Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutu tərəfindən Azərbaycan tarixinin yeni, müasir konsepsiya əsasında hazırlanması istiqamətində genişmiqyaslı işlər aparılır. Bircildlik “Azərbaycan tarixi” kitabı 2026-cı ilin sonunadək oxuculara təqdim ediləcək.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov deyib. Professor bildirib ki, hazırda çoxcildlik Azərbaycan tarixinin hazırlanması ilə yanaşı, xalqın bütün təbəqələri üçün əlçatan olacaq bircildlik fundamental nəşrin ərsəyə gətirilməsi əsas hədəfdir: “Biz istəyirik ki, bu, hər bir vətəndaşın müraciət edə biləcəyi mükəmməl bir mənbə olsun. Artıq kitabın müəyyən bölmələri yazılıb və institutun rəsmi saytında ictimaiyyətə təqdim edilib. Hazırda bu bölmələr ətrafında müzakirələr təşkil olunur, müxtəlif təkliflər alınır”.
İnstitut direktoru vurğulayıb ki, müstəqillik dövründə tariximizin müxtəlif mərhələlərinin öyrənilməsi sahəsində böyük işlər görülsə də, bütün bu tədqiqatları özündə birləşdirən vahid və yeni konseptual yanaşmaya ehtiyac yaranıb.