RU

"Avropalılar başqalarına dərs keçməzdən əvvəl öz daxili korrupsiya problemlərini həll etməlidirlər" - Deputat

"Azərbaycanın Avropa institutları, Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamenti ilə bağlı mövqeyi hər zaman açıq-aydındır. Ölkəmizə qarşı kampaniya aparan və ya dözülməz münasibət göstərən hər bir quruma dərhal adekvat cavab verilib. Azərbaycan bu cür təşkilatlara qarşı demarşlar edərək öz mövqeyini və milli maraqlarını qətiyyətlə qoruyur".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

Onun sözlərinə görə, istər Cozef Borel kimi rəsmilər tərəfindən, istərsə də Avropa Parlamentində Azərbaycana qarşı təşkil edilən kampaniyalara qarşı daim reaksiya verilir:

"Avropa İttifaqı ilə münasibətlərə məsul olan Avronest Parlament Assambleyasında da bənzər vəziyyət yaranıb. Hətta bir müddət Azərbaycan bu qurumda fəaliyyətini dayandırdı və iştirakdan imtina etdi. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı dözülməz mühit formalaşdığı üçün nümayəndə heyətimiz AŞPA-nı tərk edərək fəaliyyətini dondurdu. Bənzər hallar Avropa Parlamentində də dəfələrlə baş verib. Biz bu qurumdakı korrupsiya skandallarına və anti-Azərbaycan çıxışlarına hər zaman cavab veririk. Şəxsən mənim özümün Avropa Parlamentinin korrupsiya qalmaqallarında adları hallanan keçmiş rəhbərlərini, məsələn, Eva Kayli və digərlərini tənqid etməyimə görə, Azərbaycan nümayəndə heyəti üzvlərinin səsinin kəsilməsi üçün müvafiq çağırışlar edilirdi. Lakin bu cəhdlər heç bir nəticə vermədi".

Millət vəkili əlavə etdi ki, bizim həm parlamentarilər, həm də rəsmi şəxslər səviyyəsində mövqelərimiz qorunur:

"Avropa Parlamentində və bütövlükdə Avropa İttifaqında vəziyyət birmənalı deyil. Orada Azərbaycanla əməkdaşlıq tərəfdarı olan xeyli qüvvə və ölkə var. Məsələn, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Azərbaycanla münasibətləri praqmatik müstəvidə saxlamağa çalışırlar. Lakin bəzi qruplar hələ də ölkəmizə qarşı kampaniya aparırlar. Bu səbəbdən biz, bizimlə dost olanlarla dostluq edir, qarşı tərəfdə duranlara isə sərt mövqe göstəririk. Azərbaycan nə Avropa Parlamentinin, nə də Avropa İttifaqının üzvüdür. Bizim bu qurumlarla iş aparmağımızın əsas şərti ondan ibarətdir ki, onlar Azərbaycanla diktə dilində danışmasınlar. Üzv olmadığımız üçün onların bizə qarşı hər hansı təsir rıçaqı, bizi üzvlükdən çıxarmaqla hədələmək və ya təzyiq göstərmək şansı yoxdur. Azərbaycan hansı Avropa institutu və ya ölkəsi ilə əməkdaşlıq edəcəyini müstəqil şəkildə özü seçir. Son günlərdə Avropa İttifaqının iki mühüm ölkəsinin -  Latviya və Çexiyanın rəhbərləri Azərbaycana səfər etdilər".

Müsahibimiz qeyd etdi  ki, biz artıq Avropa İttifaqının 10 ölkəsi ilə strateji tərəfdaşlıq müqaviləsi imzalamışıq və onların enerji təhlükəsizliyinə töhfə veririk.

"Bu günlərdə adı korrupsiya qalmaqallarında hallanan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun Avropa Parlamentindəki şəbəkəsi yenidən ifşa olunur. Cozef Borel ilə bağlı açıqlamalar da gündəmdədir. Hesab edirik ki, avropalılar başqalarına dərs keçməzdən əvvəl öz daxili korrupsiya problemlərini həll etməlidirlər. Ona görə də məsələ münasibətləri tamamilə kəsmək deyil, bizə yaxşı münasibət göstərən siyasətçilər və qurumlarla selektiv münasibətlərin qurulmasıdır. Məsələn, Çexiyanın Baş naziri Qəbələyə səfər etdi. Çexiya kimi ölkələr Brüsselin bürokratik basqılarından və müstəqil siyasətə mane olan qaydalarından xəbərdardır. Məhz buna görə də Antonio Kosta və ya Latviya Prezidenti kimi liderlər öz xarici siyasətlərini şaxələndirmək və Brüsseldən asılılığı azaltmaq üçün Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Biz də belə konstruktiv əməkdaşlıqlara hər zaman açığıq", - deyə millət vəkili sonlandırdı.

Xədicə BAXIŞLI

Избранный
27
1
redaktor.az

2Источники