RU

Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklərdə nələr var?

Milli Məclisin iclasında “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin 1-ci oxunuşda müzakirəsi keçirilib.

Musavat.com-un məlumatına görə, layihəni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.

Komitə sədri bildirib ki, Prezident tərəfindən Milli Məclisə daxil olmuş layihə İqtisadi siyasət komitəsində geniş müzakirə olunaraq plenar iclasa tövsiyə edilib:

“Təqdim olunan qanun layihəsi sadəcə normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı deyil. O, bütövlükdə gömrük siyasətinin və tənzimlənməsinin keyfiyyətcə yeni mərhələyə keçidini əks etdirən, bunun üçün zəruri hüquqi reqlamentləri müəyyənləşdirən sistemli və konseptual sənəddir. Layihə mövcud Məcəllənin ümumi əsaslarını qorumaqla yanaşı, onu beynəlxalq ticarət münasibətlərinin müasir tələblərinə uyğunlaşdırır və nəticə etibarı ilə gömrük sistemində yeni bir səhifə açır.

Bəs gömrük qanunvericiliyinin yenilənməsi zərurəti nə ilə bağlıdır? Hər şeydən əvvəl, xüsusi vurğulamaq istərdim ki, gömrük sistemində nəzərdə tutulan köklü dəyişikliklikər öz-özlüyündə bir məqsəd deyil. O, həyata keçirilən institusional islahatların tərkib hissəsi olmaqla, səmərəli iqtisadi idarəetmənin, müasir gömrük inzibatçılığının, dayanıqlı iqtisadi inkişafa və sosial rifaha nail olmağın mühüm vasitəsidir.

Xatırlatmaq istərdim ki, hələ ötən ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib. Bu konsepsiya gömrük–biznes əməkdaşlığı çərçivəsində idarəetmənin təkmilləşdirilməsini, xarici fəaliyyətdə beynəlxalq ticarət-təchizat zəncirinin yeni tələblərinin nəzərə alınmasını, ticarətin asanlaşdırılmasını və ən əsası, sahibkarlara dövlət dəstəyinin daha səmərəli təşkil edilməsini hədəfləyir.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq “Etibarlı Tərəfdaş Konsepsiyası” çərçivəsində Dövlət Gömrük Komitəsi tərəfindən artıq köklü institusional dəyişikliklər həyata keçirilməkdədir. Təqdim olunan yeni layihə bu dəyişikliklər üçün müvafiq hüquqi baza yaradır”.

14RRnZsMb7aNxBSVUnsLd7f6wMtqNTQlKCs3PFlE_1200.jpg

Azər Əmiraslanov qeyd edib ki, layihəni həm də son illərdə qlobal iqtisadi münasibətlərdə və ticarət sistemində baş verən ciddi transformasiyalar da şərtləndirir:

“Belə ki, hətta ticarət müharibələri və məhdudiyyətləri fonunda beynəlxalq ticarət genişlənir və rəqəmsallaşır, təchizat zəncirləri daha mürəkkəb və həssas xarakter daşıyır, logistika və nəqliyyat infrastrukturu rəqabət qabiliyyətinin əsas faktorlarından birinə çevrilir. Bu reallıqda gömrük orqanları artıq yalnız nəzarət qurumu deyil, əsasən iqtisadi artımı dəstəkləyən, ticarəti asanlaşdıran, logistik sistemin səmərəli fəaliyyətini təşkil edən tənzimləyici təsisat kimi çıxış etməlidir. Yeni çağırışlar artıq daha çevik, daha rəqəmsal və daha inteqrasiya olunmuş gömrük tənzimlənməsini zəruri edir. Gömrük qanunvericiliyi həm də beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak edən, aparıcı tranzit ölkəsinə və logistik mərkəzə çevrilməyi hədəfləyən Azərbaycanın beynəlxalq ticarət sisteminə inteqrasiyasını təmin etməlidir. Müzakirə üçün təqdim etdiyimiz layihənin hazırlanması zərurətini məhz bu amillər şərtləndirib”.

Komitə sədrinin sözlərinə görə, təklif edilən dəyişikliklərin əsas fəlsəfəsi gömrük prosedurlarının liberallaşdırılmasından ibarətdir:

“Bu, həm də biznes üçün daha əlverişli mühitin yaradılması deməkdir. Belə ki, elektron bəyannamə mexanizmlərinin genişlənməsi, sadələşdirilmiş prosedurların tətbiqi, gömrük təmsilçiliyi institutunun modernləşdirilməsi sahibkarın inzibati yükünü azaldır. Konseptual olaraq bu layihə dövlətimiz tərəfindən həyata keçirilən institusional islahatları, şəffaflıq təşəbbüslərini, beynəlxalq logistika və tranzit sistemlərində iştirakla bağlı hədəflərimizi, rəqəmsallaşma strategiyasını tamamlayır.

Yeni gömrük tənzimlənməsi həm də iqtisadiyyatın şaxələndirilməsi siyasətini dəstəkləyir. Belə ki, sadələşdirilmiş prosedurlar ixracın stimullaşdırılmasına, qeyri-neft sektorunun inkişafına, yeni bazarlara çıxışın genişlənməsinə və nəticədə iqtisadi fəallığın artmasına şərait yaradır. Bir sözlə, təqdim etdiyimiz qanun layihəsini iqtisadi siyasətin, beynəlxalq ticarət münasibətlərinin və milli inkişaf prioritetlərinin kəsişmə nöqtəsində formalaşan, iqtisadi strategiyanın və institusional islahatların məntiqi davamı olan mühüm sənəd kimi dəyərləndiririk”.

Təqdim edilən layihənin gömrük sistemində hansı yenilikləri nəzərdə tutmasına gəldikdə, Azər Əmiraslanov bildirib ki, hər şeydən əvvəl gömrük tənzimlənməsinin fəlsəfəsi və konsepsiyası dəyişir:

“Əvvəlki model daha çox sərhəddə nəzarətə əsaslanırdı. Yeni model isə ticarətin asanlaşdırılmasına hədəflənməklə effektiv idarəetmə, tənzimləmə və nəzarət arasında balansın yaradılmasına yönəlib. Bu modeldə nəzarət zəiflədilmir, əksinə, daha hədəfli aparılır. Risk əsaslı yanaşma, post-audit mexanizmləri və elektron məlumat mübadiləsi vasitəsilə sərhəddə fiziki yoxlamalar azalır və ləngimələr aradan qalxır, eyni zamanda qanunvericiliyə riayət daha effektiv təmin olunur. Bu isə müasir gömrük idarəçiliyinin əsas prinsipidir. Həmçinin, gömrük sistemi üzrə anlayışlar yenilənir, onun dairəsi genişləndirilir və beynəlxalq standartlara uyğunlaşdırılır. Gömrük terminologiyasının dəqiq və sistemli verilməsi hüquqi boşluqları aradan qaldırır, şərh müxtəlifliyini azaldır, ​tətbiqetməni vahidləşdirir, sahibkar üçün qaydaları daha anlaşılan edir.

Əsas yeniliklərdən biri gömrük təmsilçiliyi institutunun modernləşdirilməsidir. Klassik broker modelindən fərqli olaraq, layihə birbaşa və dolayı gömrük təmsilçiliyi mexanizmlərini müəyyən edir. Bu, xidmət bazarında rəqabətin artmasına, sahibkarların seçim imkanlarının genişlənməsinə, xidmət keyfiyyətinin yüksəlməsinə, xərclərin azalmasına səbəb olacaq.

Elektron prosedurların genişləndirilməsi təşəbbüslərini gömrük sistemində mütərəqqi innovativ dəyişikliklər kimi dəyərləndiririk. Layihədə rəqəmsallaşma yalnız texniki məsələ kimi deyil, idarəetmə fəlsəfəsinin əsas elementi kimi çıxış edir. Elektron sənəd dövriyyəsi, məlumat mübadiləsi və avtomatlaşdırılmış proseslər, xüsusilə də elektron bəyannamələrin tətbiqinin genişləndirilməsi gömrük rəsmiləşdirilməsi prosesini sürətləndirir, şəffaflığı artırır, insan faktorunu və korrupsiya risklərini azaldır, inzibati xərcləri minimuma endirir”.

Komitə sədri deyib ki, təqdim edilən layihənin başlıca hədəflərindən biri logistika və tranzit imkanlarının genişləndirilməsidir:

“Bugünkü reallıqda Azərbaycanın coğrafi mövqeyi böyük strateji üstünlük yaradır. Lakin bu üstünlük yalnız infrastrukturla deyil, hüquqi və institusional mexanizmlərlə dəstəklənməlidir. Bu səbəbdən layihə tranzit prosedurlarını sadələşdirir, logistika zəncirinin fasiləsizliyini təmin edir, Ticarətin Asanlaşdırılması Mərkəzi kimi mexanizmlərlə xidmətlərin koordinasiyasını gücləndirir. Bu, xüsusilə Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının effektiv fəaliyyəti üçün mühüm hüquqi baza yaradır və ölkəmizin tranzit potensialının artırılmasına xidmət edir. Eyni zamanda səlahiyyətli iqtisadi operator institutunun rolu gücləndirilir. Etibarlı xarici ticarət iştirakçıları üçün sadələşdirilmiş prosedurların tətbiqi könüllü uyğunluq səviyyəsini artırır. Hər hansı bir mütərəqqi modelin və ya konsepsiyanın uğurla reallaşdırılması effektiv idarəetmə sisteminin və təşkilati mexanizmin qurulmasını tələb edir. Bu səbəbdən də layihədə gömrük orqanlarının institusional strukturu daha aydın müəyyən edilir. Aparat, struktur bölmələri və tabeli qurumların statusu daha dəqiq göstərilir ki, bu da gömrük idarəçiliyində hüquqi müəyyənliyi artırır”.

Deputat sahibkarların hüquqları üzrə təminatların konkretləşdirilməsini layihənin əsas cəhətlərindən biri kimi qeyd edib:

“Belə ki, audit prosedurları dəqiqləşdirilir, müddətlər konkret müəyyən olunur.
Gömrük borclarının icrası mexanizmlərinin gücləndirilməsi fiskal intizamı artırmaqla yanaşı, dövlət büdcəsi qarşısında öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklərin gömrük sisteminin modernləşməsinə şərait yaratdığını, mövcud prosedurları sadələşdirdiyini, biznes mühitini yaxşılaşdırdığını, ölkəmizin tranzit potensialını və qlobal ticarət sistemində mövqelərini möhkəmləndirdiyini nəzərə alaraq, layihənin 1-ci oxunuşda müzakirəsini və qəbul edilməsini məqsədəuyğun hesab edirik”.

Müzakirələrdən sonra layihə ilk oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com 

Избранный
4
musavat.com

1Источники