RU

"Azərbaycan idmançılarının beynəlxalq arenada qazandığı uğurlar ölkəmizin nüfuzunu daha da artırır"

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən güləşçilərlə görüş keçirib. Görüş Albaniyanın paytaxtı Tirana şəhərində təşkil olunmuş Avropa Güləş Çempionatı yarışında böyük uğur qazanan idmançılara həsr edilib. Bu mötəbər yarışda Azərbaycan güləşçiləri həm yunan-Roma, həm sərbəst, həm də qadın güləşi üzrə yüksək nəticələr əldə edərək ölkəmizin idman tarixində daha bir parlaq səhifə yazıblar.

Görüşdə medal qazanan idmançılarla yanaşı, onların məşqçiləri və idman mütəxəssisləri də iştirak ediblər. Prezident İlham Əliyev çıxışında idmançıları səmimi qəlbdən təbrik edərək bildirib ki, onların qazandığı qələbələr yalnız şəxsi nailiyyət deyil, bütün Azərbaycan xalqının uğurudur. Dövlət başçısı xüsusilə vurğulayıb ki, beynəlxalq arenalarda üçrəngli bayrağımızın ucaldılması və dövlət himnimizin səsləndirilməsi hər bir azərbaycanlı üçün böyük qürur və sevinc mənbəyidir.

Prezident qeyd edib ki, Azərbaycanda idmana göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. Son illər ərzində ölkəmizdə idman infrastrukturunun inkişafı, beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi və gənclərin idmana cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu siyasətin nəticəsidir ki, Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında uğurla çıxış edirlər.

Görüş zamanı idmançılar da çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, dövlətin dəstəyi onların motivasiyasını daha da artırır və gələcək yarışlarda daha böyük uğurlar qazanmağa ruhlandırır.

Bu cür görüşlər idmançılar üçün təkcə mənəvi stimul deyil, eyni zamanda ölkədə idmanın inkişafına verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan idmançılarının beynəlxalq arenada qazandığı uğurlar ölkəmizin nüfuzunu daha da artırır, gənc nəsildə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edir. Hər bir qələbə Azərbaycan xalqının birliyini, gücünü və yenilməz ruhunu nümayiş etdirir.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Избранный
33
1
redaktor.az

2Источники