RU

Vuçiçdən ilginc Bakı açıqlaması: Sonrakı hədəf Pekindir dedi Nə baş verir?

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Serbiya Prezidenti Aleksandr Vuçiç yaxın zamanda Azərbaycana səfər edəcəyini bildirib. Vuçiç bunu ölkəsi üçün ən mühüm səfər adlandıraraq ikinci vacib səfərini Çinə edəcəyini açıqlayıb. Serbiya lideri səfərlə əlaqədar iqtisadiyyat nazirinin artıq Çində təxminən on gün vaxt keçirdiyini, digər nazirlərin də ora gedəcəyini qeyd edib.

Azərbaycan səfəri Serbiya üçün niyə birinci dərəcəli əhəmiyyətlidir? Vuçiç Bakıdan sonra Pekinə getməklə nəyə nail olmağa çalışır?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Aleksandar Vuçiçin Azərbaycana səfərini bu şəkildə təqdim etməsi həm ikitərəfli münasibətlərin, həm də Serbiyanın xarici siyasətində artan çoxvektorlu yanaşmanın göstəricisidir:

“Serbiya hazırda Avropa İttifaqına inteqrasiya kursunu davam etdirməklə yanaşı, enerji təhlükəsizliyi, investisiya və geosiyasi balans baxımından alternativ tərəfdaşlıqlara da ciddi önəm verir. Bu kontekstdə Azərbaycan Serbiya üçün təkcə enerji təchizatçısı deyil, həm də Qafqaz və daha geniş Avrasiya məkanında strateji körpü rolunu oynayan aktor kimi çıxış edir. Bakı ilə münasibətlərin prioritetləşməsi ilk növbədə enerji təhlükəsizliyi ilə bağlıdır, çünki Serbiya Rusiya qazından asılılığını azaltmaq üçün yeni marşrutlar və təchizatçılar axtarır. O baxımdan Azərbaycanın Avropaya qaz ixracı imkanlarının genişlənməsi Belqrad üçün real alternativ yaradır və bu, sırf iqtisadi deyil, həm də siyasi müstəqillik elementi kimi qiymətləndirilir.

Həmçinin Azərbaycan Serbiya üçün Qərblə Rusiya arasında balans siyasəti aparan ölkə modelinə yaxın bir tərəfdaşdır. Belqrad eyni zamanda Qərbin sanksiya təzyiqləri və Kosovo məsələsi səbəbilə mürəkkəb diplomatik vəziyyətdədir. Buna görə də Azərbaycan kimi həm Qərblə, həm də regional güclərlə praqmatik münasibətlər qura bilən ölkələrlə əməkdaşlıq Serbiya üçün siyasi manevr sahəsi yaradır. Vuçiçin Bakı səfəri həm də silah sənayesi, infrastruktur və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu, Serbiyanın iqtisadi diversifikasiya strategiyasının tərkib hissəsidir və Vuçiç ona görə “birinci dərəcəli səfər” adlandırır”.

Yusif Bağırzadə

Ekspert deyib ki, Bakıdan sonra Pekinə planlaşdırılan səfər daha geniş miqyaslı geosiyasi və iqtisadi məqsədlərə xidmət edir:

“Çin hazırda Serbiya üçün ən böyük xarici investorlardan biri olmaqla yanaşı, eyni zamanda infrastruktur layihələrində əsas tərəfdaşlardandır. Çinə səfər çərçivəsində həm yeni investisiya paketlərinin, həm də “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində logistika və sənaye layihələrinin müzakirə olunacağı gözlənilir. Vuçiçin hökumət üzvlərini əvvəlcədən Pekinə göndərməsi də danışıqların artıq texniki mərhələdə olduğunu göstərir. Bu isə Serbiyanın Çinlə əməkdaşlığı taktiki deyil, strateji səviyyəyə qaldırmaq niyyətini ortaya qoyur.

Əslində, Vuçiçin Bakı və Pekin səfərlərini ardıcıl şəkildə planlaşdırması Serbiyanın xarici siyasətində üç istiqamətli balans modelini əks etdirir. Avropa İttifaqı ilə inteqrasiya, Rusiya ilə ənənəvi əlaqələrin saxlanması və Çin-Azərbaycan xətti ilə yeni iqtisadi-siyasi tərəfdaşlıqların qurulması. Bu model Belqradın tək bir güc mərkəzinə bağlanmaq istəmədiyini və çoxqütblü dünya sistemində manevr qabiliyyətini artırmağa çalışdığını göstərir.

Başqa sözlə desək, Azərbaycan səfəri Serbiya üçün enerji təhlükəsizliyi və regional diplomatik balans baxımından prioritetdir, Pekin səfəri isə daha geniş miqyaslı investisiya və strateji tərəfdaşlıq imkanlarını açır. Bu iki səfərin ardıcıl planlaşdırılması Vuçiçin xarici siyasətində iqtisadi praqmatizm ilə geosiyasi balansın bir-birini tamamladığını göstərir və Serbiyanın yaxın illərdə daha çevik, çoxşaxəli diplomatik kurs izləyəcəyinə işarə edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
icma.az

2Источники