RU

Okampo “ədalətin tərəzisi”nə şəxsi hakimiyyəti və qazanc aləti kimi yanaşıb – ŞƏRH

Bakı, 1 may, AZƏRTAC

Luis Moreno Okampo vəzifədə olduğu müddətdə ədalətə şəxsi hakimiyyət və qazanc aləti kimi yanaşıb. Sosial şəbəkələrdə yayılan videolarda da onun Avropa İttifaqı institutlarına təsir göstərə biləcəyini bildirdiyi, oğlu Tomasın isə Ermənistan Baş naziri Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılmasının zəruriliyindən danışdığı açıq şəkildə görünür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

O bildirib ki, Okamponu Azərbaycan ictimaiyyəti 2023-cü ildə daha yaxında tanıyıb və həmin dövrdə Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Ermənistan–Azərbaycan münaqişəsində erməni mövqeyini fəal şəkildə təbliğ edib.

2003–2012-ci illərdə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru vəzifəsində çalışdığı müddətdə o, dəfələrlə mübahisəli vəziyyətlərlə gündəmə gəlib və ədaləti şou-biznesə çevirməkdə ittiham olunub. O, hətta bir afrikalı siyasətçinin həbsinə nail olmaq üçün Ancelina Coli və Bred Pitt kimi məşhurlardan "tələ" kimi istifadə etməyi planlaşdırıb, digər hallarda isə sübut bazası üzərində işləmək əvəzinə mediada aktiv çıxışlara üstünlük verib.

"Okamponun dövründə, yəni 9 il ərzində məhkəmə təxminən 1 milyard dollar vəsait xərcləyib. Bu müddətdə yekun hökm çıxarılan əsas iş Konqodan olan səhra komandiri Tomas Lubanqa Dyilo ilə bağlı olub. O və tərəfdarları “uşaq əsgərlər”dən istifadə ittihamı ilə məhkum edilib. Lubanqanın cinayətkar olduğu şübhə doğurmur, lakin bu fakt Okamponun fəaliyyətinin əsas və yeganə real nəticəsi kimi qalır. Bu da Konqo hökumətinin onun köməyi ilə silahlı rəqiblərinin birindən qurtulması ilə nəticələnib. Bu isə olduqca mübahisəli nailiyyətdir",- deyə N. Arpadarai vurğulayıb.

Deputat əlavə edib ki, onun dövründə məhkəmənin fəaliyyəti daha çox mediada səs-küy yaratmaqla yadda qalıb. Okampo Afrikaya selektiv yanaşmada və effektli ictimai çıxışlara həddindən artıq meyildə tənqid olunub.

Məhkəmədən ayrıldıqdan sonra da onun adı qalmaqallarda hallanıb. “Panama Papers” sənədlərində adı keçib və o, ofşor sxemlərdən istifadə etdiyini etiraf edərək bunu hüquqi fəaliyyətindən əldə etdiyi vəsaitləri qorumaqla əsaslandırıb.

Bütün bu faktlar göstərir ki, Okampo ədaləti şəxsi maraqlar prizmasından dəyərləndirib, aqressiv media kampaniyaları aparmaqla və informasiya mühiti formalaşdırmaqla qazanc əldə edib. O, keçmiş vəzifəsindən istifadə edərək diqqəti üzərində toplayan və bundan faydalanan bir fiqur kimi tanınır. Bu halda isə onun təsirinə düşənlər erməni lobbi qruplarının varlı nümayəndələri olub. Ümumilikdə isə, ictimaiyyətə məlum olan faktlar Okamponun şəxsiyyəti haqqında təsəvvür yaratmağa kömək edir.

Избранный
55
azertag.az

1Источники