RU

Türkiyənin müdafiə nəhəngi sürət yığdı: sifariş portfeli 20 milyardı keçdi

Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Musavat.com xəbər verir ki, şirkət bu dövrdə 34,3 milyard türk lirəsi həcmində gəlir əldə edib və real artım tempi 15% təşkil edib.

Məlumata görə, ASELSAN yeni ixrac müqavilələri üzrə 629 milyon dollar dəyərində razılaşmalar imzalayıb ki, bu da əvvəlki dövrlə müqayisədə 69% artım deməkdir. Şirkətin ümumi sifariş portfeli isə 20,7 milyard dollara yüksəlib.

Bildirilir ki, yeni müqavilələrin yarısı xarici tərəfdaşlarla bağlanıb. Bu isə şirkətin qlobal bazarda mövqelərinin əhəmiyyətli dərəcədə gücləndiyini göstərir.

Eyni zamanda, istehsal gücünün artırılması istiqamətində investisiyalar da kəskin şəkildə artıb. Seriyalı istehsala yönəldilən vəsait 261% artaraq 137 milyon dollara çatıb. Tədqiqat və inkişaf xərcləri isə 41% yüksələrək 357 milyon dollar təşkil edib.

Şirkətin gəlirlərinin əsas hissəsi hava hücumundan müdafiə sistemləri, o cümlədən “Polad Qübbə”, radar texnologiyaları, radioelektron mübarizə vasitələri, hərbi rabitə sistemləri, elektro-optika və idarəolunan sursatlar kimi sahələrdən formalaşır.

Şirkətin baş direktoru bildirib ki, gəlir artım tempi 2024-cü ildə 5%, 2025-ci ildə 9% olduğu halda, 2026-cı ildə 15%-ə yüksəlib. Bu dinamika ASELSAN-ın ardıcıl inkişaf etdiyini göstərir. Eyni zamanda investisiyalardakı kəskin artım məhsullara yüksək tələbatın və istehsal gücünün genişləndirilməsi planlarının göstəricisi kimi qiymətləndirilir.

 

Musavat.com

Избранный
39
musavat.com

1Источники