RU

Səyahət planlaşdırmaq çətinləşir: Tur paketi alanlardan niyə əlavə ödəniş istənilir?

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Türkiyəyə uçuşlar üzrə inhisarçı mövqedə olduğu bildirilən "Summer Tour Azərbaycan" şirkəti artıq satılmış və müştərilərə təqdim edilmiş tur paketləri üzrə əlavə ödəniş tələb etməyə başlayıb.

Bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Şirkətin yaydığı açıqlamada qeyd olunur ki, indiyədək satılmış və ödənişi tam həyata keçirilmiş Türkiyə turları üzrə hər bir səyahətçidən 65 dollar əlavə ödəniş tələb olunur.

Turizm şirkətlərinə ünvanlanan məlumatda bu qərarın səbəbi kimi dünya üzrə mövcud iqtisadi vəziyyət, yanacaq qiymətlərində ciddi artım və çatışmazlıq fonunda aviabiletlərin qiymətlərində baş verən dəyişikliklər göstərilir.

Turizm eksperti Rəhman Quliyev isə bildirib ki, "Azərbaycan Hava Yolları" QSC-də hazırda hər hansı qiymət artımı müşahidə olunmur:

"Bahalaşma olsa belə, satış siyasətinə uyğun olaraq bu cür qərarlar yalnız qərarın verildiyi tarixdən sonra rəsmiləşdirilən biletlərə şamil edilə bilər. Azərbaycanda fəaliyyət göstərən tur operatorları aviabilet, hotel, sığorta, transfer kimi xidmətləri paket halına salaraq vergi ödəyicisi olan turizm şirkətləri vasitəsilə müəyyən marja ilə satışa çıxarırlar. Bu qərar turizm şirkətlərini ciddi maliyyə çətinliyi ilə üz-üzə qoya bilər. Turistlərlə turizm şirkətləri arasında narazılıq və mübahisələrin yaranması istisna deyil".

Məsələ ilə bağlı "Summer Tour Azərbaycan" şirkətindən qeyd edilib ki, yanacaq əlavəsinin tətbiqi onların qərarı deyil və bu, şirkətin səlahiyyətlərinə daxil deyil:

"Təyyarələr aviaşirkətlərə məxsusdur və bu kimi dəyişikliklər birbaşa aviaşirkətlər tərəfindən tənzimlənir. Yanacaq əlavəsinin ödənilməsi ilə razılaşmayan turistlərə isə ödənişlər müvafiq cərimələr tutulmadan tam şəkildə geri qaytarılacaq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
47
baku.ws

1Источники