RU

​"ACCESSBANK"DA 30 MİN MANATLIQ QANUNSUZLUQ İDDİASI: VƏTƏNDAŞIN PULU HANSI ƏSASLA GİROV SAXLANILIR? - ŞİKAYƏT

Badamdar filialı və Baş ofis arasında "futbol topu"na dönən müştərinin fəryadı: İddia olunur ki, bank vətəndaşın borcu bağlansa da, qalıq vəsaitini geri vermir!

​Hakimiyyət.az-ın  redaksiyasına müraciət edən vətəndaş Rəhimli.S iddiasına görə, "AccessBank" QSC-də müştəri hüquqlarının kobud şəkildə pozulması və əsassız süründürməçilik faktı yaşanmaqdadır. Təqdim olunan məlumatlar bankın şəxsi mülkiyyət üzərində qanunsuz sərəncam verməsi şübhələrini artırır.

​BORC TAM ÖDƏNİLSƏ DƏ, 30 MİN MANAT "DONDURULUB"

İddia edilir ki, vətəndaşın hesabına alqı-satqı prosesi ilə ümumilikdə 66.800 manat vəsait daxil olub. Bank bu məbləğin 36.800 manatını dərhal tutaraq borcun əsas hissəsini qapadıb. Lakin ən müəmmalı məqam budur ki, vətəndaşın banka hələ 3 aylıq kredit öhdəliyi (qrafik üzrə) qalmasına baxmayaraq, qalan 30.000 manat vəsait də bloklanıb. Artıq 10 gündür vəsaitini ala bilməyən müştərinin sözlərinə görə, bankın Baş ofisi məsuliyyəti Badamdar filialının üzərinə atır, filial rəhbərliyi isə qərarın Baş ofisdən asılı olduğunu deyərək müştərini yollarda qoyub.

​BANK VƏTƏNDAŞIN PULLARINDAN XEYİR GÜDÜR?

Məsələnin hüquqi tərəfi bankın əleyhinədir. Belə ki, kreditin ödəniş vaxtı çatmamış və vətəndaşın gecikməsi olmadığı halda, bankın gələcək ayların ödənişini indidən "girov" saxlaması qanunsuzluq kimi qiymətləndirilir. İddia olunur ki, "AccessBank" bu yolla həm vətəndaşın 30.000 manatından faizsiz resurs kimi istifadə edir, həm də krediti qrafikdə saxlayaraq aylıq faizləri toplamağa davam edir. Heç bir rəsmi həbs və ya məhkəmə qərarı göstərilmədən vətəndaşın öz puluna "həsrət" qoyulması bank sektorunda ciddi özbaşınalıq şübhələri yaradır.

​MƏRKƏZİ BANKIN RƏHBƏRLİYİNDƏN MÜDAXİLƏ TƏLƏB OLUNUR

Mağdur vətəndaş Azərbaycan Respublikasının Mərkəzi Bankının rəhbərliyindən bu özbaşınalığa son qoyulmasını və "AccessBank"ın fəaliyyətinin hüquqi müstəvidə araşdırılmasını xahiş edir. Bildirilir ki, vətəndaşın qanuni mülkiyyətini rəsmi səbəb olmadan "girov" saxlayan bankın bu hərəkəti həm "Banklar haqqında" qanuna, həm də mülki qanunvericiliyə ziddir.

​Mövzu ilə bağlı "AccessBank"ın da mövqeyini və rəsmi izahatını dərc etməyə hazırıq. Məsələ redaksiyamızın xüsusi diqqət mərkəzindədir.

Избранный
29
hakimiyyet.az

1Источники