RU

Ən uzaqları görən zəif gözlər Rafael Hüseynov yazır

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rafael HÜSEYNOVAkademik

O, qısa bir ömür yaşayıb. Ancaq bu qısa ömrü içərisində o qədər böyük işlər görməyə macal tapıb ki, adı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin də, bütövlükdə Azərbaycan mənəviyyatının da tarixində həmişəlik qalacaq. Bəzən bu qədər işi bunca qısa bir ömür içərisində necə yerinə yetirdiyinə sadəcə təəccüblənməyiblər, hətta inanmaqları gəlməyib. Ona görə belə təsəvvürlər də yaranıb ki, onun yaşı əslində göstərildiyindən daha çoxdur.

Cəfər Cabbarlının 1899-cu ildə anadan olduğu hər yerdə yazılır -ensiklopediyalarda, monoqrafiyalarda, dərsliklərdə. Ən müxtəlif rəsmi sənədlər də bunu təsdiqləyir. Ancaq gün kimi aydın olan bu məluma şəkk edənlər də tapılıb. Çünki Azərbaycan ədəbiyyatı və mədəniyyətinin XX yüzilliyin başlanğıcında elə vacib bir sahəsi yoxdur ki, orada Cəfər Cabbarlının imzası görünməsin - poeziya, nəsr, dramaturguya, tərcüməçilik, kino, qəzetçilik...

Onun qələmindən çıxanları üst-üstə yığanda, bir insan ömrünə sığmayacaq qədər çox əsər alınır. Şəkk gətirənlər də ən əvvəl məhz buna, həm də Cəfərin ədəbi yolunun başlanğıcının çox erkənliyinə əsaslanıblar. Ancaq nə qədər sənəd, sübut, şahid axtarsalar da, düşdükləri şəkki doğruldacaq gümanlarını hansısa ağlabatan nəticəyə gətirib çıxaracaq dəlil, sübut tapa bilməyiblər.

Cəfər Cabbarlıya müxtəlif illərdə verilmiş sənədlər bir yana, onun öz əli ilə doldurduğu şəxsi vərəqələr, qələmə aldığı bioqrafik arayışlar da bir daha sübut edir ki, milliyyəti türk, indiki deyişlə, azərbaycanlı, təvəllüdü 1899-cu ildir ki, var. Milliyyət söhbətinin də bəri başdan nöqtəsini qoymağım səbəbsiz deyil. Xızılı olduğundan yerliləri bütün azərbaycanlılardan da artıq onunla iftixar duymuş, hətta dağlı olmasında israr etmişlər.

İnsan valideyni seçmək iqtidarında deyil və hər kəsin də öz milli mənsubiyyəti ilə fəxr etmək haqqı var. Cəfər Cabbarlı türk olmuşdur və burada mübahisəyə zərrəcə yer yoxdur, bunu şəxsən əli ilə fərqli illərdə yazdığı müxtəlif sənədlərində birbaşa göstərmiş, öz xalqını qəlbən sevməsi bir yana, ana dilimizi saflaşdırıb zənginləşdirməyi bir xətt olaraq seçməklə dilimizə - türkcəmizə müasiri olan ədiblərin bəlkə də hamısından daha artıq xidmət etmişdir.

Cəfərin ömür tarixçəsinin dərinlərinə vardıqca imzasının ilk dəfə mətbuatda nə zaman göründüyünü, ilk gözəçarpacaq əsərlərini nə zaman yazdığını araşdırınca insanların təəccübü bir az da artıb. Axı sanki oturuşmuş bir insanın baxışlarını əks etdirən yazıları qəzet-jurnal səhifələrindən cəmiyyətə çatanda o, hələ uşaqdı, ən yaxşı halda hələ yeniyetmə idi. Axı bu yaşdakıların işi yaşından böyük belə işlər yox, adətən qayğısız əyləncələr olur. Onlar yazı-pozuya meyil etsələr də, belə işləri Cəfərin etdiyi kimi yüksək peşəkar səviyyədə deyil, həvəskarca yerinə yetirirlər. Ancaq bu da unudulmasın ki, hər xalqın tarixində zamanaşırı birmi, ikimi, üçmü belə şəxsiyyətlər mütləq olur. Pərvərdigar sanki başqalarından ayıraraq onlara elə nur bağışlayır ki, bu işıq mütləq seçilir. Çox erkən parlayırlar, işıqları elə gur olur ki, hətta bu işığı görməyənlər də onu görməyə vadar qalırlar. Ancaq nə acı ki, çox zaman belə şəxsiyyətlərin ömür yolu da son dərəcə qısa olur. Asəf Zeynallı - cəmi 23 il yaşadı. Ancaq bu 23 il içərisində Azərbaycan musiqisindəki bir çox ilklərin başlanğıcını qoydu. Belə qısa ömür XX əsrin ilk onilliklərində parlamış Mikayıl Müşfiqin və Bəhruz Kəngərlinin də aqibətində var.

Bəzən düşüncədən bu da keçir ki, o parlaqların həyatdan hansı səbəbdən, nə şəkildə getməsindən asılı olmayaraq, bəlkə alın yazılarında elə bu qədər ömür yaşamaları öncədən bəlli imiş. Ona görə də bəlkə 60 ilə, 70 ilə, 80 ilə sığacaq işləri elə həmin qısa ömrün içərisində görüb başa çatdırmışlar?!

XIX əsr bitib XX əsr başlananda Azərbaycanın həyatında da büsbütün yeni bir səhifə açıldı. Bu səhifələri dolduracaq sətirləri yazmağa, yeni zamanın Azərbaycanını qurmağa elə insanlar gərəkdi ki, onlar gərək vaxtdan bir addım irəli sıçramış olalar. Cəfər Cabbarlı yaşadığı ömrü də, axarında olduğu vaxtı da qabaqlayanlardan idi. Yeni başlanan zaman qoynunda o, bu millətə və yurda sanki ilahi bəxşiş idi ki, vətənini və xalqını ən geniş üfüqlərə doğru uçura bilsin.

Kim ki Cəfəri sadəcə güzəranını odun qırıb satmaqdan çıxaran bir kəndlinin övladı sayır, yanılır. Cəfər Cabbarlı zamanın ehtiyacından doğmuş, zamanın özünün yetirdiyi və yeni zəmanədə millətini irəliləyişlərə doğru aparmalı olan nadirlərdən idi. 1940-1950-ci, hətta 1960-1970-ci illərdə belə Cəfər Cabbarlı bizə məsafəcə çox yaxın idi. Elə müasirimiz kimi idi. Çünki onunla oturub-durmuş, onu şəxsən görmüş, onunla təmasda olmuş insanların neçəsi həyatdaydı. Elə xatirələr danışırdılar ki, onların söhbətlərində Cəfər Cabbarlı yanımızda olan kimi idi. Ancaq yenə də hələ Cəfər vaxtca bizdən uzaqda deyil. Ötürücülər - Cəfər Cabbarlının nəvələri - ata-analarından eşitdikləri ailə hekayətlərini dəqiqliyi ilə söyləyənlər bizimlədirlər.

Di gəl, o, nə qədər yaxın və məhrəmdirsə də, şəxsiyyəti, düşüncəsinin miqyası, irili-xırdalı əsərlərindən doğan əzəmət ətrafında fikrə dalanda bu qənaət də yaranır ki, Cəfər Cabbarlı sanki yaxın dövrün ədibi deyil, uzaq əsrlərdə yaşamış klassiklərimiz mərtəbəsindədir. Həqiqətən də, Cəfər Cabbarlı içərisinin doluluğu, fikirlərinin dərinliyi, eynəkli gözlərinin heyrətli bəsirətliliyi ilə əski əsrlərdə yaşamış nəhənglərimizə bənzəyir.

Cəfər Cabbarlı o böyük ruhların yeni zamana qayıdışı, təzə vaxta uyğunlaşaraq ehya etməsi, çoxdan bitmiş ömür və sönmüş zəkaların dirçəlib yeni qiyafədə və özgə biçimdə davam etməsidir.

Və millətin yüksəlişləri tarix boyu məhz belə qüdrətli çiyinlərdə gedib.

...Mən Cabbarlı ilə hər gün əlçatacaq, nəfəsini duyacaq qədər yaxın oluram. İllərlə, aylarla, həftələrlə, günlərlə insanla birgə olmuş nəsnələrdə onların enerjisindən zərrəcə olsa, qalır. Nizami muzeyində Cəfər Cabbarlının xatirə əşyalarının toplandığı guşə var. "Guşə var" deyəndə ki, 20 il öncə bu muzeyin ekspozisiyasını qurarkən onların hamısını bircə-bircə əlimlə düzmüşəm. Hər gün gözünə taxdığı çeşməklər buradadır. İlk gəncliyindən gözləri zəif görürdü (Cəfər Cabbarlı ömründən danışıb, onun həyatının həm də "ilk gənclik" hissəsini ayrıca vurğulamaq adama çöçün də gəlir. Zavallı həyatdan elə yaşda gedib ki, onsuz da cavan idi. Ancaq onun zəka çəkisi elə ağırdır ki, hətta bu balaca ömrünü də mərhələlərə bölmək istəyi və məcburiyyəti yaranır. Bir adam ki mətbuatda imzası ilk dəfə 8 yaşı olanda görünə, bir adam ki ilk romanını, birinci pyesini 12-13 yaşlarında qələmə ala, ona həmin yaşında necə uşaq deyəsən?! Cəfər Cabbarlı o müstəsnalardandır ki, uşaqkən artıq gənc idi, yeniyetmə ikən ahıl, gənc ikən müdrikləşmiş bir ağsaqqal məqamına yetişmişdi.

O eynəklər ki yeniyetməlik çağlarından Cəfərlə olub və indi onlara toxuna bilirəm, başqa bir adamın eynəyini əlimə götürərkən ağlıma gələ bilməyəcək fikirləri, ürəyimdən keçə bilməyəcək duyğuları oyadır. Gözləri zəif gördüyündən, gecə-gündüz də yazı-pozu ilə məşğul olduğundan o eynəklərdən daim istifadə etməliydi, amma Cəfər Cabbarlının özü də bütün varlığıyla bir EYNƏK idi axı!

Yaxından, ya uzaqdangörmədən əziyyət çəkənlərin taxdığı eynəyin bahalısı-ucuzuna hər tinbaşı rast gəlinə bilər. Lakin Cabbarlı kimi özləri Millət Eynəyinə çevrilən şəxsiyyətlər hər xalqın tarixində, əsrlərdə bir olur.

Cəfər Cabbarlı gəldi, sözün birbaşa mənasında şimşək kimi qısa ömür yaşadı. Ancaq bu balaca həyatının içərisində gördüyü böyük işlərlə, fəaliyyətləri ilə elə bir iz qoydu, elə bir möhtəşəm Millət Eynəyinə çevrildi ki, hadisələri də, insanları da, olub-keçənləri də xalqına bütün əyaniliyi, tamam ağı-qarası və çalarlarıyla göstərdi. Özü ömrünü başa vurub getdi. Ancaq yazıb-yaratdıqları onun Millət Eynəyi olmaq vəzifəsini bu gün də davam etdirir, gələcək içərisində də bu EYNƏYİN sınmaz, çatlamaz şüşələri millətinə daha aydın yollar göstərməkdə davam edəcək.

İndi adiləşdirilmiş olsa da, hər yetən aid edilsə də, əlbəttə ki, "dahi" - çəkisi çox ağır olan sözdür və şəksiz ki, hər dahi sayıla biləcək şəxs İlahinin möcüzəsidir. Onlar bəzən elə bulaşıq mühitin içərisindən parlayıb çıxırlar ki, mat-məəttəl qalmamaq olmur. İnsanı yaradan həm də mühitdirsə, bəzən heç bu uşağın, yeniyetmənin həmin mühitdən çıxaraq dahiliyə çatmasını ağla yerləşdirmək belə adama çətin görünür. Elə Cəfərin özü. Yetim uşaq, kasıb ailə, bir çətən külfət, əsas məqsəd də hər gün qarnı doyura bilmək. Məhəllədə, yaxın ətrafdakı tay-tuşların da arasında oxumağa, təhsilə meyli olanlar tək-tük.

 Cəfər Cabbarlının artıq bizə bəlli olan ömürnaməsini bir senariçi olaraq Allah Özü deyil, istənilən ən məşhur ədib, qələm sahibi yazmış olsaydı, bu gedişatı təbii hesab etməyərək inanan lap az olardı, deyərdi ki, yazıçı təxəyyülü məntiqi, gerçəkliyi üstələyib. Ancaq Pərvərdigarın yazdığı senariyə şəkk gətirməyə kimin haqqı var! Dünyanın fərqli əsrlərdə yaşamış neçə dahisinin həyat yolunu araşdıranda buna şahid olursan ki, Cəfərin ömründəki kimi qeyri-adiliklər onların da bir çoxunun ömründən keçib.

Cəfər Cabbarlı ucqar bir kənddə - Bakıdan 110 kilometr aralı Xızıda dünyaya gəlmişdi. Yoxsulluq, gündəlik dolanışığı güc-bəla ilə təmin etmək bu ailədən ötrü nəsillikcə sürən aqibət idi. Cəfər çörəyi ağacdan çıxan - odunçuluqla baş girləyən ailədəki 7 uşaqdan biri idi. Elə dünyaya gəldiyi vaxtdan sanki onun gələcək taleyi bəlli idi. Çünki bu qismət Xızıdakı başqa bir çox ailələrin uşaqları üçün də bəxtin hökmü kimi idi. Xızının ətrafı meşəliklərlə dolu idi və elə bil ki, Pərvərdigar bu meşəlikləri elə kasıb-kusub üçün çörək ağacı kimi göyərtmişdi. Bu kəndin füqərasının maya qoymadan, xərc çəkmədən qazana biləcəyi yeganə gəlir və ümid yeri o sıx meşəliklərdi ki, bir ucdan qırardılar, amma Xudanın lütfündən tükənməzdi. Cəfərin savadsız atası Qafar kişi də, həmkəndliləri kimi, gözünü o meşəliklərə dikmişdi, gedib ağac qırar, yığdığını yandırıb kömürə döndərər, sonra da aparıb Bakıda, Şamaxıda bazara çıxarardı. Fəqət tale qara kömürdən çıxan çörəyi də qaragün Qafara çox görür. Meşəyə növbəti gedişlərindən birində odun qırarkən ehtiyatsızlıq edir, kəsilmiş budaqlardan birinin şiş ucu gözünü deşir, kişini qan aparır, gözünə əsgidən-filandan basıb onu birtəhər kəndə çatdırırlar - buradasa həkim yox, dava-dərman yox, xəstəni Bakıya çatdırmağa imkan yox. Beləcə, qalır təkgözlü.

Həyat onu dar dalana dirəyir: gözünü dikdiyi meşə onu gözsüz qoymuşdu, bu halıyla Xızıda qalıb ailəsini yaşatmağın çox çətin olacağını hiss edincə qərarını verir:  yaxın qohumlarından neçəsi Bakıda, başqa bir çox xızılıların da yerləşdiyi Dağlı məhəlləsində yaşayırdı. Düşünür ki, hər halda Bakı Bakıdır, yüngül bir iş tapıb başımı girlərəm. Var-dövlətdən olanı qırdığı odunu, bazara çıxardığı kömürü daşıdığı öküz arabası idi. Külfətini də arabasına yığıb köçür Bakıya, bir müddət qardaşı Məşədi İbrahimə sığınır, amma tezliklə arabasını və öküzünü sataraq qohum-qardaşın köməyilə özünə bir koma qurur. Başlayır mişarçı işləməyə, şəhərdə oğlanlarına da məvacibi kiçik olsa belə, hər halda iş tapılır: Hüseynqulu bənna yanında palçıqçı, Heydər çayçı şəyirdi, Əjdərsə "Qafqaz və Merkuri" şirkətində ocaqçı əlaltısı işləməyə başlayır. Lakin dərd yenə onlardan əl çəkmir. Mişarçılıq peşəsi Qafara baha başa gəlir. Mişarladıqlarından qalxan və gözünə dolan toz çox keçmir ki, fağırın bu işdən də ayrılmasına bais olur. Tək gözündə şiddətli ağrılar başlayır, az sonra bu gözü də tutulur və qalır zülmət içində. Fikirdən-qüssədən ürəyi qubar bağlayan Qafar 1903-cü ildə canını tapşırır. Ailənin bütün məsuliyyəti və ağırlığı düşür onun bədbəxt zövcəsi Şahbikənin zərif çiyinlərinə. Şahbikənin dünyaya gətirdiyi uşaqlardan 3-ü kiçikkən tələf olmuşdu. Cəfərsə hələ kiçikdi - 4 yaşında. Biçarə qadın 4 uşaqla qalır həyatın ağır sınaqları ilə təkbətək. Oğlanları işləsə də, qazandıqları qəpik-quruş idi. Doğrudur, qohum-əqrəba vardı, ancaq hər ailənin öz dərd-səri, öz qayğıları başından aşırdı və bu ləyaqətli qadın minbir əziyyətə qatlaşaraq İçəri şəhərdəki evlərdə onun-bunun qapısında xidmətçilik etməklə qazandığı qəpik-quruşla balalarını böyütməyə başlayır.

Cəfərin mənsub olduğu nəsildə bu uşağacan yazı-pozusu ilə tanınan, xüsusi istedadı ilə seçilənlər olmayıb. Hər halda ailə xatirələri belə deyir və nəsildə daha əvvəllərdə istedadı ilə seçilən kimsə olmuş olsaydı, Cabbarlı bunu tərcümeyi-hal yazılarında, yəqin ki, əks etdirərdi. Nəinki bu nəsildə, elə Xızının özündə də savadlılar barmaqla sayılacaq qədər seyrək idi. Ancaq sənətin, verginin qanla keçən bir nemət olduğunu, Cəfər kimi bir vulkanın da yoxdan püskürə bilməyəcəyini fərz edən və şəcərədə buna bir ipucu, iz arayanalar arxadakı bir neçə əsr ərzində bu nəsildən çıxan az-çox adıbəlli bir şair, sənətkar tapa bilməyəndə dayanmışdılar Cəfərin bibisi Zərnişanda. Osa dilli-dilavər, hazırcavab, şux bir insan olsa da, hərdən bədahətən saya bayatılar söyləsə də, ömründə qələm götürüb şeir yazmamışdı, heç savadı da yoxdu, əzbərində olan qoşquları, nəğmələri də elə ağızdan-ağıza eşidib yaddaşına köçürmüşdü.

Yəni Cəfərə bu nəsildə nəyin bahasına olur-olsun istedadlı əcdad axtarıb-tapmaq cəhdləri əbəsdir. Olmayıb. Bu cavan o şəcərəyə də, Azərbaycana da bir Pərvərdigar töhfəsidir ki, bu əfsanənin müqəddiməsi yoxdur - başlanğıc, ilk işıq elə Cəfərin özüdür!

Lap atası sağ-salamat qalıb Xızıda odunçuluğunu davam etdirsəydi də, Cəfəri bu ailə içərisində kitaba, oxumağa yönəldəcək insan yoxdu. Təxmin edilən gələcək bu idi ki, o da atası və bu kəndin bir çox başqa kişiləri kimi, üzünü kitab deyil, meşə sarı tutmalı, dədələri və digər kənd camaatı sayaq, o da başını odunçuluqla saxlamalıydı. Əgər hadisələrin gedişi bu təhər cərəyan etsəydi, balaca Cəfərə Tanrının bəxş etdiyi fitri istedad da o kəndin içərisində əriyib-itərdi. Uzaqbaşı odunçuların ən yaxşısı, kömürçülərin ən misilsizinə dönərdi. Amma istedadı verən onun parlamasına da qapıları açasıydı. Bakıya köçməkləri Cəfərçün elə həmin qapı deməkmiş.

Şahbikə İçəri şəhərdəki evlərdə xidmətçilik edəndə mollaxanaya yollanan uşaqları da görürdü, məktəbə gedənləri də və ürəyindən keçirdi ki, nə olaydı, onun sonbeşiyi də oxuyub savad alaydı. Ona görə Cəfər böyüyüb məktəb yaşı yetişincə Şahbikə onu Dağlı məhəlləsində qonşuluqlarında yaşayan Əbdülqədirgilə aparır.

Əslində bu da göylərdə cızılmış senarinin bir bəndi idi. Cəfərin ilk ustadı Əbdülqədir İsmayılzadə müəllimliyindən savayı, həm də "Vüsaqi" təxəllüsü ilə yazan şair idi və onun da evində bir neçə il sonra bir oğlan uşağı dünyaya gələcəkdi ki, illər ötüncə ədəbi mühitdə, elə Cəfər kimi, gur işığı ilə parlayacaqdı, Cəfərin ən coşqun pərəstişkarlarından, ən etibarlı dostlarından birinə çevriləcəkdi - Mikayıl Müşfiq!

Tale yeni zamanın qurucularından birinə çevirməyi niyyət etdiyi Cəfəri nə ucqar Xızıda saxlaya, nə də Dağlı məhəlləsinin vurub-kəsən qədeşləri arasında itirə bilərdi. Yeni əsr başlanırdı. İnkişafın, irəliləməyin məkanı Bakı idi. Tale onu mütləq Bakıya, yetişəcəyi mühitin qoynuna gətirməli idi.

Müxtəlif evlərdə, həyət-bacada xidmətçilik edən Şahbikənin əl qabiliyyətindən, səliqəsindən, abır-həyasından xəbər tutan Bakı zənginlərindən biri xəbər yollayır ki, səni evimdə daimi işləməyə dəvət etmək istəyirəm. Şahbikə gəlir, qısa müddətdə elə rəğbət qazanır ki, ona daha xidmətçi kimi deyil, elə ailənin bir üzvü kimi yanaşmağa başlayırlar. O qədər ki, hətta Məkkə ziyarətinə getmək istəyən ev sahibəsi Şahbikəni də özü ilə aparır. Artıq ailənin Bakıda yaşaması, maddi imkanlarının müəyyən qədər də düzəlməsi imkan verir ki, Şahbikə oğlunu - Cəfəri məktəbə də yollasın.

1905-ci ilin payızında Cəfər Bakıda, yeni açılan və müdiri Süleyman Sani Axundov olan 7-ci rus-tatar məktəbinə qəbul edilən 50 şagirddən biri olur.

Balaca Cəfər kimi məktəbə gedən, dərs oxuyan bu 50 uşağın arasında varlı ailələrdən olanlar da vardı, ortabablar da, Cəfər kimi kasıb ailələrdən gələnlər də. Ancaq Cəfər onların heç birinə bənzəmirdi. Heç birinə bənzəməməkliyi də elə artıq 8 yaşı olanda sübuta yetir. 1907-ci il aprelin 8-də "Tazə həyat" qəzetində bir məktub dərc edilir. "Cəfər Cabbarlı" imzası Azərbaycan insanına ilk dəfə orada təqdim olunmuşdu. Bu hələ nə məqalə idi, nə şeir, nə hekayə. Bu, Cəfər Cabbarlının bir neçə məktəb yoldaşı ilə birgə imzaladığı təşəkkür məktubu idi. İş ondadır ki, o vaxt Bakı məktəblərində təhsil pullu idi və qoyulmuş məzənnələr də məktəbinə görə fərqli, həm də yetərincə yüksək idi. Bu məktəbdə isə Süleyman Saninin təşəbbüsü ilə müəyyən kasıb tələbələrə güzəştlər edilir, təhsilhaqqı azaldılır, yaxşı oxuyanların bəziləri isə ümumən ödənişdən azad edilirdi. Cəfər və yoldaşlarının "sağ ol"u elə onlara göstərilən qayğı ilə bağlı idi və vəd də edirdilər ki, bu iltifata usanmadan oxuyub-öyrənməklə cavab verməyə çalışacaqlar. Dərc edilən bu kiçicik yazının sehri bundaydı ki, Cəfərə mətbuatda imzasının görünməsinin şirinliyini yaşatmışdı və bu da elə bir daddır ki, onu damağında hiss edincə daha heç vaxt o şirinliyin cazibəsindən qurtula bilmirsən.

7-ci rus-tatar məktəbini bitirəndən sonra Cəfər 1908-ci ildən Bakıdakı 3 saylı ali ibtidai məktəbə daxil olur. Bu məktəbdə keçirdiyi 5 il onun mükəmməl təməl biliklər almasından savayı, həm də yaxşı müəllimlər görməsinə yol açır. Daha əvvəllər də Mirzə Qədir İsmayılzadədən dərs almışdısa və bəlkə də ürəyində şeir eşqi elə o zamanlardan yaranmışdısa, burada ona dərs deyənlərin arasında Abdulla Şaiq kimi kamil müəllimliyindən əlavə, həm də şair olan bir şəxsiyyət vardı. Buradakı müəllimlərindən digəri sonralar Bakıda yaranacaq Darülmüəlliminə rəhbərlik edəcək Pənah Qasımov idi - təpədən-dırnağacan maarifçi olan bir insan. Ümumən XX əsrin əvvəllərində Bakıda mətbuatda çalışan, məktəbdə dərs deyən, ictimai-siyasi həyatda fəaliyyət göstərənlərin hər biri fədakar, usanmaz şəxsiyyətlər idilər. Onların hər birində, görünür, elə vaxtdan gələn yaxşıya doğru canatma vardı, çalışırdılar ki, millətin irəli getməsindən ötrü hər biri, öz növbəsində, hansısa zəhmət çəksin.

O çağlarda məktəblərdə, mətbuatda, teatr-sənət həyatında fəaliyyət göstərənlərin özləri də cavanlar idilər. Amma çalışırdılar ki, ağsaqqalcasına, böyük qardaş təki özlərindən daha gənc olanlara arxa dursunlar, onların inkişafı üçün təkançıya çevrilsinlər.

1907-ci ildə bir neçə şagird yoldaşıyla imzasının ilk dəfə mətbuatda görünməsi balaca Cəfəri çox həvəsləndirmiş və vaxtından erkən böyütmüşdü. 8-9-10 yaşlarında o, daha uşaq deyildi və artıq ilk qələm təcrübələri vardı.

Və Cəfərin artıq o vaxtlar yazmağa başlamasının, ortada bir xeyli şeir və hekayəsinin varlığının da şahidi onun ömür-gün yoldaşı və elə əvvəldən də qohumu olan Sona xanım idi.

Cəfərin çoxdan həyatda olmadığı çağlarda - 1960-cı illərdə Sona Cabbarlı həyat yoldaşı haqqında xatirələrini də qələmə almışdı və yadında qalanları niyə gec də yazıya almasının səbəbini başlanğıcda belə anladırdı ki, günlərin birində yaxın rəfiqələrindən biri ondan Cəfəri haçandan tanıdığını soruşur, bu da qayıdır ki, 12 il ömür-gün yoldaşı olmuşuq, bir tavan altında yaşamışıq, ancaq uşaqlıq illərindən tanıyırdım, çünki Qafar əmimin oğlu idi.

Sona xanım belə söyləyəndə rəfiqəsi dillənibmiş ki, sinən xatirələrlə doludur, bəs bunları niyə yazmırsan, yaz, başqaları da bilsin, Cəfəri bir az da yaxından tanıyıb-görsünlər.

Və Sona xanım da xatirələrini Cəfərin uşaqlıq illərinin təsvirindən başlamışdı. Belə yazırdı ki, Cəfər uşaq vaxtı arıq, sısqa olmasına baxmayaraq, ipə-sapa yatmayan, nadinc, iti sözlüymüş, 8-9 yaşlarında ikən ailədə, qohum-əqrəba arasında baş verən ayrı-ayrı hadisələrə qoşduğu məzəli şeirlər yaxınların, simsarların əzbərindəymiş.

Yəni Cəfərin ədəbiyyata doğru gəlişinin müqəddiməsini, elə onun qələminin hərf tanıyıb, söz tutmasından başlamaq lazımdır.

1907-ci ildə altında 8 yaşlı Cəfərin də imzası olan "Təşəkkürnamə"ni çap etmiş "Tazə həyat"ın redaktoru Haşım bəy Vəzirov idi və onunla balaca şairin yolu bir də kəsişir. O vaxtdan etibarən bir ucdan yazmaqda olan balaca Cəfər, nəhayət, hiss edir ki, şeirlərini kimsəyə göstərmədən bir dəftərin arasında saxlamağa daha səbri çatmır. 1911-ci ildə şeirlərindən bir neçəsini götürüb yollanır "Səda" qəzetinə. Başqa qəzetlər arasından da məhz "Səda"nı seçməsi bu nəşrin redaktorunun bir vaxt onlara iltifat göstərərək müraciətlərini gətirincə qəzet səhifəsinə qoyan Haşım bəy Vəzirovun olması idi. Ancaq Cəfəri "Səda"da peşmançılıq gözləyirmiş. Yəqin ki, nəyəsə əsəbiləşmiş Haşım bəy Vəzirov (1867-1016) uşağı xoş qarşılamır.

Haşım bəy əslən Şuşadan idi, ziyalı bir ailədən çıxmışdı, soyadı da oradan gəlirdi ki, ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuşdu.

İrəvan Müəllimlər Seminariyasını bitirəndən sonra Azərbaycanın müxtəlif bölgələrində müəllimlik etmiş Haşım bəy sonra sərasər düz 30 il - həyatının sonunadək qəzetçiliklə məşğul oldu. Bir-birinin ardınca "Tazə həyat" (1907-1908), "İttifaq" (1908-1909), "Səda" (1909-1911), rus dilində "Qafqazlı" - "Kavkazeü" (1911), "Səda-yi Vətən" (1911), "Səda-yi həqq" (1912), "Səda-yi Qafqaz" (1915-1916) qəzetlərini, axırıncıdan əvvəlsə "Məzəli" jurnalını (1914-1915) buraxdı.

Həm də bunların hamısı elə nəşrlərdir ki, qısaömürlü olsalar da, hər biri əks-səda doğurub. Təbii, həmişə işi çox, başı qarışıq idi və müasirlərinin yazmasınca, Haşım bəy Vəzirov çox mübariz, fəal, çalışqan bir insan olmaqla bərabər, həm də həddən artıq səbirsiz, tez özündən çıxanmış, qələm davakarlığı da varmış və köhnə mətbuat onun müxtəlif publik höcətləşmələrinin hay-küylü soraqlarını da günümüzə çatdırmaqdadır.

Ümumən səbirsiz adam, ola bilsin, həmin saatda hansısa səbəbdənsə çoxzamankı kimi hirsi daşan və bu əsnada çəlimsiz bir uşağın qarşısında duraraq ona yersiz kimi müraciəti ilə əsəbini bir az da qarışdırır: "Şeir yazmışam, gətirmişəm "Səda"da çap edəsiniz"...

1911-ci ildə, "Səda"ya şeirləri ilə gəldiyi çağda Cəfər 12 yaşına yenicə girmişdi və Sona xanımın xatırlamasınca, Cəfər 11-12 yaşlarında da 8-9 yaşlı uşaq kimi görünürmüş. Haşım bəy bir bu nərmə-nazik uşağa, bir onun əlində tutduğu kağıza baxır, soyuq səslə: "A bala, çıx get öz işinlə məşğul ol. Bizim başımız qarışıqdı. Bura ciddi idarədir".

Cəfər amiranə tərzdə deyilmiş bu sözlərin qabağında daha kəlmə kəsmir, redaksiyadan aralanır. Ancaq niyyətindən də dönmür. Çünki əlinə keçən bütün qəzetləri oxuyurdu və görürdü ki, mətbuatda dərc edilən şeirlərin bir çoxundan onun yazdığı heç pis də deyil. Ona görə öz şeirlərinin də qəzet-jurnal səhifələrində dərc edilməsini mümkün sayırdı. "Səda"dan bir şey çıxmadığını görəndə dikəlir "Həqiqət-i-əfkar" qəzetinə. Bu qəzetisə o zaman Mirzə Cəlal Yusifzadə (1862-1931) buraxırdı. Cəfər gəlir redaksiyaya, şeirlərini köçürdüyü vərəqləri Mirzə Cəlal Yusifzadəyə təqdim edir, onun da əvvəlcə bu sısqa uşaqdan gözü su içmir, amma cavab verməyə də tələsmir, oxumağa gözucu - tərəddüdlə başlasa da, bir neçə misra ötüncə baxır ki, yox, şeir babatdı. Soruşur ki, özün yazmısanmı? Cəfər təsdiqləyir. "Bəs yaxşı, bu nə imzadır qoymusan? Bu uzunluqda da təxəllüs olar? "Cəfər səda-yi mətrud". Uşaq da qayıdır ki, Cəfər öz adımdı, səda "Səda" qəzetini nəzərdə tuturam, "mətrud" da "qovulmuş" deməkdir. "Bəs niyə qovulmuş?" Cəfər əhvalatı nağıl edir ki, o qəzetə də şeir aparmışdım, heç vərəqləri açıb baxmamış müdir məni qovdu. Ona görə özümə belə bir təxəllüs götürmüşəm.

XX əsr başlanırdı, mətbuat həyatı qaynayırdı. Bakıda da çoxlu qəzetlər, jurnallar nəşr edilirdi. Ancaq nə qədər çox olsa da, bu qəzetləri buraxanlar, o qəzetlərdə çalışanlar hər halda bir-birini yaxşı tanıyırdılar. Ən azı redaktorlarının kimliyinə, onların xasiyyətinə, davranışına, qələmlərinin səviyyəsinə bələd idilər. Mirzə Cəlal Yusifzadə də öz şuşalısı Haşım bəy Vəzirovun yazılarına bələd idi, tündməcazlığına, tənqidədözməzliyinə də. Hətta olmuşdu ki, günlərin birində "Molla Nəsrəddin" Haşım bəyi cırnadan bir-iki cümlə işlətmişdi, bu da qılıncını siyirib atılmışdı meydana, uzun müddət haçan girəvə düşmüşdüsə, jurnalın əleyhinə atmacasını əskik etməmişdi. Hətta bu da var ki, günlərin birində Ömər Faiq Nemanzadə Haşım bəy Vəzirovla əlaqədar növbəti tənqidi yazını "Molla Nəsrəddin"də buraxmaq istəyəndə Mirzə Cəlil razılaşmamışdı, "Qoy onu bir qırağa, bilirsən ki, necə adamdır, sonra yenə düşəcək üstümüzə, qır-saqqız olub əl çəkməyəcək, yaxşısı budur, heç onu tərpətməyək", - demişdi. Bütün bunlardan xəbərdar olan Mirzə Cəlal Yusifzadə ağrımayan başını niyə bəlaya salmalı idi ki?! Uşağın da könlünü qırmaq istəmir: "Şeiri dərc eləməyinə, dərc edəcəyik, amma gəl sənin imzanı bir balaca dəyişək - "Cəfər" də qalsın, hətta "mətrud"a da sözüm yoxdur, amma "səda"nı ixtisara salaq. Əsas odur qovulmağına işarən qalır yerində, amma ünvanı dəqiqləşdirməyək, "Səda" qabartmağa ehtiyac yoxdur, ataq getsin". Cəfər razılaşır və 1911-ci il noyabr ayının 5-də "Həqiqət-i əfkar" qəzetində şeiri dərc edilir...

Uzun müddət bizlərə vunderkindliyin, xırda yaşında böyük iş görməyin örnəyi olaraq bu misalı çəkirdilər ki, Cəfər Cabbarlı "Vəfalı Səriyyə" pyesini 16 yaşında ikən yazıb. Ancaq sonraların araşdırmaları və Cəfər Cabbarlının əlyazma qeydləri sübut etdi ki, yazmağına yazıb, amma 1916-cı ildə deyil, 1912-ci ildə. Bu əsəri Cəfər Cabbarlı 1912-ci ildə yazıb tamamlayıb. Yəni 12-13 yaşlarında olanda. Bu minvalla həmin vaxt Cabbarlı əslində öz yaşından ikiqat böyük imiş.

Bir neçə il sonra isə artıq Cəfər Cabbarlının imzası mətbuat səhifələrində daha ardıcıl görünməyə başlayır. Onun yazılarının sanbalı da artır və oxuyub yazıların müəllifinin kim olduğunu bilməyən elə zənn edər ki, bunlar 30-40 yaşındakı bərkdən-boşdan çıxmış adamın düşüncələridir.

1916-cı il yeni başlanır. Fevralın 4-ü. Cəfər Cabbarlı 17 yaşında sütül bir gəncdir. Ancaq baş vermiş ictimai mənalı kədərli hadisəyə dövrün tanınmış ziyalılarının münasibətini əks etdirən oçağkı mətbu yazılar sırasında onun da adına rast gəlirik. Artıq yaşına fikir verən yoxdur, o, mədəni həyatın hadisələrinə, şəxsiyyətlərinə sanballı qiymətvericilər sırasında qəbul edilən simadır.

Haşım bəy Vəzirov rəhmətə gedib. Cəfərin ondan uşaqkən, "Səda"ya şeirlərini gətirəndə ani incikliyi olmuşdusa da, sonralar bu, zarafat mövzusuna çevrilmişdi, illər ötüncə rəvan münasibətləri yaranmışdı, Haşım bəy Vəzirov redaktoru olduğu qəzetlərdə onun yazılarına səxavətlə yer vermişdi.

 Cəfər əsrin ilk onilliklərində qəzetçiliyin nə qədər çətin, necə fədakarlıq uman bir əməl olduğundan, bu yolda Haşım bəy Vəzirovun hansı bəhrələr verdiyindən ayrıntıları ilə xəbərdardı, onun mətbuat quruculuğundakı əməkləri öz yerində, bişkin qələminin, tutarlı məqalələrinin olmasından da agahdı, ürəyi teatra bağlı şəxs kimi, təbii, Haşım bəyin Şekspirin "Otello"sunu Azərbaycan dilinə ilk tərcümə eləyən olduğunu da bilirdi, tərcüməni də oxumuşdu. Uzun olmayan ömrü boyunca yerinə yetirdiyi çoxlu və faydalı işlərin müqabilində Haşım bəyin elə bu yolun yolçusu olan əksər mədəniyyət, sənət adamları kimi "Əhsən!"ləri az eşitməsindən, gərəyincə qiymətləndirilmədiyindən də məlumatlı idi. Bu hüznlü düşüncələrin yekunu kimi Haşım bəy Vəzirovun gedişinə vida yazıları həsr edənlərin cərgəsinə Cəfər də qoşulmuşdu. Amma digərləri kimi məqalə yazmamışdı, ürəyini Haşım bəyə həsr etdiyi ağı-şeirlə boşaltmışdı:

Şükran yerinə milləti nifrin edib ona,

Xəffaş çünki nifrət edər aftabına.

Amma bu cövrü zillət və təhqirə baxmayıb,

Kəndin həyat-i millətə qurban edib gedib,

Çox əhl-i cəhli sahib-i ürfan edib gedib.

Bu, yaşca - bir yeniyetmənin, ruhca - dünyaduymuş bir müdrikin ömrünü millətinə həsr edən, həyatdan layiq olduğu qiyməti almadan gedən vətənpərvərlərin qəmli (və çox zaman da qaçılmaz) aqibəti haqqında yorğun qənaəti idi.

Cəfəri bunca ağsaqqal təfəkkürlü edən bir tərəfdən sürətlə dəyişən, başqacürləşən zaman idisə, obiri yandan çevrəsi, təmasda olduğu və çoxu özündən qat-qat yaşlı şəxsiyyətlər idi. Cəfər dövrünün cəmiyyət önündə gedən ziyalıları sanki bir-bir seçilmişdi. Sanki yox, onlar elə, həqiqətən, seçilmişlərdi. Onları HAQQ Özü seçmiş, qaldırmaq, parlatmaq istədiyi vaxtın bəlli kəsiyində görüşdürmüşdü. Hamısını da millət quruculuğuna səfərbər etmişdi. Onların bəzisi bunu həyat amalı kimi qəbul və dərk edərək, hansılarısa fəhmlə, şüuraltı bir qüvvənin diktəsi ilə bu şərəfli və məşəqqətli yolun sarsılmaz və ardıcıl yolçuları idilər. Cəfər də ədəbi-mədəni mühitə ilk gəldiyindən bu insanları görmüşdü. Tərbiyəni kimdən alırsansa, həm də o olursan. Cəfər Cabbarlının ən böyük müəllimi və tərbiyəçisi bu mühit, bu mühitin işığını daşıyan Azərbaycan ziyalıları idi.

...Bu sətirləri yazanda da Cəfər Cabbarlı yeniyetmə idi, 16-17 yaşlarında, amma bu cür deyirdisə, demək, həm ən dibə, həm də eyni anda çox uzaqlara baxa bilirdi: "Teatro bir ölkənin mədəni səviyyəsinin yüksəkliyini, mədəniyyətin dərəcəsini göstərməkdədir. Ölkənin teatrosu hansı səviyyədədirsə, mədəniyyəti də o ucalıqdadır".

Yolunun lap başlanğıcından Cəfər Cabbarlının əsas üstünlüyü ondan ibarət idi ki, hadisələrə, mühitə, gerçəkliyə çox üstdən baxmağı bacarırdı. Ucalardan seyr edə bildiyi üçün də gözündən qaçanlar az, aydın gördüyü nöqtələr çoxdu və milləti irəlilədəcək ən ümdə vasitələrdən biri olaraq teatrı seçməsi də məhz o sayaq panoramda baxıb görə bilməsi ilə əlaqədardı. Çünki elə bir çağ idi ki, xalqa mədəniyyəti çatdırmağın, yeniliklərlə qovuşdurmağın, mədəni dünya ilə birləşdirməyin ən kəsə və əlverişli körpüsü məhz teatr idi. Hələ nə radio vardı, nə televiziya. Meydanı tutan başlıca güc mətbuat idi. Ancaq biri qəzet oxuyurdu, bir başqası oxumurdu, çoxunun heç qəzet oxumağa savadı yox idi, əlifbanı bilmirdi. Amma teatr, musiqi belədir ki, göz görür, qulaq eşidir. Baxdınmı, dinlədinmi, istər-istəməz gördüklərin içərinə axacaq. Ona görə də XX yüzilun əvvəllərinin insanlarından ötrü teatr həm məktəb idi, həm zövq tərbiyəçisi idi, həm düşüncələri cilalayıb istiqamətləndirən güc və həm də bunların hamısının cəmi - millətin özlüyünün, xalis çöhrəsinin, saf varlığının mayasını çalan həmin Sabirin söylədiyi ZAMAN NEHRƏSİ! O sözləri yazan, teatra o cür tərif verən Cəfər hələ 16-17 yaşlarındaykən teatrın bir millət üçün yalnız sənət deyil, millət quruculuğuna xidmət edən böyük siyasət olduğunu duyurmuş. Cəfər Cabbarlının bütün universal bacarıqları və istedadını bağışladığı teatrımız həmin dövrdə bütün siyasi maneələrə rəğmən ondan gözlənən ali vəzifəni yerinə yetirmək, millət ruhunu bəsləyib şəkilləndirmək gücündə idi.

Çoxdandır ki, teatrımız daha həmin taqətdə deyil. Amma bəsirətli Cəfər əmin idi, axı teatr bütövlükdə mədəniyyətin, elə xalqın özünün də səviyyə nişanəsidir. Çox da bütün dövrlər üçün keçərli olan bu meyarı bəyan edən 16-17 yaşlı gənc idi. Axı bu sözləri deyən dahi idi. Axı pərdənin ardındakı sadəcə hər necə olarsa qəbul edilən səhnə deyil, cəmiyyətin özüdür! Axı biz də olmuşları və olanı görürük! Boşluqları doldurmaqçün Cəfərlər gərəkdir!

22 aprel 2026

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
525.az

1Источники