RU

Azərbaycan güləşi Avropanı fəth etdi

Azərbaycanın qələbələrlə zəngin idman salnaməsinin bu günlərdə daha bir qürur doğuran səhifəsi yazıldı. Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında idmançılarımızın yunan-Roma, sərbəst və qadın güləşi üzrə fəxri kürsünün ən yüksək pillələrinə yüksəlmələri, komanda hesabında birinci yerə çıxmaları hər birimizi dərindən sevindirdi. Bu tarixi uğur respublikamızda güləşin ənənəvi idman növü kimi uğurla inkişafda olduğunu nümayiş etdirir.

Aprelin 30-da Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında Avropa çempionu olan idmançılarımızı və onların məşqçiləri ilə görüşü, onları bu tarixi uğur münasibətilə təbrik etməsi hər şeydən əvvəl Azərbaycan dövlətinin həyata keçirdiyi mütərəqqi idman siyasətindən xəbər verir. Ümumiyyətlə, dövlətimizin başçısının idmançılarla görüşləri müntəzəm xarakter daşıyır. İdmançılarımız hər dəfə beynəlxalq yarışlardan vətənə qələbə ilə qayıdanda cənab Prezident onları qəbul edərək şəxsən təbriklərini çatdırır. Belə görüşlər idmançılar və məşqçilər üçün əlavə stimul hissi yaradır, onların gələcək uğurlar üçün motivasiyasını artırır. Eləcə də hər ilin axırında dövlət başçısının idman ictimaiyyətinin nümayəndələri ilə artıq ənənəyə çevrilən görüşlərinin keçirilməsi mühüm ictimai-siyasi hadisə kimi yadda qalır. 

Prezident İlham Əliyevin Avropa çempionatından qələbə ilə vətənə dönən güləşçilərimizlə görüşü də idmana dövlət qayğısının təcəssümü olmaqla yanaşı, idmançılarımızı yeni yüksək nəticələr əldə etməyə ruhlandıran mühüm hadisədir. Güləşçilərimizi təbrik edən dövlətimizin başçısının qeyd etdiyi kimi bu qələbə bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir:

“Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir”.

Güləşçilərimizin Avropa çempionatında komanda hesabında çempion olması təsadüfi nəticə deyil. Bu uğur, eləcə də idmanın digər növləri üzrə əldə olunan nəticələr respublikamızda həyata keçirilən məqsədyönlü idman siyasətinin, idman infrastrukturunun yaradılmasının, peşəkar hazırlıq sisteminin məntiqi nəticəsidir. İdmanın yüksəlişi və kütləviləşməsi, Olimpiya hərəkatının geniş vüsət alması Azərbaycanın inkişaf strategiyasına uyğun olaraq dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsi olaraq respublikamızın idman tarixinin şərəfli səhifələri yazılıb. Cənab İlham Əliyevin həm də Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişafına təsir edən faktordur. Təsadüfi deyil ki, indiyə qədər idmançılarımız bütün Yay Olimpiya Oyunlarından vətənə medallarla dönüblər. İdmanın bir çox növləri üzrə Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında birinci yerə çıxaraq himnimizi səsləndirib, bayrağımızı ucaldıblar. Prezident İlham Əliyevin güləşçilərlə görüşdə dediyi kimi həm Olimpiya Oyunlarında, həm də dünya və Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər.    

Bu gün Azərbaycan yalnız regionda deyil, dünyada ən modern idman infrastrukturuna malik olan dövlətlərdən biridir. Cənab Prezident İlham Əliyevin inkişaf strategiyasının və idman siyasətinin nəticəsi kimi Bakıda, respublikamızın digər şəhər və rayonlarında möhtəşəm idman qurğuları, Olimpiya İdman Kompleksləri inşa olunub. Buna görə respublikamız indiyə qədər çoxsaylı mötəbər turnirlərə, dünya və Avropa çempionatlarına, o cümlədən Yay Olimpiya Oyunları standartlarına uyğun olan Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq yarışlara ev sahibliyi edib. Hətta artıq respublikamızda qış idman növlərindən olan xizək yarışları da keçirilir. Bu yarışların hər birində Azərbaycan ev sahibliyinin ən mükəmməl nümunələrini yaradıb. Eyni zamanda bu idman hadisələrinin hər biri Azərbaycanı dünyada həm də idman dövləti kimi tanıdıb. 

Azərbaycanı idman dövləti kimi tanıdan amil əlbəttə ki, həm də idmançılarımızın beynəlxalq yarışlardakı nailiyyətləridir. Prezident İlham Əliyevin idman siyasətinin nəticəsi kimi respublikamızda idmana maraq daha da yüksəlib, uşaqların, yeniyetmələrin və gənclərin idmanla məşğul ola bilmələri üçün ən müasir standartlara uyğun şərait formalaşdırılıb. Nəticə etibarilə bir çox perspektivli yeniyetmə və gənclərimiz idmanın müxtəlif növləri üzrə özlərini təsdiq edə biliblər. 

İdman həm də insanda yüksək mənəvi keyfiyyətlər formalaşdırır. Atalarımız da «Sağlam bədəndə sağlam ruh olar» deyib. Yüksək nəticələr göstərən idmançılar isə həm də hər bir cəmiyyət üçün nümunə sayılırlar. Prezident İlham Əliyevin güləşçilərlə görüşdə toxunduğu məsələlərdən biri də məhz bununla bağlı oldu. Dövlətimizin başçısının qeyd etdiyi kimi çempionların cəmiyyətdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirmələri medallardan heç də az əhəmiyyət daşımır. Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi dövrdə belə halların baş vermədiyini qürurla qeyd etməsi isə bütövlükdə xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. 

Azərbaycan gəncləri Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən qəhrəmanlardır. Mötəbər yarışlarda qazanılan qələbələr isə döyüş meydanındakı zəfərimizin idman meydanındakı davamıdır. Prezident İlham Əliyevin güləşçilərlə görüşdə qeyd etdiyi kimi idmançılarımızda qələbə əzmi çox güclüdür, qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir. Əminliklə deyə bilərik ki, idmançılarımız bundan sonra da öz qələbələri ilə xalqımızı sevindirəcək, Azərbaycanı hər zaman zirvələrə ucaldacaqlar. 

Xanlar Fətiyev

Milli Məclisin deputatı

Избранный
40
4
missiya.az

6Источники