RU

Sərxoş kişi restoranda keçmiş sevgilisi ilə mübahisə edən arvadını döydü – MƏHKƏMƏ

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nəbi Balayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə 2026-cı il tarixdə, saat 02:15 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən restoranların birində baş verib.

 

Belə ki, Nəbi Balayev qəbul etdiyi spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olarkən restoranda təsadüfən qarşılaşdığı, əvvəllər sevgi münasibətində olduğu şəxs ilə həyat yoldaşı, zərərçəkmiş Yeganə Balayeva (adı, soyadı şərtidir) arasında yaranan qısqanclıq zəminli mübahisəyə müdaxilə edib. Mübahisə zamanı arvadı ona kobud cavab verib. Bundan əsəbiləşən təqsirləndirilən şəxs sol əli ilə onun sifət nahiyəsinə və dodaq hissəsinə zərbələr endirib. Nəticədə Yeganəyə sol göz ətrafında hematoma və alt dodaq nahiyəsində əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirilib.

 

İttiham aktında qeyd olunur ki, bu hərəkətləri ilə Nəbi Balayev Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan – qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törədib.

 

Məhkəmənin hazırlıq iclasında o, elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini və zərərçəkmiş şəxslə barışdığını deyib. Nəbi Balayev barəsində olan cinayət işinə xitam verilməsini xahiş edib və bununla bağlı ərizə təqdim edib.

 

Eyni zamanda Yeganə Balayeva da məhkəmədə ifadə verərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Qadın həmçinin hadisə nəticəsində maddi zərər çəkmədiyini qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

Tarix: 1 May 2026, 08:02   
Избранный
39
pravda.az

1Источники