutmaq olmaz ki, məktəbdə baş verən problemlərin həlli yalnız təhsil müəssisəsinin deyil, ailə və məktəbin birgə məsuliyyətidir. Məsələyə lokal problem kimi deyil, sistemli yanaşma tələb edən strateji məsələ kimi baxmalı və bütün tərəflərin məktəb rəhbərliyi, müəllimlər, psixoloqlar, valideynlər və ali təhsil müəssisələrinin koordinasiyalı fəaliyyətini təmin etməliyik".

Aytəkin TOFİQQIZI

Избранный
52
1
redaktor.az

2Источники