RU

Mediatorların üçüncü təlimi baş tutub

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə mediatorlar üçün təşkil edilən silsilə təlimlərin üçüncüsü baş tutub. "Olaylar" xəbər verir ki, Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun inkişafı istiqamətində 30 aprel 2026-cı il tarixində mediatorlar üçün nəzərdə tutulmuş silsilə onlayn maarifləndirici təlimlərin üçüncü sessiyası uğurla həyata keçirilib.
Təlim Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən təşkil olunub. Təlimlərin təşkilində başlıca məqsəd mediatorların peşə hazırlığının gücləndirilməsi, onların nəzəri biliklərinin dərinləşdirilməsi və praktiki bacarıqlarının inkişaf etdirilməsi, mediasiya mexanizmlərinin tətbiqində effektivliyin artırılması, tərəflər arasında bağlanan barışıq sazişlərinin hüquqi və məzmun baxımından daha keyfiyyətli hazırlanmasının təmin olunması, proses zamanı ortaya çıxan məsələlərin hakimlər tərəfindən qanunvericiliyin tələblərinə uyğun istiqamətləndirilməsi, həmçinin məhkəmə sistemi ilə mediasiya qurumları arasında koordinasiyanın və işgüzar əlaqələrin genişləndirilməsidir.
ZOOM platforması üzərindən onlayn formatda təşkil olunan təlimi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Nərgiz Tağıyeva aparıb. Təlimdə moderator qismində Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Bayramov iştirak edib.
Seminar ərzində iştirakçılarla aktiv fikir mübadiləsi aparılıb, onların gündəlik fəaliyyətlərində qarşılaşdıqları hüquqi çətinliklər və praktiki problemlər geniş şəkildə müzakirə olunub. Mediatorların ünvanladıqları suallar ətraflı şəkildə cavablandırılıb, barışıq sazişlərinin tərtibi zamanı diqqət yetirilməli məqamlar izah edilib. 
Bununla yanaşı, Nərgiz Tağıyeva tərəfindən mediasiyanın mülki məhkəmə icraatındakı funksional rolu, mövcud məhkəmə təcrübəsində rast gəlinən problemlər və boşluqlar barədə ətraflı məlumat təqdim olunub, iştirakçılarla bu istiqamətdə geniş müzakirələr aparılıb.
Qeyd edək ki, bu kimi təlimlər Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mütəmadi olaraq keçiriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
1
olaylar.az

7Источники