RU

“Yumşaq dil” qrup sərgisinin açılışı olub

Yazını böyüt
Yazını kiçilt

YAY qalereyasında YARAT Müasir İncəsənət Məkanın təşkilatçılığı, multidissiplinar rəssam Leyli Ələkbərovanın kuratorluğu ilə “Yumşaq dil” adlı qrup sərgisinin açılışı keçirilib.

Hafta.az xəbər verir ki, yerli və xarici rəssamların iştirak etdiyi sərgi materialların ifadə imkanlarını araşdırır. Burada lif, sap və digər materialların verbal dilin sərhədlərini aşaraq zəriflik, təkrarlanma və taktillik vasitəsilə bir-biri ilə necə qarşılıqlı əlaqə qurduğu nümayiş olunub.

“Yumşaq dil” sərgisi tekstil və qarışıq texnika ilə hazırlanmış əsərləri bir araya gətirir. Ekspozisiyada taktil və maddi xüsusiyyətləri ilə seçilən, yüksək ifadə intensivliyinə malik qadın rəssamların yaradıcılıq praktikaları təqdim olunub. Tarixən qadınlarla əlaqələndirilən tekstil, naxışların ritmik təkrarı və əl əməyinə əsaslanan proseslər burada bilik, irs və yenilənmə məkanları kimi yenidən mənalandırılır.

Sərgi çərçivəsində yun, ipək, pambıq, metal, kağız və müxtəlif süni materiallar bir-birinə qarışır; hər biri özündə əməyin, coğrafiyanın və mədəni yaddaşın izlərini daşıyır. Bir araya gəldikdə isə bu materiallar rezonans məkanı yaradır, mövcudluq formalarını, hekayələri və müxtəlif dünyaları birləşdirən ortaq bir dilə çevrilir.

Sərgidə Jalə Əziz, Leyli Ələkbərova, Kirra Kyuzi, Lea Sun, Şarlott Nordqren Syuell, Barbara Qarsiya, Aleksiya Lyeonart, Aqustina Fioretti, Medison Katrina Flad, Nora Sarlak, Liza Mur, Paulina Laqos Burqos, Silke Şpitser, Anna Ariu, Sara Heydari, Lena Bonsak, Culi Peter, Felisitas Vasner, Melissa Dorn, Teresa Puç və Kristina Ridin əsərləri yer alıb.

Sərgi ilə həmçinin “YARAT” Müasir İncəsənət Məkanın təsisçisi Aida Mahmudova tanış olub.

Qeyd edək ki, Leyli Ələkbərova multidissiplinar rəssam və kuratordur. O, Barselonadakı Escola Massana məktəbində tekstil ixtisası üzrə magistr dərəcəsi alıb. Rəssamın tekstil əsərləri Bakı Müasir İncəsənət Muzeyində, XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində, Bakı Dəmiryolu Muzeyində və “Gazelli Art House”da sərgilənib. Həmçinin onun qısametrajlı filmləri Barselonada keçirilən “Loop Festival”ın “City Screen” proqramında nümayiş olunub.

Избранный
53
hafta.az

1Источники