İsveçrədə 31 yaşlı Jonas Lauviner hüquq sistemindəki boşluqdan istifadə edərək 117 min kvadratmetr sahibsiz torpağı heç bir ödəniş etmədən öz adına keçirib və öz “krallığını” elan edib.
"Cebheinfo.az" xəbər verir ki, torpaq reyestrindəki qeydləri bir-bir araşdıran Lauvinerin, içərisində yaşayış komplekslərinə aid yolların da olduğu ərazilərdən gəlir əldə etməyə başlaması böyük mübahisələrə səbəb olub. O isə etdiklərini “qan tökmədim” deyərək müdafiə edib.
İsveçrədə yaşayan Lauviner ölkədəki hüquqi tənzimləmələrdən birini fürsətə çevirib. Qanunvericiliyə görə, torpaq reyestrində “sahibsiz” kimi qeyd olunan ərazilər bələdiyyəyə müraciət etməklə pulsuz şəkildə əldə edilə bilər.
Bu məqamı fərq edən Lauviner reyestr sənədlərini araşdıraraq sahibsiz sahələri müəyyənləşdirib. Topladığı torpaqların ümumi sahəsinin 117 min kvadratmetrə çatdığı, bu ərazilər arasında 83 müxtəlif yolun da olduğu bildirilir.
Lauvinerin sahib olduğu yolların bir qisminin yaşayış komplekslərində aktiv istifadə olunması yerli sakinlərlə bələdiyyələr arasında qarşıdurmaya səbəb olub. Gənc şəxsin bu yollardan istifadə edənlərdən “baxım haqqı” adı ilə ödəniş tələb etdiyi məlum olub.
Həmçinin iddialara görə, o, bu yolların ətrafında tikinti aparmaq istəyənlərdən keçid və icazə üçün də pul istəyib.
Özünü “kral” elan edən Lauviner prosesi “hərbi əməliyyat” kimi qiymətləndirib. Bütün prosedurları rəqəmsal şəkildə həyata keçirdiyini deyən Lauviner “qan tökmədən” bu torpaqlara sahib olduğunu bildirib.
Burgdorf şəhərində “sarayım” adlandırdığı binada fəaliyyət göstərən Lauvinerin, binanın önünə köhnə amfibiya tankı yerləşdirməsi də diqqət çəkib. O, İsveçrə dövləti üçün təhlükə yaratmadığını və konstitusiyalı monarxiyaların düzgün idarə olunarsa problem olmadığını qeyd edib.
Lauvinerin addımları siyasətçilər və yerli idarəçilər tərəfindən kəskin tənqid olunub. Bir bələdiyyə məclisi üzvü onun ələ keçirdiyi yollardan birini geri qaytarmaq üçün ya öz adının verilməsini, ya da 140 min funt sterlinq tələb etdiyini iddia edərək vəziyyəti “qalmaqal” adlandırıb. Hüquqşünas Loris Fabrizio Mainardi tərəfindən açılan “sui-istifadə” iddiası isə məhkəmə tərəfindən rədd edilib.
Artan reaksiyalardan sonra xüsusilə Bern kantonu başda olmaqla bir sıra bölgələr hərəkətə keçib. Yeni qaydalarla sahibsiz torpaqların ilk növbədə bələdiyyələrə təqdim olunması məcburi edilə bilər. Məqsəd oxşar halların qarşısını almaqdır.